Kitabı mətbəədə yandırılan Əli Tudə...

Seyid Cəfər Pişəvərinin dostunun, Təbriz filarmoniyasının direktorunun məzarı üzü Təbrizə boylanan Fəxri xiyabandır.

O qaldırsın deyə bükük belini
Başından keçmədi yetən yolunda.
Kimi ayağını, kimi əlini,
Mən başımı qoydum Vətən yolunda! 

  Bu misralar Cənub həsrətli, mühacir Azərbaycan şairi Əli Tudənin qələmindəndir.  
 Əli Tudə  yaratdığı bütün ədəbiyyat nümunələrində azadlıq və bütövlük duyğularını qələmə alaraq millətin istiqlalı uğrunda canı ilə, qanı ilə mücadilə aparıb. 

   Bu baxımdan  Cənubi Azərbaycan ədəbiyyatından danışarkən onun çoxsaylı nümayəndələri arasında Əli Tudənin yerini və rolunu  xüsusi vurğulamaq mütləqdir. Vətən məhəbbəti Əli Tudə yaradıcılığının əsas qayəsini - ana xəttini təşkil edir. Hansı kitabını açıb-vərəqləsən, görərsən ki, orada şimallı-cənublu Azərbaycanın dərd-sərindən, gündəlik qayğılarından, əsrarəngiz təbiətindən, zəhmətkeş insanlarından danışılır. Əli Tudənin müxtəlif  illərdə qələmə aldığı “Xalq”, “Azərbaycan olmasa”, “İstiqlal şəhidləri”, “Anacan, fərman ver”, “Sağlıq”, “Şükür deyirik”, “Ölmək istəmirəm” və s. şeirləri məhz bu qəbildəndir. Mayasında xalqın taleyi, onun faciəli, məşəqqətli həyatı duran həmin əsərlər vətənpərvərlik duyğuları oyadaraq oxucuda gələcəyə inam yaradır. Oxucu anlayır ki, xalqın bütün ağrı-acıları müvəqqəti və ötəridir. Şairin yaradıcılığında ayrılıq, həsrət motivli şeirlər də əhəmiyyətli yer tutur.

  Ə.Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri kimi tanınır və sevilir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün bacardıqca istifadə edib. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən şair Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə-Xalq təxəllüsü verilib.

Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə
- deyə şair yazırdı.

  Şairin ata-anası əslən Ərdəbilin Çanaxbulaq kəndindən idi. Ancaq valideynləri Azərbaycana köçdüklərindən, Əli Tudə 1924-cü il yanvarın 31-də  Bakıda anadan olub. Neft mədənində fəhləlik edərək ailəni dolandıran atası Qulu, sonradan buruq ustası vəzifəsinədək yüksəlib. Ancaq faciə balaca Əlini hələ uşaq ikən haqlayıb. Bir yaşında olarkən atasını, 5 yaşında isə anasını itirib. Nənəsinin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuduğu illərdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvünə çevrilən Əlinin, artıq 13 yaşında ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist”, "Yeni yol” qəzetlərində çap olunur, radioda səslənirdi.

  Həyat isə xoş olmayan "sürprizlərini” ondan əsirgəmir. Valideynsiz, əzab-əziyyətlə böyüyən Əlinin taleyinə yenidən sürgün həyatı yazılır. 1938-ci ildə - 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan əsilli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib. Təhsili yarımçıq qalan yeniyetmə, İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onu yazıb-yaratmaq həvəsindən çəkindirə bilmir.

  1940-cı illərdə Cənubi Azərbaycanda başlanan Milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açıb. O, azadlıq hərəkatına qoşulub. Gənc şair silahı və qələmi ilə mübarizə aparır, milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1944-cü ildə "Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist”, "Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan"Vətən yolunda”, "Azərbaycan” qəzetlərində, "Şəfəq”, "Azərbaycan” məcmuələrində, "Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görüb. O, 1944-cü ildə "Hizbitudeyi İran” partiyasının üzvü olur. Əli Tudə bir ildən sonra Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub. İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli Hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyib. "Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradılır və Əli Tudə onun ilk və son müdiri olub. O, mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edib. "Öz gözlərimlə” kitabında Əli Tudə yazıb: "Bu, təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl Milli Hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

  Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyən şair  növbəti dəfə taleyin sərt şilləsini yeyib. Min bir əzabla, qanlar, qurbanlar bahasına qurulan Milli Hökumət süqut edən zaman Ə.Tudənin çapa hazırlanan üsyankar ruhlu şeirlər kitabı mətbəədə yandırılıb.

İran şahı onun tutulduqdan sonra məhkəməsiz qətlə yetirilməsi barədə fərman verib. Şair mübarizəni davam etdirmək və geriyə qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Bakıya mühacirət etmək məcburiyyətində qalıblar. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim” şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi kimi məşhurlaşıb. Şeir o taydan gələn azərbaycanlıların manifestinə çevrilib.

  Bütöv Azərbaycan həsrəti ilə döyünən ürəyi daima xiffət çəkən şair  ayrılıq motivli şeirləri ilə həmvətənlərinin sevimlisinə çevrilib. O taylı-bu taylı böyük Azərbaycan poeziyasının parlaq simalarından birinə çevrilib. Əli Tudənin “Vətən həsrəti”, “Dözüm”, “Şəhid arzular”, “Ayrılıq”, “Ay Araz”, “Təbriz yadıma düşdü”, “Savalanın quzey qarı”, “Etiraz”, “Hanı”, “Səfər arzusu” və s. bu kimi şeirləri də özünəməxsusluğu ilə fərqlənir. İkiyə bölünmüş Vətənin birlik ideyaları, bilavasitə bununla bağlı olan ayrılıq hissləri həmin poetik parçaların məğzini təşkil edir. “Vətən həsrəti” şeirində oxuyuruq:

Həsrət çəkməyən bilməz

Həsrət nədir dünyada.

  Şairin “Mən səni görsəydim” şeiri Təbrizə ünvanlanıb. Gülüstan bağının, Şişəgər meydanının, Əmirbazarının, Kəcil qapısının gözlərinin önündən çəkilmədiyi doğma şəhərindən uzaq düşən vətənpərvər söz ustadı gəncliyini keçirdiyi yerlərin xiffətini çəkib:

- Təbriz! - söyləməkdən dilim

doymadı,

Uzatdım, çatmadı əlim qoynuna.

Sən məni çağırdın... Kimsə qoymadı

Ana nisgiliylə gəlim qoynuna.

  Ömrünün sonuna kimi mühacir həyatı yaşayan Əli Tudə  1996-cı il fevralın 26-da vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
  Mərd, məğrur, heç kəsə baş əyməyən şair sağlığında heç bir fəxri ad almasa da, bütöv Azərbaycanın yaddaşında  azadlıq şairi, xalqının şairi kimi qalıb.

"Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdu!” - deyə Əli Tudəni nisgillə xatırlayan Xalq şairi Nəriman Həsənzadə həmkarını Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair kimi xatırlayır: "Biz Əli Tudəni vaxtsız itirdik. 36-dan çox kitabın müəllifi olan şairin ölməz əsərləri bu gün də, sabah da heç vaxt öz aktuallığını itirməyəcək. O, təkcə qələmlə silaha sarılmayıb, həm də Cənubi Azərbaycanda Pişəvəri hərəkatına qoşularaq Milli Dirçəliş uğrunda mübarizə aparıb, səngərlərdə döyüşüb. Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair idi. O, bir insan kimi dostluğa da sədaqətli idi. Onunla uzun müddət dostluq etmişdim. Onun ailəsi ilə bu gün də dostluq, qonşuluq əlaqələrimiz kəsilməyib. Oğlu Natiq, qızları Pərvanə, Rəna o gözəl ailənin, gözəl övladları kimi atalarının xatirəsini əziz tuturlar. Onun kitablarını təkrar çapa hazırlayırlar. Ölkə Prezidenti İlham Əliyevin belə ölməz şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır. Ölməz sənətkarımız Əli Tudənin xatirəsi mənim üçün əzizdir. Onun xatirəsi daim yad ediləcək”.

  Ədəbiyyatşünas-alim Elman Quliyev şairi ideyaları uğrunda parlayan günəşə bənzədir: "Əli Tudənin Vətən birliyi, azadlıq ideyaları, tarixi haqsızlığa qarşı kəskin etirazı, yüksək ideyalı yaradıcılığı, sözün həqiqi mənasında, öz sözlərilə desək, "böyük həqiqət güzgüsü"dür. Şairin poeziyası daha çox öz taleyinin bədii əksinə çevrildiyindən, bu sənətdə ayrılıq, həsrət, nisgil motivləri öz aydın təzahürünü tapır. Əli Tudənin çoxsahəli yaradıcılığında Vətənin tarixi keçmişi, bugünkü problemləri, onun gələcək həyatı ən yüksək fəlsəfi deyim tərzində ifadə olunur. 

Buna görə də sanki o, bir sənətkar, əsl vətəndaş kimi öz idealları yolunda əriyən şama bənzəyir.

 Lakin bu vəziyyətdə şair öz ideallarına işıq bəxş etdiyindən şamdan çox günəşi xatırladır. O tayda da, bu tayda da yaşadığı illərdə şair Vətənin azadlığı və bütövlüyü uğrunda aparılan ideyalara sadiq qalmış, qəlbi həmişə belə müqəddəs amallarla döyünmüş və ömrü boyu öz yaradıcılığında nə isə axtaran şair, istədiyini məhz elə şeirlərində tapmışdı. Lakin o, Təbrizdə olduğu kimi, Bakıda da sakit dayana bilmədi. Xalqını, millətini həmişəlik azad görmək arzusu onu rahat buraxmadı. Son nəfəsinədək Vətən həsrəti ilə dolu ürəyi xalqın müstəqilliyi və azadlığı üçün döyündü. 

Bu yolda yorulmadan mübarizə apardı. Üzdən həmişə şən, qayğısız, gülərüz görünsə də, ömrünün axırına qədər içində "Azərbaycan" adlı bir həsrət və nisgil gəzdirdi”.