Görüşümüzə dörd saat vaxt qalmışdı. Saat iki tamamda Ömərin bağ evinə yığışmalıyıq. Bu gün Ömərin altmış yaşı tamam olur. Altmış illiyini qeyd etmək üçün onu çox çətinliklə razı salmışdıq. Ümumiyyətlə, Ömər abi təmtəraqlı ad günlərini, yubileylər keçirməyi xoşlamaz, sadəliyə üstünlük verər. Həmişə deyər: “Təmtəraqlı məclislərdə özümü rahat hiss etmirəm. İnsan ona rahat olana üstünlük verməlidir“. Bugünkü tədbirimiz yığcam bir məclis olacaq. Adəti üzrə Ömər abimin qardaş-bacısı, Qönçə xanımın qardaşı, bir də biz - uşaqlar. Ömər abimin evində keçirilən müxtəlif məclislərdə eyni adamlar iştirak etdiyi üçün təxminən qırx ilə yaxın, müntəzəm davam edən bu görüşlər bizi bir-birimizə sıx bağlayaraq doğmalaşdırıb. Özümüzü evimizdəki kimi rahat, sərbəst hiss edirik. Ömər abimin altmış yaşı bu gün tamam olsa da, mənə elə gəlir ki, o, altmış yaşı iyirmi-otuz il əvvəl tamamlayıb. Cavan yaşlarında belə təmkinli davranışı, ağıllı məsləhətləri, tövsiyələri ilə bizdən həmişə fərqlənib. Məhz bu fərqliliyinə görə onu özümüzə büyük qardaş bilmişik. Ömərə abi deməyimizin də əsas səbəbi, məncə, budur.
Tez-tez saata baxırdım. Əqrəblərin üzərinə sanki ağır bir daş qoyublar, yerindən tərpənə bilmirdi. Dörd saat mənim üçün bir ilə dönmüşdü. Müəyyən səbəblər üzündən xeyli vaxt idi ki, uşaqlarla görüşmürdük. Ömər abimin yubileyi görüşümüz üçün bəhanə oldu. Bir-birimizə deyiləsi o qədər sözlərimiz, bir-birimizdən alınası o qədər məsləhətlərimiz vardı… Zarafat deyil, qırx ilin sınaqlarından, imtahanlarından keçmiş, bərkimiş bir dostluğumuz var. Bu dostluğun bünövrəsini tələbəlik illərində qoymuşuq. Həyəcanla, intizarla vaxtın tez gəlməsini gözləyirəm. Sanki daxilimdə mənəvi bir aclıq hiss edirdim. Ömər abimin ağıllı məsləhətlərini, Həmidin baməzə zarafatlarını, lətifələrini, Vaqifin sazının sehirli səsini, yanıqlı avazını eşitmək üçün. Həmişə Allaha dua edirəm, bu birliyimizi pozmasın, itkimiz olmasın. Şükürlər olsun, dördümüz də altmışa çatdıq. Otaqda var-gəl etməkdən yorulub divanın bir küncündə əyləşdim. Əllərimi başımın üzərində çarpazlayıb, - deməli, Ömər abimin bu gün, beş gündən sonra mənim altmış yaşım tamam olur. Bu altmış yaş necə gəldi, necə keçdi, xəbərsiz-ətərsiz. Sanki uzun müddətdir yuxuda idim, birdən-birə ayıldım. Altmış yaş bir igidin ömrüdür. Yadıma bir bayatı düşdü:
Əzizim, altmışdı,
Əlli yox, altmışdı.
Əlli səni silkələr,
Oyadan altmışdı.
Doğrudan da, əlli nə qədər silkələsə də, oyada bilməmişdi. Altmış sinəmə çökdü, oyatmamış əl çəkmədi. Oyatdı, ayaq üstəyəm. Altmışda insan ömrünün ən məsuliyyətli dövrünə- ahıl yaşına qədəm qoyur. Bu illərdə adına yeni adlar-Ağsaqqal, Ağbirçək adları əlavə olunur, əgər o adları qazana bilsən. Vaxtilə o adları daşıyanlar böyük ehtiram, hörmət sahibləri idi. Bu adlar verilən müxtəlif titullardan daha qiymətli, daha məsuliyyətli idi. Bu adları saxlamaq üçün haqqın yolunu tutub ömrünün sonuna kimi ədalətə yol yoldaşı olmalısan. Əks halda, bir anda itirə bilərsən. Ağsaqqal, Ağbirçək adını daşıyanların günahları cavanlardan fərqli olaraq bağışlanılmazdır. İttiham olunurmuş kimi günahları üzlərinə vurulurdu. “Ağsaqqal kişisən, Ağbirçək qadınsan“. Yəni sənin günah işləməyə haqqın yoxdur. Ağsaqqal məclisə daxil olanda hamı ayağa qalxıb ona yuxarı başda yer göstərərdi. İndi artıq onlara olan hörmət, ehtiram imkanlı, varlı-pullu qarasaqallara yönəlib. Ahıllığın ilk pilləsinə qədəm qoyuram. Ömrümün altmış ilinin axırıncı vərəqlərini beş gündən sonra çevirəcəm. Geriyə dönüb, ömür yoluma nəzər salıb öz-özümü təftiş etmək istədim. Yarım əsr əvvələ yol aldım. Zaman necə dəyişib. Hər şeyi dəyişdirib. Zaman o zaman deyil. Bu düşüncədə ikən daxilimdə bir səs qopub məni ittiham etməyə başladı: ”Niyə bu gün olanlarda zamanı günahlandırırsınız? Rəbbim sizi yaratdığı bütün yaradılanlardan üstün yaratdı. Sizi yer üzünün əşrəfi etdi. Sizi sizə etibar edib yer üzünə əmanət göndərdi. Əmanətə xəyanət etdiniz. İnsana xas bütün özəlliyi, gözəlliyi itirdiniz. İnsanlığı hayvani xislətə qurban verdiniz. Canavar kimi acgöz, tülkü kimi hiyləgər, ilan kimi zəhərli, şir kimi vəhşiyə çevrildiniz. Sizə aid olmayan mala-mülkə canavar kimi hücum çəkdiniz, vəhşi kimi parçaladınız. Sizin olmayana sahibləndiniz. Haqqı, ədaləti itirənlər, get-gedə insanlıqdan uzaqlaşaraq təbiətə divan tutmağa başladılar. Təbiət yaralandı, bir yerindən yox, neçə yerindən. Təbiətin dəngəsi pozuldu. Yaralı təbiət sərvətini, gözəlliyini vəhşiləşmiş, ona divan tutmuş insanlardan qoruya bilmədi. Artıq təbiət də vəhşiyə dönüb. Qəzəbindən yeri-göyü yandırıb-yaxır. İnsana ram olmaq istəmir. Təbiət ona düşmən olan insanla üz-üzədir”. Günahkar idim. Cavab verə bilmirdim. Üz-üzə dayandığımız fəlakətin günahkarı hamımız olsaq da, heç kəs günahına sahib çıxmırdı. Günahımız yetim uşaq kimi ortada qalıb. İçimdəki, məni ittiham edən səsi susdurmağa çalışırdım. Ancaq bacara bilmirdim. Bir-birinin ardınca üzümə ittihamlar vururdu. Başımın içərisi sanki dumana bürünmüşdü. Tez evdən çıxıb bir az hava almaq istəyirdim. Zərifə gözümə dəymədi. Yataq otağının qapısını açanda Zərifənin hələ də ev patlarında fırlandığını gördüm. Sanki mənə inad hazırlığını ləngidirdi. Özümdən asılı olmadan, incik halda səsimin tonunu bir az yüksəldərək:
- Sən niyə hazırlanmamısan, uşaqlar gözləyir axı? Yaxşı deyil.
- Aydın, altmış-yetmiş yaşında deyillər ki, uşaqlardır. Gözləyirlər, gözləsinlər. Bir az geciksək, dünya qopmaz ki!
Sonra ciddiləşib:
- Aydın, mən bilən, Həmidin, Vaqifin altmış yaşı keçən il tamam oldu. Ömər abimin bu gün, səninki də beş gündən sonra tamam olur. Mən başa düşə bilmirəm, siz niyə böyümək istəmirsiniz, hələ də uşaq olaraq qalırsınız? Nə qədər özümü saxlamağa çalışsam da, varlığımdan qarşısını ala bilmədiyim gülüş qopdu. Daxilimdəki gərginlik azaldı. Beynimin içindəki duman, çən seyrəlməyə başladı. Başımı qaldırıb Zərifənin üzünə baxdım, ürəyimdə: “Nə yaxşı, həyatımda sən varsan!“.
-Aydın, inan doğru sözümdür, bizim uşaqlardan çox, sən öz uşaqlarını istəyirsən. Darıxma, bir az səbir et, on dəqiqəyə hazır olacam.
- Mümkünsə, tez ol, nəsə ürəyimdə bir sıxıntı var. Tez çıxaq, bir az ayaqla gəzərik.
Zərifə təlaşla:
- Necə? Nə sıxıntı?
Dediyimə peşman oldum. Zərifə olduqca həssas insandır. Onu təlaşlandırdığım üçün peşman oldum. Sonra əlavə edib ,- Narahat olma, sənin hazırlığını tezləndirmək üçün elə dedim. Zərifə cəld asılqandan geyəcəyi paltarı çıxarıb çarpayının üzərinə aldı. Bildim ki, on dəqiqə desə də, beş dəqiqəyə hazır olacaq. Daxilimdəki gərginlik azalsa da, nədənsə, narahat idim. Yataq otağımın qapısını örtdüm. Elə bu zaman ev telefonu zəng çaldı. Telefona baxa-baxa qalmışdım. Dəstəyi qaldırmaq istəmirdim. Elə hiss etdim ki, görüşümüzə mane elə bu telefon zəngi olacaq. Telefon susmaq bilmirdi. Tərəddüd içərisində idim. Zərifə dəstəyi götürmədiyimi görüb, - Aydın, dəstəyi niyə götürmürsən? - deyə təəccüblə üzümə baxdı. İstər-istəməz dəstəyi qaldırmalı oldum:
- Alo
- Salam, Aydın.
Səs xırıltılı, tanış səs idi.
- Salam.
Ancaq kimliyini müəyyənləşdirə bilmirdim. Telefondakı onu tanımadığımı hiss edib:
- Aydın, Səlimdir. Necəsən? Uşaqlar necədir? Cib telefonunun nömrəsini bilmədiyim üçün evə zəng vurdum, nə yaxşı ki, nömrəni dəyişməmisən Aydın, səninlə vacib işim var. Təcili görüşməliyik. Maşını göndərəcəm, həyətdə səni gözləyəcək.
Məndən cavab gözləmədən telefonu məşğula atdı:
- Düt-düt-düt…
Səlimin səsində bir təlaş, həyəcan vardı. Bilmirəm, nədənsə həmişə xoşa gəlməyən, məni üzəcək hadisələri əvvəlcədən hiss edirəm. Dilxor olmuşdum. İyirmi ildən artıqdır, Səlimlə nə görüşmüşük, nə əlaqəmiz var. Vacib işin bu gündə, bu saatda olmalı idi? Fikirləşə-fikirləşə qalmışdım. Getmək istəmirdim. Əhvalım tamam pozuldu. Ancaq necə getməyim? Səsində bir təlaş, bir həyəcan vardı. Görəsən, o vacib iş nədir axı? Otaqda var-gəl edə-edə, fikirləşə-fikirləşə qalmışdım. Səlimin vacib işi Ömər abinin yubileyi ilə əlaqədar beynimdə qurduğum xəyallarımı bir anda alt-üst etdi. Bu iki kəlmə sanki beynimi əsir almışdı. Düşünə bilmirdim. Səlim vəzifəyə gedəndən sonra iki-üç dəfə zəng vurub məndən kimlərinsə telefon nömrəsini istəmişdi. Vəssalam. O gündən bu günə kimi əlaqəmiz olmayıb. Otağın qapısı açıldı. Zərifə hazır idi. Əlində çanta yataq otağından çıxdı. Mənim narahat olduğumu görüb, həyəcanla üzümə baxıb telefon danışığının nədən ibarət olduğunu təxmin etməyə çalışırdı. Necə təxmin edə bilərdi ki, mən özüm heç nə bilmirdim. Bircə onu bilirdim ki, Səlimin zəngi əhvalıma əməlli-başlı soğan doğradı. Zərifə otağın ortasında sakitcə məni izləyirdi. Eyvana çıxdım. Həyətdə son model qara rəngdə “BMW” markalı maşın dayandı. Hiss etdim ki, maşın Səlimindir. Çünki otuz ildir bu binada yaşayıram, həyətimiz heç vaxt belə bahalı maşın üzü görməyib. Günəşin şüaları maşının üzərinə düşərək sanki onu alova bürümüşdü. Otağa keçdim. Zərifə narahat, həyəcanlı halda, - Aydın...- sözünün arxasını gətirə bilmədi. Qeyri-ixtiyari pencəyimi götürüb geyinə-geyinə, - Bir saata gəlirəm, - deyib, tələsik pilləkənlərlə enib həyətə çıxdım. Sürücü mənim maşına yaxınlaşdığımı görüb, maşından düşüb mənlə görüşdü. Sonra maşına əyləşdik. Maşın yerindən quş kimi tərpəndi. Yol boyu nə sürücü bir kəlmə danışdı, nə mən bir kəlmə söz soruşdum. Lal-dinməz tıxaclarda ləngidikcə olan-qalan səbrim tamamilə tükəndi. Hara gedirəm, nəyə gedirəm? - deyə öz özümə tez-tez sual verirdim. Sanki bu plansız görüşün ortaya çıxmasının günahkarı sürücü idi. Səlimlə universiteti bərabər qurtarmışdıq. Səkkiz il Akademiyanın Fizika İnstitutunda bir şöbədə işlədik. Dostluğumuzun imtahanından kəsilənlərdən biri də Səlim oldu. Bizə bildirmədən doktorluq müdafiəsi ərəfəsində elm dəftərini qapayıb məsul vəzifəyə getdi. Görünür, elmin çətin, əzablı yolları onu tez yordu. Vəzifənin məsuliyyəti deyil, səlahiyyəti, şöhrəti daha çox onu özünə çəkdi. Bizdən tamamilə uzaqlaşdı. Artıq onun öz çevrəsi vardı. Mənlə nə vacib işi ola bilərdi ki? Bu düşüncə beynimi tamam yormuşdu. Başımı çevirib maşının pəncərəsindən bayıra baxdım. Deyəsən, bura Pirşağı bağlarıdır. Fikrimi dəqiqləşdirmək üçün sürücünün üzünə baxdım. O elə bil maşında özündən başqa bir nəfərin də olduğunu tamam unutmuşdu. Mənə tərəf bir dəfə də olsun, baxmadı. Nəhayət, maşın qala divarına bənzər, hündür hasarlı, nəhəng dəmir qapının qarşısında dayandı. Hasar o qədər hündür idi ki, içərisində nə olduğunu bilmək mümkün deyildi. Sürücü cibindən açarı çıxarıb dəmir qapını açdı. Maşını həyətə sürdü. Hər ikimiz maşından düşdük. Özü də qapının bir küncündə dayandı, yəni “mən işimi bitirdim”. Birdən-birə mənim görmədiyim, tanış olmadığım mənzərə ilə qarşılaşdığım üçün özümü itirdim. Hara gəldiyimi dərk edə bilmirdi. Hara getməli idim? Hara gəlmişdim? Mənə elə gəlirdi ki, məni buraya, bu sehirli məkana gözəgörünməz bir varlıq gətirmişdi. Qala divarı həyəti ətraf mühitdən tamamilə tədric etmişdi. Mən də yaşadığım dünyadan təcrid olunmuşdum. Başımın üzərində ancaq səma görünürdü. Həyətə nəinki quş, hava belə daxil ola bilmirdi. Yazın ilk ayları olsa da, həyət çox bürkü idi. Həyətin ortasındakı möhtəşəm saray şah sarayına bənzəyirdi. Ancaq şah sarayından fərqli olaraq, burada nə şahın əyanları, nə xidmətçiləri, nə də keşikçiləri gözə dəyirdi. Bir insan gözə dəymirdi. Bu boyda saray nə qədər möhtəşəm olsa da, o qədər miskin və yazıq görünürdü. Birdən mənə elə gəldi, saray ağlayır. İnsan nəfəsinə, insan nəşəsinə, sevincinə həsrət qaldığı üçün ağlayır. Bir anda mənə elə gəldi ki, insansız möhtəşəm saray da, həyət də, həyətdə düzəldilən adlarını belə bilmədiklərim, görmədiklərim - hər şey bir anda dəyərsiz, mənasız bir heç oldu. Tərpənə bilmirdim. Sanki yerə mıxlanmışdım. İçimdə qəribə bir titrəyiş vardı.Bu nə idi? Başa düşə bilmirdim. Üzüm də titrəməyə başladı. Əllərimlə üzümü möhkəm-möhkəm sıxdım. Bu vaxt haradansa həyətdə bir nəfər göründü. Telefonda eşitdiyim xırıltılı səslə, - Aydın, niyə dayanmısan, gəlsən?- Səlim idi. Ancaq Səlimdən əsər-əlamət qalmamışdı. Səlim yaşlanmamış, tamam qocalmışdı. Küçədə rast gəlsəydim, əsla tanımazdım. Səlim məndən cəmi iki yaş böyük idi. Özümü elə itirmişdim, yerişimi də yeriyə bilmirdim. Addımımı atmaq istəyəndə ayaqlarım bir-birinə dolaşdı, az qaldı, üzü üstə yerə dəyəm, özümü güclə saxladım. Öz-özümü danlamağa başladım: “Axı sənə nə olub?” Bilmirəm. Bircə onu bilirəm ki, heç vaxt arzulamadığım, can atmadığım, mənə yad bir dünyanın içərisinə düşmüşəm. Qəfəsə salınmışam. Çıxmaq üçün çabalaya-çabalaya qalmışam. Səlim ağır-ağır yeriyərək mənə tərəf gəldi. Rəngi sapsarı idi. Mənə yaxınlaşıb görüşdü. Sonra qolumdan tutub həyətdə düzəltdikləri haqqında mənə bir-bir məlumat verirdi. Mən sakitcə qulaq asırdım. Ancaq heç nə eşitmirdim. Sonra əlavə edib,- Aydın, həyətə yaxşı-yaxşı bax,- dedi. Öz-özümə: “Axı niyə yaxşı-yaxşı baxmalıyam? Həyət bəyəm həyət idi? Ucu-bucağı görünməyən kolxoz sahəsinə bənzəyirdi”.
- Bilirsən, Aydın, bu həyəti çox çətinliklə düzəltmişəm. Qonşuların evləri ilə birlikdə həyətlərini də qanı-qiymətinə alıb həyətimə qatdım. Ona görə bir az genişdir. Ancaq onu da sənə deyim ki, evin bir mərtəbəsi yerin altında, dörd mərtəbə yerin üzərində, beşinci mərtəbədə isə heç nə düzəltmədim. Fikirləşdim ki, uşaqlar nə istəyirlər, özləri düzəldərlər. Evin divarları dörd qat daşla hörülüb. Arxasında, yerin altında böyük su çənim var, yadımdan çıxıb neçə tonluqdur, ancaq onu bilirəm ki, dünyada su qurtarsa da, o çəndə su qurtarmaz.
Gözüm kəlləmə çıxdı. Necə yəni dünyada su qurtarsa? Nə isə demək istədim, amma ağzımı aça bilmədim. Səlim ara vermədən hey danışırdı.
- Aydın, bu bağ evini sürücüdən, ailəmdən başqa heç kəs bilmir. Heç bacılarımın da, qardaşlarımın da bundan xəbəri yoxdur. Bilən kimi elə biləcəklər ki, mənim pulkəsən maşınım var. Hərəsi bir tərəfdən üstümə cumacaq. Qohum-əqrəba da bilmir. Düşünüb-daşınıb sənə bildirməyi qərara aldım.
Ürəyimdə:
- Kaş mənə də bildirməyəydin.
- Aydın, özün bilirsən ki, uşaqlardan fərqli olaraq həmişə sənə xüsusi münasibətim olub. Ona görə sənə etibar etməyi düşündüm.
Səlim həyətdəki dəm-dəstgahı bir-bir göstərib geniş məlumat verdikdən sonra birdən nə isə yadına düşdü. Məni sarayın sol tərəfinə apardı. Hovuzunu göstərdi. Hovuz günəşin şüaları altında xumarlanıb yatırdı. Sanki nəyi isə gözləyib, gözləyib, axırda yorulub yatıb. Birdən mənə elə gəldi ki, burada hər şey qəfəsə salınıb. Hovuz da, bu möhtəşəm saray da, həyətdə nə düzəldilmişdi, hamısı. Qəfəsdəkilərə ürəyim ağrıdı, yazığım gəldi. İnsanın istifadəsi üçün olduqları halda, qəfəsə salınmışdılar. Artıq baxdıqlarımın heç birini görmürdüm. Görmək də istəmirdim. Tezliklə Səlimin vacib işinin nə olduğunu öyrənib buradan uzaqlaşmaq istəyirdim. Uşaqlar məni gözləyəcəklər. Səlim həyətdəki dəm-dəstgahı haqqında geniş məlumat verdikdən sonra məni sarayın birinci mərtəbəsinə gətirdi. Qarşımızdakı qapının küncündəki düyməni basdı, qapı taybatay açıldı. Lift bizi dördüncü mərtəbəyə qaldırdı. Səlim birdən nəyi isə xatırlayıb,-Aydın, bayaqdan yadımdan çıxıb, xahiş edirəm, telefonunu söndür, - dedi. Səlim nə deyirdi, robot kimi yerinə yetirirdim. Telefonu söndürdüm. Ancaq varlığımı bir-birinə qarışıq hisslər bürümüşdü. Həyəcan, gərginlik, bir az da deyəsən qorxu.
Dördüncü mərtəbə altı otaqdan ibarət idi. Üç otaq sağda, üç otaq solda, arada uzun dəhliz vardı. Səlim otaqları bir-bir mənə göstərdi. Hər otaqda insanın yaşaması üçün ehtiyacı olan hər cür şərait vardı. Otaqlar bəzəkli gəlinə bənzəyirdi. Bəzənib-düzənib yarını gözləyən gəlinə. Otaqların içərisində qəribə bir soyuqluq var idi. İnsanın varlığını üşüdürdü. Bir anlıq insansız dünyanı təsəvvürümə gətirdim. İndi dərk etdim ki, insansız saray da, dünya da - hər şey bir heçdir. Deməli, hər şeyi gözəl bilən yaradan yer üzünü gözəlləşdirmək üçün yer üzünün əşrəfi olan insanı yaratdı. Yaradan gözəl yaratsa da, çox təəssüflər olsun ki, biz yaradılanlar bu gözəlliklərə baxsaq da, görüb dərk etmədik. Görüb dərk etsəydik, bu gün təbiətin, insan mənəviyyatının tarmar olduğunun şahidi olmazdıq.
Səlim otaqların təmiri üçün materialları hansı ölkələrdən gətirdiyini sadalayırdı. Açıq-aydın hiss edirdim ki, beynim bu qala divarı kimi hasara alınıb, heç nə içəri daxil ola bilmirdi. Səlim danışdıqca key-key üzünə baxırdım. Ağlım, fikrim həm uşaqların, həm də Zərifəni nigaran qoyduğum üçün onun yanında idi. Səlim dörd mərtəbənin dördündə də eyni proyekt olduğunu, yalnız divar kağızlarında fərqlilik olduğunu bildirdi. Sonra üzünü mənə tutub:
- Dördüncü mərtəbə Afiqindir. On ildən artıqdır, Amerikada yaşayır. Bu on ildə bir dəfə Bakıya gəlib, o vaxt hələ bu evi tikdirməmişdim. Deyirəm, heç olmasa, bu evin xatirinə gəl. Bir bax gör necədir? Xoşuna gəlirmi? “Yaxşı, yaxşı” deyir, hələ də gələcək. Son bir həftədə xəbər tuta bilməmişəm, telefonu bağlıdır. Bu işlərimi qaydaya salım, deyəsən, özüm gedəsi olacam. Gedim görüm, neyləyir? Nə işlə məşğuldur? Ondan çox nigaranam.
Aqillə Aynur Londonda yaşayırlar. Aqilə şirkət açmışam. Aynurun gözəllik salonu var. Maşallah, onlardan nigaran deyiləm, başlarını sallayıb işləri ilə məşğuldurlar. Həm də anaları yanlarındadır. O ki qaldı mənə, sağlığına mən də millətə xidmət edirəm. Üstəlik, öz-özümü də idarə edirəm. Qulluqçum filanım da yoxdur. Maşallah, Telmanın əlindən hər iş gəlir. Sürücünü deyirəm. O idarə edir. Səlim üçüncü mərtəbənin Aqilin, ikinci mərtəbənin Aynurun, birinci mərtəbənin Afətlə ona aid olduğunu bildirdi. Sonra da gənclikdə uşaqlara yan-yana üç villa tikdirdiyini bildirdi.
Bilmirəm haradansa uşaq vaxtı şahidi olduğum bir əhvalat yadıma düşdü. Kəndimizdə çox kasıb, çoxuşaqlı bir ailə vardı. Kəndin ağsaqqalı ona bir qoyun bağışladı. Yazıq kişi ailəsi ilə birlikdə qoyunun başına dolanırdılar. Qoyun da onların əməyini itirməyib hər il əkiz bala verirdi. Balalar böyüdü, onlar da bala verməyə başladı. Nəhayət, qoyunların sayı iyirmiyə çatdı. Kişi qoyunlarını otarmağa aparanda elə bilirdi, dünyanın var-dövlətinə sahibdir. Fərəhlənirdi, sevinirdi. Bir gecə canavar hücum edib, qoyunların hamısını öldürüb leşini leş üstə yığır. Səhər qoyunlarını o vəziyyətdə görən yazıq kişi havalanmışdı. Ağlaya-ağlaya deyirdi:
- Ay Allahın heyvanı, qoyunlar səndən nə qədər yekədir, biri səni doydurmazdımı? Niyə onların hamısını dişinə keçirib böyrü üstə yığdın? Məni yazıq günə qoydun?
Deməli, canavarın xisləti belə imiş. Varlığım ürpənirdi. Saat ikiyə işləyirdi. Biz üçüncü mərtəbəyə endik. Səlim izahını davam etdirirdi:
- Dörd mərtəbənin dördü də bir-birini eynidir. İstəyirsən, baxaq.
Mən qəti etirazımı bildirdim. Aynurun ikinci mərtəbəsinə enib Səlimlə Aytənin birinci mərtəbəsinə düşdük. Saata baxdım: ikiyə qalıb. Hələ də Səlimin məni niyə çağırdığını bilmirdim. Səlim mənim qolumdan tutdu, həyətə çıxdıq. Niyəsə birdən başımı qaldırıb üzünə baxdım, rəng-ruhu xoşuma gəlmədi. Üzündə qəribə bir ifadə vardı. Nə qədər büruzə verməməyə çalışsa da, hiss olunurdu. Təlaş, qorxu. Bu qorxunun, təlaşın səbəbi nə idi, bilmirəm. Ona yazığım gəldi:
- Gərək uşaqların birini yanında saxlayaydın.
- Yox əşi, sən nə danışırsan? Burada qalıb neyləyəcəklər?! Aydın, sənə bir fincan çay da təklif edə bilmədim. İnşallah, məsələ tezliklə həll olunsun, mən sənə bir qonaqlıq borclu, haqq-hesabın da öz yerində.
Qonaqlığı başa düşdüm, ancaq haqq-hesab məsələsi nə idi, onu başa düşmədim. Key-key üzünə baxdım, məni başa düşdü:
- Aydın, səni daha artıq maraqda qoymaq istəmirəm. Səninlə vacib iş: bu evi satıram, təcili. Ona görə evin bütün incəlikləri ilə səni tanış etdim.
Öz-özümə, - axı bunun mənə nə dəxli var?
- Bu məsələni qohumlarıma bildirə bilmirəm. Sənə dedim. Onların bu evdən xəbərləri yoxdur. Maklerə də deyə bilmirəm. Bilirsən də, onların bəziləri jurnalistlərlə əlbir olurlar. Jurnalist nə bilir ki, bu hündürlükdə hasarın içərisində nə var, nə yox. Maklerlər şəklini çəkib onlara ötürür. Onlar da maşallah, biri iki edib, dörd mərtəbəni səkkiz mərtəbə, iyirmi dörd otağı qırx səkkiz otaq, hovuzu da, yəqin, ceyran, cüyür gölü adlandırıb qəzetlərinin reytinqini qaldırmaq üçün maraqlı xəbər kimi yayırlar. Ona görə də çox düşünüb-daşındım, belə qərara gəldim ki, evin satış işi ilə sən məşğul olasan. Ancaq səndən bir xahişim var, uşaqlar bilməsin.
Qəribə vəziyyətə düşmüşdüm. Dillənə də bilmirdim. Səlimdə bir əminlik vardı. ”Əgər mən bu işi Aydına tapşırıramsa, canla-başla yerinə yetirəcək”. Nəyə görə belə əmin idi? Bilmirəm. Səlim saatına baxdı:
- Mənim də işim var. Altmış iki yaşında dil öyrənirəm. Saat iki tamamda müəlliməm iş yerinə gələcək. Özüm istəmədim nə bağa, nə evə gəlsin. Sənə baxma. Qadın tayfası ağzını möhkəm tuta bilmir.
Gördüklərini daha da şişirdib orda-burda danışar. Köpək uşaqları, Afiqin uşaqlarını deyirəm, ingilis dilində elə danışırlar, elə bil ingilisin törəmələridir. Bir kəlmə də Azərbaycan dilində bilmirlər. Qorxdum ki, bu dil problemi bizi bir-birimizdən qoparıb ayırsın. Axırda öyrənməyə məcbur oldum. İki ildir hazırlaşıram. Sudan çulumu çıxarıram. Afət maşallah, təmiz bilir. Evdə ancaq ingilis dilində danışırlar. Bilirəm, dil məsələsi sənin yaralı yerindir.
Səlim birdən danışığına ara verib nəyi isə xatırladı:
- Aydın, yadındadır, tələbə vaxtı bir qutu düzəltmişdin. Kim rus kəlməsi işlətsə idi, o qutuya on qəpik pul atdırardın. Dərsdən çıxanda qutunu universitetdə xadimə işləyən Kübra xalaya verərdin, dərsə gələndə qutunu ondan alıb pəncərənin önünə qoyardın. Ayın sonunda hamımız birlikdə qutunu açıb, sayıb, hərəmiz bir hissəsini götürüb kağız pula dəyişdirərdik. Ömər həmişə təqaüdündən o pulun üzərinə əlavə pul qoyardı. O pulla ehtiyacı olan, kasıb tələbələrə bayramlarda qrupun adından pencək, köynək, ayaqqabı alıb hədiyyə verərdik.
Səlim sonra gülə-gülə:
- Ən çox məni cərimələyərdin. O on qəpikləri yığsaydım, ikinci belə bir saray tikdirərdim. Qardaş, zarafat öz yerində. Mənim əhatəmdə olanların əksəriyyəti özləri vaxtilə Azərbaycan dilində oxusalar da, uşaqları rus, nəvələri indi ingilis dilində oxuyur. Gəl, indi dilini qoru, görüm necə qoruyacaqsan. Dilimizin taleyi ördək, balıq, xərçəng məsələsinə dönüb. Qardaş, “palaza bürün, elnən sürün”. Dili qorumaq sənlə mənə qalmayıb.
Bir söz demədən təəssüflə üzünə baxdım. Səlim saatına baxdı:
- Aydın, mən gecikirəm. İki tamamda iş yerində olmalıyam.
Müəllimə ikidə məni gözləyəcək. Tələsməsəydim, səni də aparardım. Sürücü sənə bir taksi çağırar.
- Yox, yox,sağ ol. Zəhmət çəkmə. Siz gedin, mənim başqa işim var.
Həyətdən çıxanda sevinirdim. Qəfəsdən canımı qurtarırdım. Ancaq qalanların hamısına elə yazığım gəldi ki, az qalırdım, ağlayam. Möhtəşəm şah sarayının da, hovuzun da, ucu-bucağı görünməyən kolxoz sahəsinin də - həyətdə nələr varsa, hamısının qapıları üzlərinə bağlanıb qıfıllandı. Səlimin özündən xəbəri yox idi. Səlim də öz-özünü qəfəsə salmışdı. Sürücü maşının arxa qapısını açıb dayanmışdı. Səlim maşınına minmək istəyəndə geri çevrildi, üzünü mənə tutub:
- Aydın, çalış, o məsələ tez həll olunsun. Son zamanlar ürəyimin “şıltaqlığı” da ara vermir. İşlərimi qaydaya salım, əməlli-başlı müalicə götürəcəyəm.
Üzünə baxdım. Təlaşlı olduğunu hiss etdim. Niyə? Səbəbini bilmirdim. Ancaq nədənsə, ona yazığım gəldi. Birdən-birə dilim açıldı:
- Səlim, hər şeyi bir yana qoy, özünə fikir ver. Ürəklə zarafat etmək olmaz.
Gülümsəyib:
- Mütləq nəzərə alaram. Ancaq Aydın, səndən xahiş edirəm, o məsələ ilə ciddi məşğul ol. Mən sənə zəng vuracağam.
Səlim maşına oturdu. Sürücü qapını örtdü, məndən uzaqlaşdılar. Geri çevrildim, qala divarından, bir də nəhəng dəmir qapıdan başqa heç nə görmədim. Tezliklə buradan uzaqlaşmaq istəyirdim. Ancaq hiss edirdim ki, özüm bu qəfəsdən azad olsam da, düşüncəm, ağlım qəfəsdə qalmışdı. Nə qədər əlləşirdim, onları qəfəsdən qurtara bilmirdim. Yaxınlıqdan keçən taksini saxladıb mindim. Mənə elə gəlirdi ki, məni məndən alıblar. Özümdə deyildim. Başımı sağa-sola silkələyib iki əllərimin arasında sıxdım. Sürücü məndən nə isə soruşurdu. Cavab verə bilmirdim. Susurdum. Sürücü təkrar bir də soruşdu:
- Ünvanı deyərdiniz.
Başımı möhkəm silkələdim. Gözlərimi döyə-döyə qalmışdım. Evimizin ünvanını belə xatırlaya bilmirdim. Birdən gözüm güzgüdə məndən cavab gözləyən sürücünün gözlərinə sataşdı. Qorxduğunu hiss etdim. Gözləri böyümüşdü, az qalırdı, hədəqəsindən çıxsın. Sürücü daha heç nə soruşmadan yolu “tutub” gedirdi. Birdən hündürdən, - Mətbuat prospekti,- sürücü diksindi, - xahiş edirəm, bir az sürəti artırın. Saata baxdım, üçün yarısı idi. Zərifə binanın qarşısında dayanıb sağa-sola baxırdı. Hiss etdim ki, çox həyəcanlıdır. İndi yadıma düşdü ki, telefonum bağlıdır. Onun nələr keçirdiyini təsəvvürümə belə gətirə bilmirdim. Məni görəndə uşaq kimi boynuma sarıldı:
- Şükür, çox qorxdum.
Qolumdan möhkəm yapışmışdı. Sanki məni kimsə əlindən alacaqdı. Diqqətlə üzümə baxdı. İki saat yarım ərzində olanları bilmək istəyirdi. Başımı yırğalayıb, əllərini ovcumun içinə alıb yüngülcə sıxdım. Məni başa düşdü. Artıq heç nə soruşmadı. Sürücüyə:
- Novxanı bağlarına.
Nəhayət, Ömər abimin bağ evində çatdıq. Həyət qapısı taybatay açıq idi. Yer üzü, üç otaqlı evin həyətini dövrəyə almış, qızılgüllərin ətri meh əsdikcə hər tərəfə yayılırdı. Uşaqlar qızılgülləri seyr edirdi. Ömər abim qızılgül aşiqi idi. Dünyanın hansı qızılgül növünü desən: müxtəlif rəngli, müxtəlif ətirli, abimin bağında görərdin. Biz həyətə daxil olanda Ömər abim kəfkirlə ocağın üzərindəki bozartma qazanını qarışdırırdı. Abimin nə zaman qonağı olsaydı, “olmazsa olmazı”-mütləq öz əlləri ilə ocaqda bozartma bişirərdi. İndi də adəti üzrə kəfkirlə ocağın üzərindəki bozartma qazanını qarışdırırdı.
Bizi görən kimi sevindi. Kəfkiri ocağın yanındakı ləyənin içərisinə qoyub bizə yaxınlaşdı. Diqqətlə üzümə baxıb mənə sarıldı.
- Aydın, hər şey qaydasındadır?
- Narahat olma, abi, qaydasındadır.
- Çox narahat olduq, telefonun bağlı, hara getdiyini Zərifə xanıma bildirməmisən?
Mənim susduğumu görüb tez səsinin ahəngini dəyişərək:
- Bir saatdır, süfrə bizi gözləyir. Günahdır. Süfrəyə buyurun. Biz süfrəyə əyləşənə kimi Ömər abi axırıncı dəfə bozartma qazanını qarışdırıb ocağın üzərindən götürdü. Qazanın altından qıpqırmızı odun közlərini maşa ilə samovarın odluğuna salıb sonra süfrəyə yaxınlaşdı. Qönçə xanımla birlikdə bizə “xoş gəldin” deyib əyləşdi. Qönçə xanım gülə-gülə üzünü Ömər abimə tutub,- Ömər, xahiş edirəm, icazə verəsən, heç olmasa, bozartmanı boşqablara çəkmək xoşbəxtliyi mənə nəsib olsun. Ömər abi də zarafata-zarafatla,- bir halda ki, xahiş edirsən, icazə verildi. Bu incə zarafat hamının keyfini qızılgülün ləçəkləri kimi vərəq-vərəq açdı. Əlində boşqablar bozartma qazanına tərəf gedən Qönçə xanım birdən geri döndü. Süfrəyə yaxınlaşıb:
Hamınızdan bir xahişim var. İki gündür, gecəli-gündüzlü təamlar hazırlamışam. Əvvəlcə ondan nuş edin. Ömərin bozartması süfrəyə gəldimi, o təamları dadan olmayacaq.
İçimizdə zarafatcıl olan Həmid:
- Narahat olmayın, Qönçə xanım, siz bozartmanı gətirin. Biz sadəcə bozartmanın üzünə baxıb sizin hazırladığınız təamları nuş edəcəyik.
Hamımız güldük. Zərifə üzünü Ömər abimə tutub:
- Abi, sizin bu məşhur bozartmanın bişirilməsini mümkünsə, bizə də öyrədin. Allah sizə sağlıqlı, uzun ömür versin. Bu bozartmanın əziyyətini siz nə qədər çəkəcəksiniz?
Ömər abi gülümsəyib:
- Qönçə xanım otuz beş ildir, nə qədər əlləşirsə, öyrənə bilmir. İndi ki, siz öyrənmək istəyirsiniz, onun birinci sirri ocaqda bişməsi, ikinci, ət bişərkən onun bir anı var. Ət şirəsini verir, o anı gərək düzgün tutasan, yoxsa ocaqdan tez götürsən, olacaq bozbaş, gec götürsən olacaq qızartma. Çoxları elə zənn edir ki, əti suda bişirəndə olur bozartma. Əsla elə deyil.
Qönçə xanım gülümsəyib:
- Ömər, sən canın, bu bozartmanı az təriflə.
- Hm... Ona görə otuz beş ildir əlləşsən də, öyrənə bilmirsən.
Bu xoş münasibətlər, zarafatlar sanki fikrimin, düşüncəmin qəfəsini birdən-birə sındırdı. Özüm də, fikrim, düşüncəm də azad olmuşdu. Mənə elə gəlirdi ki, iki saat bundan öncə gördüklərim yuxu idi. O yuxunu əsla xatırlamaq istəmirdim. Qönçə xanım bozartma dolu boşqablar süfrəyə gətirdikcə qablar anında boşalırdı. Süfrədəki təamlar üzümüzə baxa-baxa qalmışdı. Ömər abi süfrədəki təamlara nəzər salıb, Qönçə xanıma sözaltı baxıb, dodaqaltı qımışırdı. Ürəyim birdən-birə elə dolmuşdu ki, az qalırdım ağlayam. Ömər abimə bərk-bərk sarılmaq istəyirdim. Qeyri-ixtiyari ayağa durdum. Bir xeyli susub özümü toparladım. Bilirəm, abim təmtəraqlı sözləri, şəninə deyilən tərifləri xoşlamır. Yəqin, altmışın xatirinə mənə bir-iki kəlmə deməyə icazə verər.
- Rəhmətlik nənəmin nəvələrinə tövsiyə etdiyi, tez-tez təkrarladığı sözləri yadıma düşdü. Deyərdi:
“Çalışın həmişə yaxşı insanların əhatəsində olun, yaxşı insanla yoldaşlıq edin. Səndə olan qüsurları, xətaları, əyər-əskikləri yaxşı insandan üzərinizə düşən damcılar yavaş-yavaş yuyub aparacaq. Pisdən uzaq durun, səndə yaxşı olan nə varsa, pisdən üzərinizə düşən damcılar yavaş-yavaş yuyub aparacaq. Səni də özünə oxşadacaq. Sən də olacaqsan onun tayı”. Ömər abim nənəmin dediyi, tövsiyə etdiyi yaxşı insanlardandır. Bizi biz edən onun üzərimizə düşən damcıları oldu.
- Əstafurullah, Aydın, ağ eləmə, - deyə Ömər müdaxilə etdi.
- Abi, xahiş edirəm, icazə ver, ürəyimdəkiləri axıracan deyim. Abi, mən sənin necə savadlı alim olduğundan, ən ağır şöbəni necə idarə etdiyindən, işçilərinə, ümumiyyətlə, insanlara xüsusi qayğı və diqqətindən danışmıram. Sözümü yekunlaşdırıb onu deyirəm ki, ey gözəl insan, Rəbbim səni qarşımıza çıxartdığına görə şükürlər olsun. Heç zaman birliyimiz, dostluğumuz pozulmasın. Allah sənə istədiyin qədər sağlıqlı, uzun ömür qismət etsin.
Hamı bir ağızdan:
- Amin!
- Aydın, dediyin xoş sözlərə görə çox sağ ol! Ancaq bu tək mənə yox, hamımıza aiddir. Birtərəfli heç nə uzunömürlü olmur. Bununla da, məncə, məclisimizin birinci hissəsini bitmiş hesab edək.
Qadınlar hamısı bir nəfər kimi ayağa durub süfrəni yığışdırmaqda Qönçə xanıma kömək etdilər. Ocağın qıpqırmızı közləri sinəsinə dolan samovar elə coşmuşdu ki, sanki bu dəqiqə ayaq tutub yeriyəcək. Qönçə xanım masaya təmiz süfrə saldı. Süfrəyə bişirdiyi cürbəcür şirniyyatları, mürəbbələri düzdü. Həmişə məclisimizin ikinci hissəsi çay süfrəsi arxasında keçərdi. Əsasən, problemlərimizdən, uğurlarımızdan, dünyada baş verən hadisələrdən söhbət açar, müzakirə edərdik. Ən axırda Ömər abi fikrini bildirərdi. Mütləq fikrinin sonunda “Ola bilsin, fikrimdə yanlışlıq olsun. Bu mənim düşüncəmdir”. Bəzən söhbətlərimiz, müzakirələrimiz o qədər uzanırdı ki, beynimiz tamam yorulardı. Danışmağa gücümüz belə qalmazdı. O zaman məclisimizin bədii hissəsi başlayardı. Bu gün də məclisimizin həmin məqamında idik. Hamımız tamam yorulmuşduq. Ömər abi kiçik nəvəsi Cavidə başı ilə nə isə işarə etdi. Cavid bir anda evə cumub əlində saz geri döndü. Ömər abi gözəl saz çalırdı. Ancaq nədənsə, Cavid sazı babasına yox, Vaqifə verdi. Vaqif gülə-gülə ,- apar, babana ver, - sonra əlavə etdi, - Abi, ənənəni pozmayaq. Məclisin bədii hissəsinin açılışını həmişə sən etmisən. Sən başla, mən davam etdirərəm. Ömər abi bir söz demədən sazı götürüb ehtiramla sinəsinə sıxdı. ‘’Ruhani’’nin sehirli səsi həyəti bürüdü. Uşaqlı,böyüklü hamı bu sehirli səsin əsiri olmuşdu. Hamı yerində otursa da, heç kəs yerində deyildi. “Ruhani” bizi bizdən alıb hərəmizi bir tərəfə aparmışdı.
“Ruhani” bitdi. Ancaq ruhumuz hələ də getdiyi yerdən geri dönməmişdi. Vaqif verdiyi sözə əməl edərək sazı Ömər abimdən alıb bir-birindən gözəl saz havalarına qəlbləri oxşayan gözəl avazına qovuşduraraq bağın sərin yaz gecəsində sehirli, sirli bir aləm yaratmışdı. Mən sazın səsinin yaratdığı möcüzənin sehrini, sirrini bu günə kimi heç bir musiqi alətində duymamışam. Mizrab simə toxunan kimi, sazın tellərilə bərabər ürəyimin tellərinə toxunub çalır. Bəlkə də, məndə bu duyğu dünyaya göz açdığım gündən eşitdiyim ilk musiqi sədası olduğu üçün yaranıb. Sazın səsi hamımızı elə ovsunlamışdı ki, gecənin necə keçdiyindən belə xəbərimiz yox idi. Artıq gec idi. Hamımız ayağa durduq. Qönçə xanım ayağa durduğumuzu görüb üzünü bizə tutaraq:
- Gəlin, daşı ətəyinizdən töküb gecəni qalın. Gecə deyəndə, səhərin açılmasına üç saat qalıb. Yatacaq üçün də narahat olmayın. Rəhmətlik qayınanam bağ üçün on dəst yorğan-döşək düzəldib, hamıya çatar.
Ömər abi də Qönçə xanımın sözünə qüvvət verərək qalmağımızı xahiş etdi. Artıq əziyyət vermək istəmədiyimizi bildirib, təşəkkür edib bağdan ayrılarkən Qönçə xanım:
- Yaxşı, bu dəfə siz deyən olsun, ancaq beş gündən sonra hamınızı bağda gözləyirik. Aydın yəqin ki, bizə əziyyət verib bağdan şəhərə getməyimizə razı olmaz. Ömərin bozartma qazanı buğlana-buğlana yanında samovar hay-həşir sala-sala sizi gözləyəcək.
Ömər abi üzünü mənə tutub:
- Aydın, Qönçə xanımın sözünü yerə salsan, səndən inciyər, həm də möhkəm.
- Abi, sizə əziyyət vermək istəmirik.
- Heç bir əziyyəti yoxdur. Gözləyəcəyik!
Onların xahişini yerə sala bilmədim. Razılaşıb bağdan ayrıldıq. Evə çatanda səhərin açılmasına iki saat yarım vaxt qalmışdı. Yatağıma uzandım, ancaq yata bilmədim. Yuxum ərşə çəkilmişdi. Beynimi bürüyən duman, çən yavaş-yavaş çəkilirdi. Mənə elə gəlirdi ki, Səlimlə telefon danışığımız da, onun bağı, bağında gördüklərim hamısı yuxu idi. Ancaq indi dərk edirdim, zəng də, gördüklərim də yuxu filan deyildi. Səlimin mənimlə vacib işi də qəfəsə saldığı şah sarayını satmaq imiş. Həm də təcili. Niyə? Onu bilmirdim. Görünür, mənim bilmədiyim, Səlimin bildiyi qaranlıq məsələlər var. Səlim məndən gizlətməyə çalışsa da, daxilindəki narahatlıq, tədirginlik hiss olunurdu. Axı Səlim məni tanıya-tanıya satış işini niyə mənim boynuma qoysun? Mənim alış-veriş işindən nə başım çıxır? Tutalım, satmaq istədim, kimə? Mənim tanıdıqlarım, ətrafım sadə həyat tərzi keçirən, kitab, elm əhlidir, gözlərini kitabla yuman, kitabla açan insanlardır. Dəbdəbəli həyatı nə görüb, nə də arzusunda olublar. Bütün sülaləm, ətrafım da birləşsə, nəinki sarayı, həyətini belə almağa gücləri yetməz.
Səlimlə görüşümüzdən bir həftə keçməsinə baxmayaraq, bu müddət ərzində zəng vurmamışdı. Təəccüb qalmışdım. Narahat olmağa başladım. Başımda cürbəcür fikirlər dolaşırdı: “Bəlkə, mən zəng vurum?”. Bu zaman cib telefonum zəng çaldı. Əmin idim ki, bu zəng Səlimindir, ancaq zəng vuran Ömər abim idi.
- Salam, Aydın, necəsən?
- Salam, abi. Şükür, yaxşıyam. Sən necəsən?
- Yax…şı…yam. Aydın, səhər-səhər istəməzdim belə bir xəbər verim. Ancaq məcburam. Səlim iki gün əvvəl dünyasını dəyişib. Sürücüsü səhər-səhər Səlimi işə aparmağa gələrkən onun cansız bədəni ilə qarşılaşıb. Saxlamaq mümkün deyil, bu gün dəfn olunacaq. Ailəsi xaricdədir. Nə vaxt gələcəkləri də dəqiq bilinmir. Həmidlə Vaqifə də de. Sağ ol. Düt-düt-düt…
Telefon qulağımda donub qalmışdım. Belə bir hadisənin olacağını əvvəlcədən hiss edirdim. Düşünürəm, insan həyatına zəhmətsiz, əziyyətsiz daxil olan maddiyyat, var-dövlət insan mənəviyyatını zənginləşdirən ən gözəl keyfiyyətlərini əlindən alaraq yerinə qorxu, təlaş, səksəkə kimi toxumlar səpir. Bu toxumlar cücərir, böyüyür. Ömrünün sonuna kimi səndən əl çəkmir. Birləşib verdiyi çox şeyin əvəzi də səndə olan hər şeyini söküb əlindən alır. Səlim çox şey əldə etsə də, hər şeyini itirdi. Ürəyimdən sanki ağır bir yük asılmışdı. İşıqlı dünyanı özünə qəfəs edən Səlim həmişəlik qaranlıq dünyanın qəfəsinə düşdü. O qəfəsdə nələr olub-bitdiyini biz bilə bilmərik.
Həmayil Əhmədqızı