Adamları iş və pensiya vədi ilə aldadan şəxs saxlanıldı

Quba rayonunda insanları işə düzəltmək, iş və pensiya vədi ilə aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.