Dünya boyunca yayılan koronavirus bəlasına Azərbaycanda 245370 nəfər yoluxub, 235606 nəfər sağalıb, 3464 nəfər isə vəfat edib.
Belə göstəricilərin olmasına baxmayaraq, necə deyərlər, insanlar iki qrupa ayrılıb: virusa "inanmayanlar" və "inananlar".
Mütəxəsisslərə görə, məlumata inam (və ya inamsızlıq) probleminin bir hissəsi informasiyanın çox olması ilə bağlı ola bilər.
Təbii, bu hal təkcə Azərbaycanda yox, xaricdə də yaşanır. Lakin məsələnin məğzi heç kimə yetəri qədər aydın deyil...
SHerg.az xəbər verir ki, Avropa.info xəbər portalının direktoru, jurnalist Ruslan Bəşirli də koronavirus infeksiyası barədə "facebook" səhifəsində paylaşım edib:
"Niyə kimsə soruşmur ki, bu COVİD-19 Çində çıxdığı halda Çin heç bir vaksin istifadə etmədən bu virusun qarşısını necə "aldı"? Necə olur ki, 1 milyard 500 milyon əhalisi olan Çin vaksin hələ icad olunmadığı vaxtda koronanın qarşısını "alır" və bu gün bütün dünyaya vaksin satır? 1 milyard 500 milyon əhalisi olan Çində COVİD-19-dan ölənlərin sayı heç 10 minə də çatmır. Təsəvvür edirsinizmi, 1 milyard 500 milyon əhalisi olan Çində koronaya yoluxanların sayı cəmi 90115, sağalanların sayı 85321, ölənlərin sayı 4636 nəfər olub. Üstəlik Çinin cəmi 4 əyalətində olub bu koronavirus. Bu qədər əhalisi olan bir ölkədə virusun digər əyalətlərə yayılmaması mümkündürmü? Çinin digər əyalətlərinə yayılmadı, amma bütün dünyaya yayıldı və milyonlarla insanı öldürdü eləmi? Xatırlayın, koronavirus həngaməsi başlayanda dünyaca məşhur media orqanları "Çində insanlar küçədə yeridiyi yerdə yıxılıb ölür" kimi kampaniya aparırdılar. Bəs nə oldu da birdənbirə bu "küçələrdə insanları öldürən" virus Çində yoxa çıxdı və dünyada sürətlə elə yayıldı ki Çinin adı rəsmən unuduldu? Çinin adı bir də vaksin məsələsi ortaya çıxanda xatırlandı. "Küçələrində insanları virusdan ölən" Çin indi bütün dünyaya vaksin satır və milyonlarla dollar para qazanır. Bütün bu məsələlərdə bir qəribəliklər yoxdurmu yəni?".