Xalq olaraq Zəfərimizi indi-indi dərk etməyə başlayırıq. Dərk etmək isə hələ qəbul edə bilmək deyil.
Dünən iki yaşını qeyd etdiyimiz Zəfərimizin dadı, qoxusu, gözəlliyi, qədir-qiyməti, əhəmiyyəti günbəgün artır.
Heç diqqət etmisiniz, Zəfərdən sonra sanki hər kəs bir itki sahibi kimi rahatsız şəkildə nəsə axtarır. Bu həm də o deməkdir ki, adamlar özlərini Zəfərə uyğunlaşdırmaq istəyirlər.
Bəli, bu Zəfər Azərbaycan Xalqının Zəfəridir.
Savaşda hər kəs bacardığını etdi.
Ancaq uzun illərin məğlubiyyət sindromlarını tez bir vaxtda yox etmək, bizi bürümüş ətalətdən bir anda yaxa qurtarmaq mümkün deyil.
Bunun üçün xeyli zaman lazımdı.
Amma gənc nəsilə deyil, orta və yaşlı nəsilə...
Bütün bunların içində ən ümidverici hal bilirsiniz, nədir…
Azərbaycanın Böyük Zəfərini Böyük Gələcəyə götürəcək bir nəsil formalaşır.
İçi özüm qarışıq çox vaxt şikayət etdiyimiz, bəzən bəyənmədiyimiz, ancaq iliyinəcən dövlətçi, Azərbaycanı nağıllarla, dastanlarla deyil, ürəyi, ağlı, təhsili, düşüncəsi ilə sevən bir nəsil...
Bu nəslə örnək olaraq uydurma lider, qəhrəman göstərilmir, gah rusun, gah farsın, gah batının ideoloji qəhrəmanları misal çəkilmir.
Göz önündə Şuşanı, Kəlbəcəri işğaldan azad edən oğullar və onların başında duran Lider, Sərkərdə var.
Bu nəsil Polad Həşimovlar, Raquf Orucovlarla böyüyür.
Bu nəsil Araz çayını guya özünə dərd edib ona şeirlər qoşan, az qala bu dərddən həzz alan, ancaq Araz çayının ayrılıq çayı olmaması üçün əməli addım düşünə bilməyən sovet nəsli deyil.
Başı üzərində Azərbaycan Bayrağı dalğalanan, günə Azərbaycan Himni ilə başlayan bir nəsil…
Hədəfi nağıllar, dastanlar, dedi-qodular deyil, dünyanın istənilən ölkəsinin insanı ilə müqayisə olunmaq gücünə sahiblənən bir nəsil…
Əlbəttə, bu yol hamar deyil, hətta çox enişli, yoxuşludu, daşlı, qayalı, çınqıllıdı.
Torpaqlarımız, Müqəddəs Yurd Yerlərimiz işğal altında qalan miras kimi gələcək nəslə buraxılmır.
Daha gələcək nəslin yaxasından inkişafa mane olan nələrsə asılmırsa, nə xoş onlara.
Bizim nəslə isə onlara inanmaq, onları gələcəyə uğurlamaq qalır.
Azərbaycanın gələcəyini belə nəslə etibar etmək Vətənə qazandıracaq.
Bu yolu cızanlar isə tariximizin şəksiz və şəriksiz əbədi qəhrəmanlarıdırlar.
Elşad Eyvazlı