Sovet vaxtı gündəlik olaraq küçələri, yolları sulayıb təmizləyən maşınları paytaxtda görmək mümkün idi. Amma indi bu maşınlardan çox nadir hallarda istifadə edilir.
Sosial şəbəkələrdə yolların yuyulmaması, küçələrin tozlu olması və problemin aradan qaldırılması istiqamətində texnikanın olmaması ilə bağlı şikayətlər edilir.
Bəs küçələrin, yolların təmizlənməsi üçün yuyucu maşınların yenidən istifadəyə verilməsi məsələsi gündəmdədir?
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-a bildirilib ki, departamentin qarajında 12 ədəd yuyucu maşınlar var:
“Məsələ ilə bağlı işlər həyata keçirilir. Hazırda departamentin qarajında 12 ədəd yuyucu maşın var. Onlar həm yolları yuyur, həm də küçələrdən tozun çəkilməsi üçün tozsoran kimi istifadə edilir. Həmin maşınlar səhər saat 6-ya kimi əsas magistral yolların hamısının həm kənarlarını, həm də tozunu təmizləyir. Bu işlər səhər tezdən aparılır ki, tıxaclar olduğu zaman maneçilik törətməsinlər. Bu səbəbdən səhər saat 6-ya kimi bu işlər bitir”.