Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif

  • 69 faizədək azaltmaq mümkündür, avtomobillərə daha az yer verilməlidir

Paytaxtımızın tixac problemi həllini tapmır. Metropolitenin “28 May”-“Nizami” stansiyaları arasında tunel tikintisi ilə əlaqədar hərəkət dayandırıldıqdan sərnişin axınının yerüstü nəqliyyata yönəlməsini təmin etmək məqsədilə AYNA tərəfindən əlavə marşrutlar açıldı, xətlərə buraxılan avtobusların sayı artırıldı.

Müşahidələrsə göstərir ki, nəticədə yollarda sıxlıq daha da artıb. İctimai nəqliyyatın əsas yükünü daşıyan metronun tam fəaliyyəti tez və ya gec bərpa olunacaq. Lakin bu, paytaxtın tıxac probleminin həllinə kömək olacaqmı? 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hesab edir ki, Bakıda tıxacları azaltmaq üçün hərəkəti məhdudlaşdırmaq yox, sakitləşdirmək lazımdır. Sherg.az-a açıqlamasında ekspert bildirdi ki, nəqliyyatın hərəkətini sakitləşdirən tədbirlər var, bu tədbirlərin həyata keçirilməsi tıxac probleminin həllini əsaslı kömək edə bilər: 

- Hərəkəti sakitləşdirən tədbirlərə sürət həddinin azaldılması, səkilərin genişləndirilməsi, yolun daraldılması və təhlükəsiz piyada keçidlərinin yaradılması daxildir. Bunlar küçənin özündə və ətraf ərazilərdə avtomobil hərəkətinin azalmasına səbəb ola bilər. Meta-tədqiqatın nəticələrinə görə, avtomobil trafikində azalma, 15-28% genişmiqyaslı layihələrdə, 25-69% şəhər mərkəzlərində, 4-52% ayrı-ayrı küçə layihələrində qeydə alınıb. Bu rəqəmlər hər layihədə eyni nəticənin əldə ediləcəyinə zəmanət vermir. Nəticə tədbirlərin miqyasından, ictimai nəqliyyatın keyfiyyətindən və alternativ marşrutlardan asılıdır. Bakı üçün əsas məsələ avtomobillərə daha çox yol vermək deyil, küçələri insanlar üçün daha əlçatan və təhlükəsiz etməkdir. Düzgün planlaşdırma ilə həm piyada mühitini yaxşılaşdırmaq, həm də avtomobildən asılılığı azaltmaq mümkündür.