Əslində hüquqşünas olmaq istəmişdim. Onda hələ yeddinci sinifdə oxuyurdum, hüquq fakultəsində oxuyan qardaşımın tələbə yoldaşı “hüquqşünas” qadın peşəsi deyil deyib, məni bu fikrimdən yayındırmışdı. Sonra bir ara həkim olmaq istədim, onda da anam “sən qandan qorxursan, səndən həkim olmaz” deyib, həvəsimi öldürmüşdü. Mən evin sonbeşiyiyəm, o zaman ailəmizdə böyük bacı və qardaşlarım müəllim, hüquqşünas, jurnalist, həkim ixtisaslarına yiyələnmişdi.
Mənim isə bu dəyişkən istəklərimlə yanaşı hər zaman içimdə bir ədəbiyyat sevgisi, yaradıcılıq ruhu vardı. Orta məktəbdə oxuyanda gözəl inşalar yazırdım, Allah vergisi təbii ki, həm də ədəbiyyat müəlliməmin rolu danılmazdır. Məktəbimizdə keçirilən bütün ədəbi-bədii proqramların öncüsü idim.
Altinci sinifi bitirib yay tətilində Yardımlı rayonuna gənc jurnalist mütəxəssis kimi təyinatı verilən bacım Rəhilənin yanına getmişdim. Orada qaldığım üç aya yaxın müddətdə bir jurnalist həyatının nə qədər maraqlı, sıradan olmadığını anladım. Bəzən bacımla çalışdığı “Yeni kənd” qəzetinin (rayonun yerli qəzeti) redaksiyasına gedir, iş yoldaşlarının maraqlı söhbətlərini dinləyirdim, bəzən də evdə oturub ona yaşıma uyğun bacardığım yeməklərdən bişirib, səbirsizliklə yolunu gözləyərkən maraqlı şeirlər oxuyaraq bu romantik həyatın zövqünü yaşayırdım. Yardımlıda çox yerlərə apardı bacım məni, xeyli gəzdirdi, həyətdə də “jurnalist xanımın bacısı” deyirdilər mənə, əzizləyirdilər, qonaqpərvər insanları var, bacımı da çox sevirdilər. Orada yaşadığım o qədər gözəl xatirələrim var ki, həm də həyatımı dəyişən... Yardımlıdan döndükdən sonra öz-özümə dedim ki, mən də jurnalist olacam, bacım kimi. Onu da deyim ki, mən ard-arda iki yay tətilimi orada keçirdim, Viləşin sahilinə də getdim, Güney Azərbaycanın sərhəddinə də... Bəlkə də bu xatirələr məni daha da duyğulandırdı və mən başladım kiçik kiçik yazılar yazmağa, ilk yazım da o zamanın “Azərbaycan pioneri” qəzetində dərc olundu. Sonralar isə həvəslə jurnalist bacım Rəhilənin müxtəlif mətbu orqanlarda dərc olunan məqalələrini oxuyur və əzbərləyirdim. Onu da deyim ki, onları əzbərləməyə xüsusi zaman ayırmırdım, sadəcə zövqlə oxuyurdum. Bacım dilimizin bütün gözəlliklərindən istifadə edərək müxtəlif janrlarda o qədər aydın, axıcı üslubda yazır ki, mən onun dilindən bütün təsvirləri, təşbeh və epitetləri ilə yaz gecələrinin həzinliyini də, yazıb yaradanların qəlb çırpıntılarını da duydum, həbsxana divarları arasında qadın zərifliyini də hiss etdim, dərdli anaların qəlbində hər il bir boy cücərən həsrəti də, başında həsrətin ağ çiçəkləri açanları da anladım və bu yazılar beynimə həkk olundu.
İlk dəfə 21 yaşımda “Ekonomiks” qəzetində professor Saleh Məmmədovla müsahibəm dərc olunanda o qədər xoşbəxt olmuşdum ki, bacımın mənə “bu hələ ilkdir, sən daha gözəl yazılar yazacaqsan” deməsi məni çox cəsarətləndirmişdi, bacım mənim stimulum oldu. Aradan 25 il keçməsinə rəğmən, mən müxtəlif mediya orqanlarında çalışsam da bacım mənim ədəbi məktəbimdir.
Azərbaycan İlahiyyat İnstitutunda redaktor işləyən Rəhilə Misirxanovanın sabah 61 yaşı tamam olur. Ustadımı təbrik edirəm, sağlamlıq və yenə də sağlamlıq arzulayıram, çünkü ən çox buna ehtiyacı var. Əziz bacım, səni çox sevirəm, hər yazımda görünməyən imzan var, bu da sənə kiçik ərməğanım olsun.
Yaqut Misirxanlı
İstanbul