Kitab mağazalarına “od püskürdülər”:“40 faiz çoxdur, elə bil, müəlliflə yarıbayarı işləyiblər”


Dünən gənc şair Ulucay Akif  AzTV-də “Çıxışa doğru” verilişinin qonağı olub. Ölkədə kitab nəşri ilə bağlı mövcud vəziyyət müzakirə olunub. “Ali and Nino” kitab evinin təsisçisi Nigar Köçərli də qonaq qismində iştirak edib. U.Akif "Ali and Nino" da daxil olmaqla, bütün kitab mağazalarının yerli müəlliflərin kitablarının satışından 40 faiz gəliri mənimsəmələrinə irad bildirib. N.Köçərli isə, 18 faiz ƏDV, 10 faiz mənfəət vergisi ilə mağazaya 12 faiz gəlirin qaldığını vurğulayır.

Kitab sənayesi ölkədə zəifdir. Yuxarı qurumlardan oxucuya qədər struktur düzgün qurulmayıb. Mağazaların kitabları baha qiymətə satması həm oxucular, həm də müəlliflər tərəfindən müsbət qarşılanmır. 

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən şair Şəhriyar del Gerani həmin məsələlərin çoxdanın həlli tapılmayan problemi olduğunu bildirib:

“Dünən Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İmişli rayon Mərkəzi Kitabxanasındakı görüşdə iştirak etdim. Bu barədə sosial şəbəkədə məlumat paylaşdım. Təxmini 20 bölgədən onların rayonuna niyə gəlmədiyimi yazıblar. Mexanizm olmalıdır ki, tək mənim yox, bir neçə yazıçı və şairin kitabını çıxarsın, rayonlarda görüş olsun. Bunu  həyata keçirə biləcək İcra Hakimiyyətinin və Mədəniyyət idarələrinin humanitar şöbələri var. 50 rayon bir müəllifin 100 kitabını alsa, 5 min nüsxəni bir ilə həll etmək olar. Burada müəllif də qazanar,icra strukturları fəaliyyət göstərər, ortada iş olar.  Bir sözlə, sənaye də işləyər. Oxucuların da kitaba marağı artar. Deyək ki, bir insan rayonda olur. Baxır, Bakıya gəlmək üçün əlinə nə zaman fürsət düşəcək. Müəlliflə necə görüşsün?”.

 O, kitab evlərinin müəllifdən 40 faiz gəlir götürməsinə qarşı olduğunu vurğulayıb:

“Buna etiraz olaraq 2015-ci ildən bəri hansısa mağazaya kitab vermirəm. Sadəcə, imza günlərini izləmək və ya hansısa müəssisə kitabımı alır, oxucularla görüş təşkil edir, ora gedirəm. Əlbəttə, 40 faiz çoxdur. Elə bil, müəlliflə yarıbayarı işləyiblər”.

Şair adiyyəti dairələrin bu cür məslələrə biganəliyindən bəhs edib:

“Guya bunları dedim, “yuxarılar” buna fikir verəcək? Axı, onlar istəmir, bizim millət kitab oxusun. Xalq da kitab oxumamağa görə adekvatdır. Hər tərəf natamamdır deyə bir-birlərini tamamlayırlar. Eyni sözləri neçə illərdir, deyirəm. Diqqət yetirmirlər. Təkrar etməyə adam utanır”.

Cəmilə ƏZİM