“Azərbaycan qadını”
92 ildir ki, bu jurnal öz tarixi missiyasını şərəflə daşıyır
Hər zaman qadın və kişi hüquqlarının bərabərliyi, eyni zamanda, bərabərsizliyi cəmiyyət arasında müzakirə mövzusu olub. Mövzunun lazımi kimi qəbul və həll edilməməsi də zaman-zaman müəyyən problemlərə yol açıb. Bu problemlərin işıqlandırılması və maarifləndirmə işinin aparılması da əsasən medianın üzərinə düşür. Hələ ötən əsrin əvvəllərində böyük ədiblərimizdən biri olan Yusif Vəzir Çəmənzəminli Kiyevdən Azərbaycanda çıxan ilk qadın məcmuəsinə göndərdiyi təbrik məktubunda yazıb:
"Xanımlar qəzetəsi dedikdə, ən əvvəl "arvad məsələsi” yada düşür. "Arvad məsələsi” də insanlar üçün həyati və zəruri bir məsələdir...”
Bəli, Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurub.
(... əvvəli ötən sayımızda)
Jurnal "Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb. O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi. 1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişib, onun müəllifləri, müxbirləri repressiya qurbanı olub. Beləliklə, jurnalın tarixində böhranlı günlər başlayıb. 1941-ci ildə bir çox mətbuat orqanları kimi "Azərbaycan qadını” da fəaliyyətini dondurub. Gülarə Qədirbəyovadan sonra jurnalın redaktorları da 1940-cı ilədək bir neçə dəfə dəyişdi. Həmin dövrdə Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva jurnalın nəşrinə məsul redaktorlar olublar. İkinci Dünya müharibəsinin başlaması, bir çox mətbuat orqanları kimi "Azərbaycan qadını”na da təsir göstərib və 1941-ci ildə fəaliyyətini dayandıran jurnal 1951-ci ilin martında yenidən nəşrə başlayıb. Jurnalın zahiri görkəmi də yenilənmiş və daha cəlbedici olub. Rəhimə Zeynalova başda olmaqla, redaksiya heyəti üzvlərinin səyi sayəsində Vətənimizin ən layiqli qadınlarının həyatı ilə bağlı jurnalist materialları və ədəbi-bədii yazılar isə nəşri zənginləşdirmiş, daha da gözəgəlimli edib. O vaxtdan etibarən "Azərbaycan qadını”nın səhifələrində iqtisadiyyat və mədəniyyət xəbərləri haqqında məlumat əldə etmək, həkim, müəllim və kulinarların məsləhətlərini oxumaq, hətta məşhur şairlərin sözlərinə bəstələnmiş populyar mahnıların notları ilə də tanış olmaq mümkün idi. Jurnalın redaksiya heyətinə 1951-1961-cı illərdə Rəhimə Zeynalova, 1962-1972-ci illərdə isə Şəfiqə Ağayeva rəhbərlik edib. Jurnalın uzun illər baş redaktoru (1972-1996) Xalidə Hasilova olub. 1951-1991-ci illərdə "Azərbaycan qadını” müntəzəm surətdə və ayda bir dəfə nəşr edilib. 50-ci illərdə jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verib. "Azərbaycan qadını” jurnalını Azərbaycan xalqının keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar. 60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş qadınların hünərindən bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapıb. Bununla belə, 30-cu illərdən fərqli olaraq, müharibədən sonrakı həyatında "Azərbaycan qadını”nın səhifələrində "Evi necə bəzəməli”, "Yeni geyimlər”, "Süfrə” kimi rubrikalara da yer verilib. 1965-72-ci illərdə "Azərbaycan qadını”nın redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi qeyd olunub. O dövrdə jurnalda "Gözəllik aləmində”, "Mədəniyyət tariximizdən”, "Açılmamış səhifələr”, "Teatr”, "İncəsənət”, "Poeziya yarpaqları”, "Mənəvi tərbiyə”, "El sənətkarları”, "Xarici rəfiqələrimizin həyatı” və s. yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış ediblər.
80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb
1980-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artmışdı. Təsadüfi deyil ki, jurnalın 50 illiyi, 70 illiyi təntənə ilə qeyd edilib və bu tədbirlər dövrünün məşhur qadınlarını - onların arasında ilk qadın kosmonavt Valentina Tereşkova da vardı - öz şüarı altında birləşdirərək, genişmiqyaslı qadın forumlarından birinə çevrilib. SSRİ-nin dağılmasını müşayiət edən siyasi, iqtisadi və sosial böhran ölkədə çap olunan dövri nəşrlərin əksəriyyətinin taleyində öz müdhiş rolunu oynamışdı. "Azərbaycan qadını” jurnalı da bu baxımdan istisna olmadı. Jurnal seyrək çıxmağa başladı, geniş oxucu auditoriyasını itirdi. Yalnız 90-cı illərin ortalarında nəşrini bərpa etmək mümkün oldu. Fatma xanım Abdullazadənin səyi, Flora Xəlilzadənin baş redaktorluğu ilə işıq üzü görən jurnal yeni simasını əldə etmək, seçilmək, sevilmək üçün sözün əsl mənasında çox çırpındı və 2009-cu ilin mayından təzə tərtibatla nəşrinə davam edib. 90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etsək, əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın mətbu orqanı olan "Azərbaycan qadını” jurnalı da bu illərdə çətin günlərini yaşayıb. Kağız və maliyyə çatışmazlığı 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb olub. Bu tendensiya 1993-cü ildə də davam edib. 1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikinci nömrəsi işıq üzü görüb. 1997-ci ildən isə "Azərbaycan qadını”nın tarixində daha yeni bir mərhələ başlayıb. Jurnalın təsisçisi "Sevil” Azərbaycan Qadınları Məclisi və redaksiyanın kollektivi, baş redaktoru Prezident Aparatı Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə olub. İndi ictimai-siyasi, ədəbi-bədii jurnal adlandırılan "Azərbaycan qadını” daha nəfis tərtibatla Türkiyədə nəşr olunmağa başlayıb. Onun səhifələrində daha çox qadınların sosial problemlərinə və mədəniyyət yeniliklərinə yer verildi.
Unudulmaz "Azərbaycan qadını”
"Azərbaycan qadını” jurnalı ilə əlaqə saxlayıb, jurnalın indiki fəaliyyəti və qayəsi ilə maraqlandıq. Əldə etdiyimiz məlumata görə, hazırda böyük ənənəsi və geniş oxucu auditoriyası olan "Azərbaycan qadını” jurnalının səhifələrini ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmimizin, mədəniyyətimizin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirimizlə maraqlı müsahibələr bəzəyir: "Azərbaycan qadını” jurnalı öz tarixi yoluna bu gün Fatma xanım Abdullazadənin baş redaktorluğu ilə davam edir və ildə dörd dəfə, Azərbaycan və rus dillərində, 10 min tirajla oxucuların görüşünə gəlir. Bu uzun yolun əvvəlində onu daha çox zərif cinsin nümayəndələrinin saysız-hesabsız problemləri düşündürürdü, indisə jurnal müasir Azərbaycan qadınının simasını, uğurlarını, qabaqcıl təcrübəsini geniş auditoriyaya təqdim etməyə can atır... "Azərbaycan qadını” jurnalının yaz buraxılışı yenicə işıq üzü görüb. Ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramına - ilk Avropa Oyunlarına artıq yüz gündən də az qalır. Azərbaycan Avropanın müxtəlif ölkələrini təmsil edən altı min idmançını, o cümlədən çoxsaylı qonaqları qarşılamağa hazırlaşır. Prezident İlham Əliyev və "Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mütəmadi olaraq olimpiya obyektləri ilə bağlı vəziyyəti nəzərdən keçirir, aparılan tikinti işlərinin gedişatı ilə maraqlanır, müvafiq tapşırıqlarını və tövsiyələrini verirlər. "Azərbaycan qadını” jurnalının yaz buraxılışında oxuculara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan komleks tədbirlərlə bağlı geniş materiallar təqdim edilir. Britaniya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq ildən-ilə inkişaf edir, həyata keçirilən layihələr, müxtəlif tədbirlərlə daha da möhkəmlənir. İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin şərəfinə təşkil olunan ziyafət ölkələrimiz arasındakı dostluq əlaqələrini əks etdirən xeyirxah ənənələrin bir hissəsidir. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, həmçinin cəmiyyətin üzvləri, Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlə bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola bilərlər. Bakı Beynəlxalq Humanitar Forumu ötən il çağdaş dünyanın əksər dühalarını bir yerə toplamaqla bir daha sübut etdi ki, əbəs yerə "intellektual Davos” adlandırılmır. Foruma qatılan məşhur siyasətçilər, alimlər, Nobel mükafatçıları, mədəniyyət xadimləri qloballaşma, multikulturalizm, ekologiya, iqtisadiyyat, biotexnologiya kimi vacib məsələləri müzakirə etdilər. Forum iştirakçılarının "Azərbaycan qadını” jurnalına eksklüziv müsahibələri oxucular tərəfindən maraqla qarşılanır.
"Uşağın tərbiyəsini bizə tapşıran təbiət deyil, bütün dünyanı Yaradandır və ... biz hamımız təbiətin əvəzsiz möcüzəsini başa çatdırmağa müvəkkil edilmişik...”. Bu sözlərin müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili bir müddət əvvəl Bakıda oldu, müxtəlif seminarlar apardı. "Möcüzə ilə üz-üzə” adlı materialda oxucular təcrübəli pedaqoqun "Azərbaycan qadını” jurnalına müsahibəsini, eləcə də uşaqların tərbiyəsi və təhsili ilə bağlı fikirlərini oxuya bilərlər.
"Azərbaycan qadını” jurnalının üz qabığında səhnəmizin unudulmaz "Cülyettasının” şəkli yer alıb. Ötən ilin son günlərində Azərbaycan Dövlət Musiqili Dram Teatrında əfsanəvi aktrisamız Barat Şəkinskayanın 100 illiyi qeyd olundu. Azərbaycan Prezidentinin Sərəncamına əsasən reallaşan, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə onu sevənlər bir araya gəlmişdi. Barat xanımın sevdikləri də burdaydı: Şekspirin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin qəhrəmanları... Vaxtilə həyat verdiyi obrazların müasir ifaçıları Barat xanımla bağlı xatirələrini, fikirlərini jurnalın oxucuları ilə bölüşürlər... "Azərbaycan qadını” jurnalının payız buraxılışında oxucuları həmçinin Xalq artisti Siyavuş Kərimi, Azərbaycanın Xalq artisti, professor Şəfiqə Məmmədovadan aktyor sənətinin əsaslarını öyrənən gənc vokalçılarla, müasirlərimiz Leyli Ələkbərova, Xəyalə Elyazova, Mimi Aykonla maraqlı görüş gözləyir. "Azərbaycan qadını” jurnalının hər sayının oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması ənənəyə çevrilib. Qeyd edək ki, jurnalın yaz buraxılışının təqdimatı 7 mart 2015-ci ildə Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb