Almaniya müharibəyə hazırlaşmağa başlayıb - “Bloomberg”

Almaniya Bundestaqı büdcəsində vəsait çatışmazlığına baxmayaraq, mümkün müharibəyə hazırlıq prosesinə start verib.

Sherg.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniyanın Şimal dənizi sahilində yerləşən Bremerhaven şəhərində Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro (təxminən 1,6 milyard dollar) həcmində investisiya hesabına modernləşdiriləcək. Bildirilir ki, bu dövlət vəsaitləri “Mercedes-Benz” və “Volkswagen” avtomobillərinin ixracını artırmaq üçün deyil, hərbi texnikanın daşınmasını təmin etmək məqsədilə yükləmə doklarının gücləndirilməsinə yönəlib. Layihə çərçivəsində 60 tonluq “Leopard” tankı kimi ağır hərbi texnikanın gələcək cəbhələrə daşınması üçün infrastruktur yaradılacaq.

Agentliyin məlumatına əsasən, 2026-cı il Almaniya büdcəsində nəzərdə tutulan bu layihə ölkənin potensial müharibəyə hazırlıq üzrə daha geniş təşəbbüsünün tərkib hissəsidir. Qeyd olunur ki, Avropaya mümkün hücum halında Almaniyanın mərkəzi coğrafi mövqeyi və güclü sənaye resursları onu qoşunların təchizatı baxımından strateji əhəmiyyətli ölkəyə çevirir.

Bununla belə, nəşr yazır ki, Almaniya hərbçiləri bu vəzifənin öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkir və bu səbəbdən özəl sektorun dəstəyinə ehtiyac duyur. Bu çərçivədə Bremerhavendə yükdaşıma ilə məşğul olan “BLG Logistics” kimi şirkətlərlə əməkdaşlıq nəzərdən keçirilir.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin növbəti 6-12 ay ərzində Almaniyadan 5 min hərbçisini çıxaracağı barədə məlumat yayılmışdı. Bildirilir ki, bu qərar Avropa müttəfiqlərinin yetərincə fəallıq göstərməməsi ilə əlaqələndirilir.