İnternetin qiyməti yenə qalxır? 

  • “Aztelekom” qiymət artımından əl çəkmir. Antiinhisar yeni tariflərə şərtlərlə razılıq verdi

“Aztelekom”un internet tariflərini qaldırmaq təklifinin Antiinhisar tərəfindən rədd edildiyini yazmışdıq. Bu barədə Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz məlumat vermişdi. İndi başqa bir məlumat yayılıb. Məlum olur ki, “Aztelekom” təkcə adi internet istifadəçilərə deyil, operator və provayderlərə təqdim olunan xidmət tariflərinin artırılması ilə bağlı da Antiinhisara müraciət edib.

Deməli, “Aztelekom” nə olur-olsun, qiymətləri qaldırmaq iddiasından əl çəkmir. O.Gündüz bu haqda məlumat paylaşaraq bildirir ki, Aztelekom-un daha bir tarif müraciətinə Antiinhisar müəyyən şərtlər daxilində razılıq verib və əlbəttə, bu tariflərin artırılması da dolayı yolla istifadəçilərə də təsir göstərə bilər. Çünki provayderlərin xərcləri artarsa, onların bu artımı sonradan vətəndaşlara təklif olunan qiymətlərə də təsir edəcək: 

- Məlum olduğu kimi, AZCON tərkibində olan, dövlətə məxsus nəhəng təbii inhisarçı olan Aztelekom bir neçə istiqamətdə fəaliyyət göstərir. 

O, həm magistral operator, həm daxili telekommunikasiya şəbəkəsinin sahibi , həm də adi pərakəndə provayder kimi də fəaliyyət göstərir. Yəni bu nəhəng dövlət operatoru həm də internet satır. Digər Provayderlər internet xidmətləri göstərmək və kontenti müştərilərinə çatdırmaq üçün müxtəlif operatorların, o cümlədən də Aztelekom-un şəbəkələrindən istifadə edirlər. Xatırladıram ki, YouTube və Facebook kimi qlobal platformaların bəzi kontentləri ölkə daxilində yerləşən keş serverlərdə saxlanılır və istifadəçilərə həmin serverlərdən çatdırıla bilir. Digər backbone operatorlarının da ölkə daxilində öz şəbəkələri və kontentin çatdırılması imkanları var. Aztelekom isə məhz bu trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflər tətbiq etmək üçün Antiinhisara müraciət edib. Antiinhisar Dövlət Agentliyi araşdırmanın nəticəsində yeni tariflərin tətbiqinə bir sıra şərtlərlə razılıq verib. Agentlik tələb edib ki, Aztelekom inhisarçı olduğundan xidməti eyni vəziyyətdə olan operator və provayderlərə bərabər şərtlərlə təqdim etsin və ayrı-seçkiliyə yol verməsin. Başqa sözlə, Aztelekom-un şəbəkəsindən istifadə edən provayderlərin başqa operatorların və provayderlərin, məsələn DeltaTelecom və AzerTelecom-un bağlantı nöqtələrindən, kontentin çatdırılması şəbəkələrindən və digər şirkətlərin xidmətlərindən istifadə imkanları məhdudlaşdırılmamalıdır. Həmçinin xidmətin tarifləri, qoşulma və müraciətdən imtina şərtləri, standart müqavilə və şikayət proseduru “Aztelekom”un saytında açıq dərc edilməlidir. Düşünürəm ki, bu şərtlər məntiqlidir və bazarda rəqabətin qorunması baxımından çox vacibdir. Antiinhisarın qərarı təqdirəlayiqdir. Bununla belə, açıqlamada yeni tariflərin məbləği, onların konkret hansı xidmətə və trafikə tətbiq olunacağı, ödənişin kimdən alınacağı göstərilmir. Bu məsələlərə də aydınlıq gətirilməsi faydalı olardı.