İsraildə keçirilən parlament seçkisinin nəticələrinə əsasən, siyasi qüvvələr arasında pat vəziyyəti yaranıb. Aparıcı televiziya kanallarının keçirdiyi ekzit-polların nəticələrinə görə, nə baş nazir Benyamin Netanyahu, nə də onun əsas rəqibi Qadi Ayzenkot 120 yerlik Knessetdə parlament çoxluğunu təmin edə bilir.
Oxu.Az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Televiziya kanallarının məlumatına görə, Netanyahunun partiyası seçkidə birinci yeri tutaraq 25 mandat qazanır. Onun əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi "Yaşar" partiyası isə 21 mandatla ikinci sırada qərarlaşır.
Bununla belə, ümumi müxalifət bloku hazırkı hakim koalisiyanı təşkil edən partiyaların blokunu qabaqlayır. "Kan-11" telekanalının keçirdiyi ekzit-polun nəticələrinə əsasən, mandatların bölgüsü belədir:
- Müxalifət bloku - 53 mandat;
- Netanyahunun bloku - 50 mandat;
- Ərəb partiyaları - 17 mandat.
Proqnozlara görə, nə müxalifət bloku, nə də "Likud"un rəhbərlik etdiyi blok ərəb partiyaları ilə koalisiya qurmağa hazırdır.
Qeyd edək ki, Knessetdə ümumilikdə 120 yer var. Hökumət koalisiyasının formalaşdırılması üçün ən azı 61 mandat tələb olunur. Lakin ekzit-poll nəticələrinə əsasən, hazırda heç bir siyasi blok bu çoxluğu təmin edə bilmir.