Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Röyal Sabirli 7 il 6 ay, Elgün Yusifov 7 il, Vazeh Babayev 2 il, Elşad Namazov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı varmış.
Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri məbləği aralarında bölüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.