Dələduzluq ! - Bir mənzilin iki sahibi: “Qanunvericilikdə dəyişiklik edilsin”

Adətən seriallarda "bir mənzilin iki sahibi" ssenariləri ilə qarşılaşırıq. İndi isə reallıqda rastımıza çıxıb. XXI əsrdə, müasir dövrdə yaşamağımız baxmayaraq, belə dələduzluq halları ilə təəssüf ki, üzləşirik. Bu dəfə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yeni tikilən binada bir mənzil iki şəxsə satılıb.

Bu binada məlum hal ilk deyil. Binadan mənzil alan digər şəxslər də bildirirlər ki, onlara satılan mənzilin iki sahibi var.
Qeyd edək ki, “RT LTD” MTK-dan verilən məlumata görə, şikayətçilərin problemi artıq həll olunub. Yaxın günlərdə onların verdikləri pul geri qaytarılacaq.



Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı - ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı dəfələrlə cinayət işləri açıldığını deyib:

"İnsanların sadəlövh olmasından daha çox, məsələnin qanunvericilik səviyyəsində həllinə dair problemlər var. Bəzi ölkələrdə yeni tikililərin satışına təhvildən sonra icazə verilir. Bizdə isə belə deyil.

Elə binalar var ki, hələ də dövlət tərəfindən qeydiyyata alınmayıb. Bu da bina tikənlərə özlərinin daxili qaydalarına uyğun olaraq adi kağız parçası kimi müqavilə bağlamalarına imkan yaradır.

Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var. Bir neçə qurumdan icazə alınmalı, həmçinin insan faktorunun müdaxilələri də olmamalıdır. Lakin Azərbaycan reallığında isə çox zaman icazələr üçün qeyri- leqal ödənişlərin olması tələb edilir.

Nəticədə mənzilin bir neçə vətəndaşa satılması vəziyyəti yaranır”.