Aydın Mirzəzadə: "Prezidentin vergilərin ödənməsi haqqındakı fikirləri də kifayət qədər aktualdır"

“Prezident İlham Əliyevin iqtisadi müşavirədə söylədiyi fikirlər indiyə qədər iqtisadi sahədə aparılan işlərə verilən qiymət idi”.

Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Prezidentin dövlət intizamı barədə fikirləri aktualdır:

“Təqdim edilən hesabatlardan aydın olur ki, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına diqqət edilir. Dövlət bazar münasibətli iqtisadiyyat formasına hörmətlə yanaşır, lazım gəldikdə kiçik müdaxilə ilə onun səmərəli fəaliyyətinə imkan yaradır. Prezidentin dövlət intizamı və vergilərin ödənməsi haqqındakı fikirləri də kifayət qədər aktualdır”.

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Dövlət başçısı müşavirədə nitq söyləyərək bir sıra mühüm məsələlərə toxunub. Müşavirə zamanı ölkənin sosial-iqtisadi durumu və gələcək perspektivləri müəyyən edilib.