"Yazıçılıqdan naşirliyə keçməmişəm” Cəlil Cavanşir

 "Hədəfimiz öz bacarığımızla, öz gücümüzlə irəliləməkdir " 

  Yazıçı Cəlil Cavanşir Azərbaycan ədəbiyyatında bir ilkə imza ataraq kompleks ədəbi xidmətlər, o cümlədən də ədəbi agentlik xidməti təklif edir.“Cəlil Cavanşir  Literary Agency" adlanan agentlikdə  kitab nəşri və kitabların çapa hazırlanması, kino və dramaturgiya, yazıçı, dramaturq və ssenaristlərin əsərlərinin teatr və kino prodüserlərinə təqdim edilməsi, audiovizual xidmət, marketinq və PR xidmətlər  paketini təqdim edir. 

Yeni yaranan ədəbi agentliyin  fəaliyyət istiqaməti ilə bağlı “Sherg.az"a  danışan Cəlil Cavanşir deyib ki, "C.C Literary Agency"nin əsas məqsədi bu vaxtacan gördüyü işləri peşəkar xidmətə çevirməkdir:  “Əvvəla  onu deyim ki, "C.C Literary Agency" nəşriyyat deyil və mən yazıçılıqdan naşirliyə keçməmişəm. Uzun illərdir nəşriyyatlarla redaktor, tərcüməçi, layihə rəhbəri kimi əməkdaşlıq edirəm. Bu əməkdaşlığım dövründə onlarla yerli yazıçının və şairin kitabının çapında təşəbbüs göstərmişəm. Onlarla şair və yazıçımızın kitabının redaktoruyam. 
  
Bacardığım qədər nəşriyyatlarla yazarlar, tərcüməçilər, redaktorlar arasında vasitəçilik etmişəm. "C.C Literary Agency"ni təsis edərkən də, əsas məqsədim bu vaxtacan gördüyüm işləri peşəkar xidmətə çevirməkdir. Eyni zamanda xarici nəşriyyatlarla da əməkdaşlıqlarımızı yerli yazarlarımızın fürsətinə çevirəcəyik. "C.C Literary Agency" Azərbaycanda ilk peşəkar "ədəbi agent" xidməti göstərən qurum olacaq. Müəlliflərə kitabın hazırlıq prosesinə, redaktəsinə, tərcüməsinə, nəşrinə, satışına, reklamına, marketinqinə dəstək göstərməyi planlaşdırırıq. Nəşr prosesində naşirlərlə müəlliflər arasındakı peşəkar münasibətləri tənzimləmək istəyirik. Yazıçılarımızın müəllif hüquqları məsələsində peşəkar dəstəyə ehtiyacı var. Yəni biz mətbəələr kimi  çap xidmətləri göstərməyəcəyik. Xidmətlərimiz daha çox vasitəçilik üzərində qurulacaq. Yazıçı ilə nəşriyyat arasında, ssenaristlə kinoprodüsser, dramaturqla teatr arasında peşəkar vasitəçilik edəcəyik. Eyni zamanda redaktor, tərcümə, SMM, kopirayter, ssenarist xidmətlərimiz də olacaq”.
  "C.C Literary Agency"nin fəaliyyətindən gözləntilərə gəldikdə isə 
C.Cavanşir deyib ki, bu sahədə ilk olduğumuza görə gələcəyə ümidliyəm: "C.C Literary Agency" ehtiyac olduğu üçün yaradılıb. Özünü doğrultmasını isə zaman göstərəcək. Göstərəcəyimiz bütün xidmətlər bu günə qədər göstərdiyim və dərindən bildiyim sahələrə aid olduğu üçün, bu işi daha peşəkar şəkildə görə biləcəyimizə inanıram. Hələ ki çox kiçik bir komanda ilə, büdcəsiz işə başladığımız üçün addım-addım irəliləməyi düşünürük. Hədəfimiz öz bacarığımızla, öz gücümüzə irəliləməkdir. Gələcəkdə komandamızı genişləndirib, peşəkar redaktor, tərcüməçi, korrektor, ssenarist və kopirayterlərlə işləməyi planlaşdırırıq. Qısa müddətdə komandamızın genişlənəcəyinə və imkanlarımızın böyüyəcəyinə inanıram”.