Sökülən məscidin heç bir qeydiyyatı olmayıb

Əgər insanların rahat yaşaması üçün hansısa tikili sökülürsə buna etiraz etmək doğru deyil
“Peyğəmbərimizin özü də zərərli fəaliyyətinə görə bir məscidi sökdürüb”


Dünən Yasamalda "Sovetski” adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin narazılığı ilə müşahidə olunub. Daha əvvəl isə sözügedən ərazidə yerləşən "Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb. Məscidlərin sökülməsinə etiraz edən sakinlər məscidin qarşısına toplaşaraq kütləvi namaz qılıblar. Polis namaza müdaxilə etməyib.

"Sovetski”dəki məscidlərin sökülməsi hər nə qədər dindarlar tərəfindən narazılıqla qarşılansa da dövlət tərəfindən atılan addımlar reaksiyaların əsassız olduğunu ortaya qoyur.
Azərbaycanda dövlətin din sahəsində həyata keçirdiyi siyasətin başlıca məqsədi bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi, dini tolerantlıq mühitinin qorunub saxlanması, hər bir vətəndaşın dini inanclarına hörmət göstərilməsi, dini ayinlərin yerinə yetirilməsinə şərait yaradılması, dini abidələrin, məscidlərin qorunub-saxlanması, təmir və bərpa işlərinin həyata keçirilməsindən ibarətdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlində onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bu günə qədər Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.

"Heç o məscidlərin yerini belə tanımıram”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar olmadığını deyib. Sökülən məscidlərin heç birinin QMİ-də qeydiyyatdan keçmədiyini qeyd edən Şeyxülislam deyib ki, heç o məscidlərin yerini belə tanımır: "Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə, mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam”.

"Suyu bulandırmaq,ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da "Sovetski”də plana düşən 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib: "Həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır”.
Orada yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: " O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa, fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə, məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

Bakıda 134 məscidin olduğunu qeyd edən M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir: "Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şıxməmmədov isə "Hacı Cavad” məscidinin tarixi abidələr siyahısından çıxarıldığını bildirib:

"Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında yer alıb. Mütəxəssislər həmin ünvanda olan sonuncu məscidə baxış keçirib, onun dayanıqlığı araşdırılıb. Elə həmin ildə müvafiq qərar əsasında məscid qorunan abidələr siyahısından çıxarılıb”.

Qeyd edək ki, "Hacı Cavad” məscidi 1912-ci ildə inşa edilib, Sovetlər dövründə təyinatı üzrə fəaliyyət göstərməyib, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilib. Uzun illər ərzində məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciət edilib, lakin bu günədək məscidin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib. Çünki məscidi idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməyib, qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər. Lakin məscidin sökülməsi ilə bağlı məsələ yarandıqdan sonra qısa vaxtda dini icma formalaşdırıb dövlət qeydiyyatından keçməyə hazır olduqlarını bildiriblər. Hətta məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı yoxdur, qeyri-rəsmi (qanunsuz) fəaliyyət göstərir.
Sözügedən məscid məhəllə məscidi kimi inşa edilib. Lakin hazırda məsciddə məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Məscidlə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar.
Onu da deyək ki, "Hacı Cavad” məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir. "Hacı Cavad” məscidinin ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan "Təzəpir” məscidi yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra” məscidləri var. Namazlarda bu məscidlərdə heç də sıxlıq müşahidə olunmur.

"Əgər insanların rahat yaşaması və hərəkət imkanlarının genişləndirilməsi üçün hansısa məscid sökülməlidirsə...”

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı - alim Elşad Miri də hesab edir ki, məscidin sökülməsi məsələsini bu qədər böyütməyə ehtiyac yox idi. 

Bir halda ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri lazım gəlsə, eyni məhəllə məscidinin tikiləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıb. E.Mirinin sözlərinə görə, "əgər bu gün "Sovetski” adlanan ərazidəki məscidlər sökülürsə, deməli bu, əvvəlcədən düşünülmüş plan əsasında aparılır və müvafiq addımlar da atılacaq. Görünür, adekvat planları da var, sadəcə narazı kütlə küyə gedərək məscidin sökülməsini böyük bir problem səviyyəsinə qaldırıb”.
İlahiyyatçının sözlərinə görə, əslinə qalsa, məscidin sökülməsinə etiraz edən müsəlmanların kütləvi şəkildə məscidin qarşısına toplaşaraq namaz qılmaları düzgün deyil: "Axı namaz etiraz forması deyil. Namaz müsəlmanların Allahla ünsiyyət vasitəsidir. Bu mənada məscidin sökülməsinə etiraz edən sakinlərin məscidin qarşısına toplaşmasına münasibətim birmənalı deyil. Məscidin sökülməsi heç də yolverilməz hal deyil. Peyğəmbərimizin özü də zərərli fəaliyyətinə görə bir məscidi sökdürüb. Əgər insanların rahat yaşaması və hərəkət imkanlarının genişləndirilməsi üçün hansısa məscid sökülməlidirsə, buna qarşı etiraz aksiyası keçirmək doğru yanaşma deyil”.

"Sovetski”dəki "Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: "Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, burada insanlar gəlib ibadət edirlər”.

İ.Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda "Sovetski” adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: 

"Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyəti yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.

Azərbaycanda dinə olan qayğı digər dövlətlər üçün də nümunədir

"Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib”.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, bu münasibət həm ənənəvi və tariximizə bağlı olan İslam dininə, həm də digər dünyəvi dinlərin nümayəndələrinə göstərilir: "Ölkəmizdə məscidlərin dövlət hesabına təmir edilməsi, onların pulsuz qazla təchizi və yeni məscidlərin tikintisi bu qəbildən olan məsələlərdəndir. Dövlət başçısının İslam, Xristian və digər dinlərə məxsus bayramlar zamanı təbriklər göndərməsi və özünün həmin mərasimlərdə iştirakı buna bir daha böyük nümunədir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın bütün bölgələrində məscidlər tikilib, təmir edilib və insanların sərbəst şəkildə dini ayinləri yerinə yetirməsi üçün bütün şərait yaradılıb: "Bakıda ən böyük məscidin tikilməsi və həmin məsciddə ayinlərin sərbəst şəkildə keçirilməsi buna yaxşı nümunədir. Eyni zamanda Azərbaycanda dini inanclı insanların dünyanın müxtəlif müqəddəs yerlərini ziyarət etməsi üçün də müvafiq şərait yaradılıb. Hesab edirəm ki, Azərbaycanda dinə olan qayğı və müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə, qarşılıqlı hörmətlə yaşaması başqa dövlətlər üçün də yaxşı nümunə ola bilər. Bu, Azərbaycan reallığıdır, hər bir azərbaycanlının əqidəsi və gündəlik həyat tərzidir”.

Şəymən