İnsanların kütləvi şəkildə küçələrə axın etməsi yoluxmanı artırıb
Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, ölkə ərazisində pandemiyaya yoluxma dinamikası gündəlik artmaqdadır.
Xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.
Qeyd edək ki, karantin rejiminin mərhələli şəkildə yumşaldılması qərarına uyğun olaraq, bir sıra iş yerləri, fərdi satış obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilmək şərti ilə bərpa olunub.
Bu qərardan sonra paytaxtda gediş-gəliş ciddi rejim günləri ilə müqayisədə artmağa, şəhər canlanmağa başlayıb.
Son günlərdə ölkəmizdə koronavirusa yoluxma dinamikasının artmasını təəssüflə qeyd edən həkim- infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Sherg.az-a açıqlamasında deyib ki, karantin rejiminin yumşaldılmasından dərhal sonra insanların kütləvi şəkildə küçələrə axın etməsi yoluxmanı stimullaşdırıb:
"Yollarda hərəkət edən avtomobillərin və piyadaların sayı həddindən artıq çoxdur. Xüsusən də dayanacaqlarda, fəaliyyəti bərpa edilən ticarət obyektlərində əhali sıxlığı müşahidə olunur. Əksəriyyət də maskasız gəzir. Nə məsafə saxlanılır, nə də digər karantin qaydalarına əməl olunur. Çox güman ki, koronavirus pandemiyasına yoluxma sayında müşahidə edilən artım bununla əlaqədardır. Koronavirus infeksiyası hava-damcı yolu ilə yoluxduğuna görə vətəndaşlarımız evdən çıxarkən mütləq maskadan istifadə etməlidir. Əgər buna könüllü şəkildə nail ola bilmiriksə, maska taxmaq da məcburi olmalıdır. Bəlkə bu zaman yoluxma sayında müəyyən qədər azalmalar oldu".
Həkimin fikrincə yoluxma sayının bu qədər artmasının digər səbəbi çarter reyslər vasitəsi ilə xaricdə qalan vətəndaşlarımızın ölkəyə qayıtmasıdır. Gündəlik olaraq xüsusi reyslər vasitəsilə sərnişindaşıması həyata keçirilir. Xaricdən gələn şəxslər arasında da virusa yoluxan şəxslər var. Sözsüz ki, ölkə daxilində insanların bir-birini yoluxdurması faktları da yox deyil.