Qazi-yazarın "Alabaş" və "Qara mamba" kitablarının təqdimatı keçirilib - FOTOLAR

İyun ayının 21-də "Libraff" kitab mağazaları şəbəkəsinin " Park Akademiya" filialında  Xüsusi Təyinatlı gizir,  qazi-yazar Zaur Bayramoğlunun "Alabaş" və "Qara mamba" kitablarının təqdimat və imza mərasimi keçirildi. 

"Sherg.az" xəbər verir ki, tədbirdə Zaur Bayramoğlu yaradıcılığını sevərlər, ədəbi ictimaiəyyət və media nümayəndələri,  Vətən müharibəsinin və  ədibin "Qara mamba" kitabına daxil olan "Pusqu" povestinin real qəhrəmanları olan Xüsusi Təyinatlı zabitlər və onların istehkam müəllimləri baş gizir Yavər Qabulov, müəəlifin hal-hazırda üzərində işlədiyi "Fədailər" trilogiyasının real qəhrəmanları Ramin və Rza Yunusov qardaşları və b. iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan "Libraff"ın PR mütəxəssisi, bloger Sərxan Rüstəmov iştirakçılara Zaur Bayramoğlunun yaradıcılığı haqqında məlumat verərək, sözü qazi-yazarın özünə verdi. Hər iki yeni kitabı haqqında əsas məlumatları oxucuları ilə bölüşən müəllif Zəfər savaşında Hadrutun azad edilməsindən bəhs edən "Pusqu" povesti haqqında ətraflı danışdı və əsərin real qəhrəmanları kapitan Nicat Əbdürrəhmanovu, baş gizir Hamid İsayevi,  gizir Mahir Məmmədovu iştirakçılara təqdim etdi. Xüsusi Təyinatlıların təqdimata gəlişləri kimi, çıxışları da iştirakçıların alqışları ilə qarşılandı.

Tədbirdə filoloq-tərcüməçi, şairə Sədaqət Əhmədova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, Yevlax rayonunda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusif qızı, 1990-cı illərdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda təqaüddə olan Ramiz Tağıyev, müharibə başlayandan bu günə kimi qazi və şəhid ailələrinin daimi ziyarətçisi, şəhidlər haqqında bir çox yazıların və video-çəkilişlırin müəllifi Aytən Məmmədova, "libraff"ın nəşrlər üzrə məsləhətçisi Əminə İbrahimli çıxış edərək, 1-ci qrup hərbi əlil olan Zaur Bayramoğlu Muradovu digər yazarlamızdan fərqləndirən xüsusiyyətləri, əvvəlcə silahı, hal-hazırda isə qələmi ilə daim Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrundakı yorulmaz və nikbin mübarizliyindən, Vətən qəhrəmanlarının hünərini tərənnüm etmək və onların qəhrəmanlıq tarixini əbədiləşdirmək yolundakı inadkar və əzmli zəhmətindən, bir hərbçi və tarixçi kimi bu mövzularda nümayiş etdirdiyi dərin biliyindən və bir yazar kimi bədii istedadının gücündən  heyranlıqla söz açdılar, onun Azərbaycan əsgərinin mübariz siması olmasından qürur duyduqlarını ifadə etdilər.

Sonda Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad edən tədbir iştirakçıları müəlliflə və qazilərimizlə, eləcə də təqdimatla bağlı səmimi təəssüratlarını bölüşdülər, qazi-yazar Zaur Bayramoğlu Muradovun gənclərimizə hərbi vətənpərlik ruhunda yazılan əsərləri detektiv əsərlər kimi sevdirmək yolunda böyük iş gördüyünü təqdir etdiklərini bildirdilər. Tədbirin sonunda Zaur Bayramoğlu və onun Xüsusi Təyinatlı qazi-qəhrəmanları müəllifin kitablarını oxucular üçün imzaladılar.