Sərhəddə təxribat: Sülh prosesini tormozlamaq əsas və başlıca hədəfdir

Ermənistan silahlı qüvvələrinin təxribatlarında iki amil önə çıxır

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin məlumatında deyilib ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdid olmaqla yanaşı, bu cür təxribatlara da rəvac verir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin  iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, silahların alınması ilə bağlı müqavilələrin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları getsə də, zaman-zaman atəşkəsin ermənilər tərəfindən pozulması hallarını müşahidə edirik. Ekspertin sözlərinə görə, istənilən halda sülh müzakirələri gedərkən şərti sərhədlərdə təxribatlara əl atılması mənfi və prosesi tormozlayıcı haldır:
 "Bununla barəbər qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarında iki amil önə çıxır. Birincisi odur ki, Ermənistan hökuməti və ordusu daxilində kənar güclərin təsiri altında olan qruplaşmalar hələ qalmaqdadır. Həmin dairələrin İrəvan hakimiyyətində və ordu içində ciddi təsir imkanları var. Sülh danışıqlarının irəliyə getməsində maraqlı olmayan, Bakıya təzyiq göstərmək niyyətində olan dairələrin əsas qayəsi danışıqlar prosesini pozmaq, yenidən dalana dirəməkdir. Məhz bu səbəbdən prosesi sabotaj etmək məqsədilə öz əlaltılarına ara-sıra şərti sərhədlərdə atəşkəsin pozulması təlimatını verirlər. Digər yandan belə təxribata Paşinyan hökuməti özü də gedə bilər. Məlumdur ki, İrəvan hökumətinin də sülhə dair şərtləri, tələbləri var. Ən azından sülh sazişinin öz maraqları çərçivəsində bağlanmasına çalışır. Bir yandan beynəlxalq ictimaiyyətdə sülhü imitasiya edirlər, digər yandan isə prosesi pozurlar. Prosesi zədələməyin ən təsirli metodu məhz sərhəddə təxribat törətmək, atəşkəsi pozmaqdır".