Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən görüntü yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə getdiyini qeyd edib. Hərbi kolunun haubitsalar da daşıdığı görünür. Az öncə isə Ermənistan Müdafiə Nazirliyi qüvvələrin Cermukdan geri çəkilməsi barədə xəbəri təkzib etsə də, hərbi kolonun Kərki istiqamətində hərəkəti haqda heç bir məlumat verməmişdi.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənistan mediasında yayılan informasiyalara görə güya rəsmi İrəvan ordusunu Cermukdan geri çəkərək torpağın bir hissəsini Azərbaycana verir:
“Amma dünən Ermənistan Müdafiə Nazirliyi açıqlama verdi ki, heç bir geri çəkilmə yoxdur və Azərbaycana torpaq verməkdən söhbət gedə bilməz. Hesab edirəm ki, ortalığı qarışdırmaq istəyən qüvvələr dezinformasiya yayaraq yenə də gərginlik yaratmaq istəyirlər. Kərki istiqamətində ordu qüvvələrinin hərəkət etməsini göstərən görüntülər həqiqət ola bilər. Burada bizi narahat edəcək heç nə yoxdur. Çünki Ermənistan ordusu öz ərazilərində sərbəst şəkildə hərəkət edə bilərlər. Ermənistanın hazırki vəziyyətində Azərbaycanla müharibə etməsi ağlabatan deyil. Çünki Azərbaycanın gücü qarşısında Ermənistan istədiyi vaxt hansısa təxribata əl ata bilməz”.