Yarmarkaya gətirilən balın bu qədəri yararsızdır - RƏSMİ


Bal yarmarkasına təqdim olunan arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarında müayinədən keçirilib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 28-dən oktayabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıblar. Ümumilikdə, götürülən 3241 nümunədən 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.
Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.