Avropa apreldə mayeləşdirilmiş təbii qaz (LNG) idxalını mart ilə müqayisədə rekord səviyyədə saxlayıb. Bu, qış üçün yanacağın saxlama tutumunun sürətləndirilməsi zərurəti ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Gas Infrastructure Europe məlumat yayıb.
Apreldə Avropa terminallarından Avropa İttifaqının qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qaz axını təxminən 12,61 milyard kubmetr təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 7%, 2025-ci ilin aprel ayı ilə müqayisədə isə 0,1% azdır.
Yanvar-aprel aylarının nəticələrinə görə, terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qaz axını rekord səviyyədə qalıb - 50,8 milyard kubmetr. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Avropa Qaz Ötürücü Sistemi Operatorları Şəbəkəsinin 28 aprel tarixinə olan məlumatlarına görə, yanvar-aprel ayları arasında mayeləşdirilmiş təbii qaz təchizatı Avropanın qaz mənbələri arasında birinci yerdə qərarlaşıb- 36,2%. Şimal dənizi üzrə təchizat (əsasən Norveç qazı) 28,3% ilə ikinci, yeraltı qaz anbarları 21,3% ilə üçüncü, Şimali Afrika qaz təchizatı isə 7,2% ilə dördüncü yerdə qərarlaşıb.
Şərqdən tədarük (Rusiya qazı, Ukrayna qazı tədarükü və Avropa şirkətlərinin Ukraynanın yeraltı qaz anbarlarından qazlarını çıxarması) - 4,6%, Azərbaycandan isə 2,5% olub.