Poçtla ABŞ-dan Azərbaycana göndərilən bağlamadan narkotik çıxıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikası vətəndaşının adına ABŞ-dan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada təmiz çəkisi 27,626 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Narkotik maddə “paltar, şirniyyat, dərman” kimi bəyan olunan poçt bağlamasında, işlənmiş geyim əşyalarının arasından çıxıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, aşkar edilən narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuanadır.
Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı”na daxildir.