16 yaşlı gənc müəllimin taleyi...
16 yaşlı gənc müəllimin taleyi...
İlk xanım pedaqoqlardan Törə xanım Zamanovanın həyatı, fəaliyyəti araşdırılmayıb.
H.Z.Tağıyevin Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki oğlan və qızlar üçün birsinifli
ibtidai məktəbinin tatar, yəni Azərbaycan dili və şəriət müəllimi Törə Məşədi Rəsul qızı
Zamanovanın pedaqoji fəaliyyəti haqqında demək olar ki, indiyə kimi araşdırma aparılmayıb.
Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidməti olan, lakin haqqında bugünədək heç bir
məlumat dərc edilməyən növbəti qadın pedaqoqlardan biri də Törə Məşədi Rəsul qızı Zamanovadır.
Törə Zamanova haqqında nə ensiklopediyalarda, nə də ki, digər kütləvi nəşrlərdə, hətta internet
saytlarında, vikipediyada hər hansı bir məlumat aşkar etmək mümkün deyil. Bu qadın pedaqoqun
fəaliyyəti bugünədək öyrənilməyib və cəmiyyətimizə tanıdılmayıb. Amma Azərbaycanda
savadsızlığın aradan qaldırılmasında, məktəb-təhsil işinin yayılmasında rolu və xidməti olmuş
pedaqoqların fəaliyyəti öyrənilərək cəmiyyətimizə tanıdılmalıdır. Törə Zamanova Azərbaycanda neft
sənayesinin inkişafında xidmətləri olan böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim
H.Z.Tağıyevin Bakı şəhərində təsis etdiyi Aleksandrinski, eləcə də Mariyin məktəbinin kurslarını
bitirib. Xatırladıram ki, Azərbaycanda milli ziyalı qadın təbəqəsinin yaranmasında, dünyəvi qadın
təhsilinin inkişafında, Azərbaycan qadınının dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk
müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri var. Bu məktəbi bitirən onlarla azərbaycanlı qızlar,
o cümlədən Səidə xanım Şeyxzadə, Mina xanım Aslanova, Ayna Musabəyova, Fatma Sultanova,
Maral Bayraməlibəyova, Xeyransa Axundova, Sona Axundova, Nabat Nərimanova və onlarca digər
qadın-pedaqoqlar sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində millətimizin mədəni tərəqqisində,
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak ediblər.
H.Z.Tağıyevin müsəlman qızlar üçün təsis etdiyi Aleksandrinski qadın məktəbinin, həmçinin
Mariyin məktəbinin kurslarını bitirən Törə xanım Zamanova 1915-ci il sentyabrın 1-də Hacı
Zeynalabdin Tağıyevə ərizə ilə müraciət edərək ona fabrika nəzdində təsis edilən həmin məktəbdə
tatar (Azərbaycan dili) müəlliməsi vakant yerinin verilməsini xahiş edib. Törə xanım Zamanova eyni
məzmunlu ərizə ilə 1915-ci il sentyabrın 1-də həmçinin Bakı quberniyası və Dağıstan Vilayətinin
xalq məktəbləri müfəttişinə də müraciət edib.
Törə xanım Zamanova istər H.Z.Tağıyevə, istərsə də Bakı quberniyası və Dağıstan vilayətinin xalq
məktəbləri müfəttişinə ünvanladığı ərizələrində sənədlərinin Aleksandrinski məktəbinin
dəftərxanasında olduğunu qeyd edirdi. Törə xanım Zamanovanın H.Z.Tağıyevə ünvanladığı
ərizəsinin dərkənarında məktəbin müdiri Vera Stefanovskaya tərəfindən aşağıdakılar qeyd edilib:
"Hacı göstəriş vermişdir ki, Törə Zamanova tatar (Azərbaycan dili) müəlliməsi kimi qəbul edilsin”.
Daha sonra məktəbin müdiri Vera Stefanovskayanın 3 sentyabr 1915-ci il tarixdə Törə xanım
Zamanovaya ünvanladığı məktubda qeyd edilirdi: "Lütfkar məlikə, məlumat verirəm ki, siz
sentyabrın 1-dən etibarən Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbə
tatar, Azərbaycan dili və şəriət müəlliməsinin vəzifələrini icra edən təyin edilirsiniz. Təxirə
salınmadan qulluq yerinə gəlməyinizi təklif edirəm”.
Müvafiq arxiv sənədlərində təəssüflər olsun ki, Törə Zamanovanın avtobioqrafik məlumatları aşkar
edilməyib. Ona görə də onun avtobiaqrafiyası haqqında hər hansı bir məlumat vermək çətindir. Lakin
Törə xanım Zamanovanın doğum tarixini Bakı quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri
Direktorunun Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə 22 sentyabr 1915-ci il
tarixdə göndərdiyi məktubla təqribən müəyyən etmək mümkündür. Belə ki, həmin məktubda Bakı
quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktoru qeyd edirdi: "Aleksandrinski
məktəbinin kurslarını bitirmiş Zamanova mənim yanımda olarkən bildirmişdi ki, onun heç on altı
yaşı yoxdur. Buna görə də o, müəllimə vəzifəsini icra edən təyin edilə bilməz və yalnız məktəbdə
dərslərə ezam edilə bilər. Bunu sizə binagüzarlıq üçün bildirirəm”.
Törə xanım Zamanovanın doğum tarixini təsdiq edən və yaxud bu barədə məlumat verən digər hər
hansı bir sənəd yoxdursa, bu məlumata əsaslanaraq qeyd etmək olar ki, Törə xanım təxminən 1899-
1900-cü illərdə anadan olub. Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müfəttişinin
H.Z.Tağıyevin fabrikasının nəzdindəki məktəbin müdirinə göndərdiyi 3 sentyabr 1915-ci il tarixli
məktubda Törə xanım Zamanovanın Bakı Aleksandrinski və Mariyin məktəblərinin kurslarını
bitirdiyi haqqında məlumat qeyd edilib.
Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamenti hərbi xidmətə çağırılanların əvəz edilməsinə
dair görüləcək tədbirlər haqqında hazırladığı arayışı 1915-ci il sentyabrın 11-də Xalq məktəblərinin
direktorlarına göndərmişdir. Həmin arayışda qeyd edilirdi:”... əvvəllər ibtidai məktəblərdən
hərbiyəyə çağırılanların böyük əksəriyyətinin hərbi hissələrdə saxlanılması, həmçinin hərbi xidmətə
yeni könüllü kontingentinin cəlb edilməsi məktəblərin doğru fəaliyyətini təmin etmək üçün bizdən
hərbiyəyə çağırılanları əvəz edə biləcək hazırlıqlı şəxslərin axtarıb tapılması və onların əvəz edilməsi
işlərinə qayğı ilə yanaşılmasını tələb edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Departament
sizlərdən xahiş edir ki, hərbi xidmətə çağırılanları və könüllərin yeni kontingentini əvəz edə biləcək
şəxslərin işə cəlb edilməsi işinə diqqəti artırasınız”.
Çox güman ki, Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamentinin hərbi xidmətə çağırılanların
əvəz edilməsi üzrə görüləcək tədbirlər haqqında sirkulyarın tələblərinin yerinə yetirilməsi məqsədilə
Törə xanımın 16 yaşı olmasına baxmayaraq, məktəbə müəllimə kimi qəbul edilmişdir. Arxiv
materialları təsdiq edir ki, Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbdə
tatar (Azərbaycan dili) və şəriət müəlliməsi vəzifəsində 11 sentyabr 1910-cu ildən 1 sentyabr 1915-ci
ilədək Rza bəy Lətifbəyov olub. Rza bəy Lətifbəyov 5 sentyabr 1915-ci il tarixli ərizəsinə uyğun
olaraq işdən azad edilib.
Tarixdən məlumdur ki, Rusiya İmperiyasının ictimai-siyasi həyatı 1917-ci ildə baş vermiş müxtəlif
çevriliş və inqilablarla müşayiət olunub. Fevralın 27-də paytaxt Petroqradda baş verən fevral
demokratik inqilabı fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bununla yanaşı, Rusiyanın siyasi
həyatındakı təlatümlər bitməyib davam edirdi. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik
çevrilişi baş verdi. Rusiyanın paytaxtında baş verən inqilabi çevriliş Bakıya da təsirsiz ötüşmədi.
Bakıda 1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək hakimiyyətdə olan Bakı sovetinin 25 aprel
1918-ci il tarixli qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Xalq Maarif Komissarlığı
yaradıldı. Bununla da Azərbaycanda məktəb işinin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi və
s. məktəb-təhsil məsələləri Xalq Maarif Komissarlığının qarşısında duran məsələlərdən biri sayıldı.
H.Z.Tağıyevin Fabrikası nəzdindəki məktəbin müəlliməsi Törə Zamanova 14/27 may 1918-ci il
tarixdə Bakı Soveti tərkibindəki Xalq Maarif Komissarlığına ərizə ilə müraciət etdi. Onun həmin
ərizəsində qeyd edilirdi: "1916-cı ildən etibarən mən Tağıyevin məktəbində müəlliməyəm.
Komissariatın əmrinə əsaslanaraq bildirirəm ki, bundan sonra da həmin məktəbdə müəllimə olaraq
qalıb işləmək istəyirəm. Xahiş edirəm məni adıçəkilən məktəbə müəllimə vəzifəsinə qəbul edəsiniz.
Mənim bütün sənədlərim Xalq Məktəbləri Direksiyasındadır. Cari ildə mən heç yerə getməmişəm və
getməyəcəyəm, Tağıyevin fabriki nəzdindəki öz evimdə qalacam. Əmrə uyğun olaraq məndən
partiyadan vəsiqə tələb edilir ki, bunu da mən təqdim edə bilməyəcəyəm, çünki heç bir siyasi
partiyada işləməmişəm".
H.Z.Tağıyevin toxuma-əyirmə fabriki nəzdində yaradılan məktəb həm oğlan, həm də qız uşaqları
üçün nəzərdə tutulurdu. Həmin məktəbdə fabrikada çalışan fəhlələrin hər iki cinsdən olan övladları,
həmçinin Əhmədli və Zığ kəndlərindən gələn uşaqlar təhsil alırdılar. Arxiv sənədləri təsdiq edir ki,
H.Z.Tağıyevin fabriki nəzdində yaşlılar üçün də axşam kursları fəaliyyət göstərib. H.Z.Tağıyevin
Lifli maddələrin emalı Qafqaz səhmdar cəmiyyətinin direktoru 1916-cı il yanvarın 18-də Xalq
Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək xalq məktəblərinin
proqramları üzrə məktəbin binasında fəhlələr üçün axşam məşğələlərinin açılmasını xahiş edir. Bakı
quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktorunun 1916-cı il fevralın 25-də Xalq
Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə göndərdiyi 2093 saylı məktubda qeyd
edilirdi ki, həmin məşğələlərdə pedaqoji fəaliyyəti şəhər məktəbinin kursunu bitirmiş Abdullayev
Mir Məcid tərəfindən həyata keçiriləcəkdir. Gələn tədris ilindən etibarən isə yaşlılarla məşğələlərin
aparılması üçün daha münasib şəxsin axtarıb tapılması mənim tərəfimdən təklif edilmişdir. Həmin
dövrdə fabrika nəzdindəki məktəbin müdirəsi xanım M.Reyn olmuşdur.
Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, ölkəmizdə təhsilin və məktəb işinin inkişaf
etdirilməsində rolu və xidməti olan hər bir müəllim və pedaqoqun zəhməti xalqımız tərəfindən
unudulmur və daim yüksək qiymətləndirilir. Törə xanım Zamanovanın da ölkəmizdə savadsızlığın
aradan qaldırılmasında, uşaqların təhsil ocağı olan məktəblərə cəlb edilməsində və onlara dünyəvi
təhsil verilməsindəki xidmətləri böyük hörmət və ehtiramla bu gün də anılır. Zəngin arxiv
materialları içərisindən Törə xanım Zamanovanın pedaqoji fəaliyyətini əks etdirən sənədlərin
araşdırılaraq tapılması və həmin sənədlər əsasında onun pedaqoji fəaliyyətinə dair bu məqalənin
yazılması onun xatirəsinə hörmət və ehtiramla yanaşılmasının bariz nümunəsidir.
Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi