Zəngəzur dəhlizinin təməli qoyuldu:“Türkiyə və Azərbaycan israrlıdır”

Tofiq Zülfüqarov:“ Bərpa işlərinin təməli qoyulub, hələ işlərin başlanğıcıdır” 

Samir Hümbətov:“ Ermənistan ərazisində də Zəngəzur dəhlizinin açılması məsələsi tam başlayacaq”


26 oktyabr Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət başçıları daha sonra Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. Azərbaycan avtomobil yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib. 

Prosesi “Sherg,az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, işlər nə vaxt bitəcəksə, Zəngəzur dəhlizi o zaman açılacaq:

“Bərpa işlərinin təməli qoyulub. Çünki artıq bir neçə yerdə yenidən  yol çəkilməlidir. Bu aspektdən nəzərə alsaq, hələ işlərin başlanğıcıdır”.  

Politoloq Samir Hümbətov qeyd edib ki, bu məsələ artıq öz aktuallığını daha da artırmağa başlayıb:

“Keçən ilin 10 noyabrında bununla bağlı hüquqi baza tam şəkildə hazırlanıb. Hüquqi bazanın ikinci mərhələsi 11 yanvar 2021-ci ildə formalaşdırılıb. Üçüncüsü isə məhz bu məsələdir. Bu Füzuli aeroportunun açılışında da, Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq təməl məsələ gündəmə gəldi”. 

Politoloq hesab edir ki, 8-9 noyabrdan bir neçə gün sonra Moskvada baş tutacaq görüşün ardından həmin məsələlərin müzakirəsi aktuallaşacaq:

“Düşünürəm ki, bu, artıq reallığı daha da yaxınlaşdırır və dəhlizin açılma prosesi demək olar ki, atılan addımlar nəticəsində yaxın zamanda reallaşa bilər. 

Təbii ki, burada Ermənistanın mərkəzdənqaçma, sözündən geri durma planları da baş tutacaq kimi görünmür. 

Dəhlizin açılması işi onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan bu məsələdə daha israrlıdır və bir mövqedən çıxış edirlər. 

Bütün bunları nəzərə alaraq demək mümkündür ki, yaxın günlərdə məhz Zəngəzur dəhlizinin açılması alt baza olaraq formalaşacaq. Nəticə etibarilə Azərbaycan artıq Ermənistan ərazisində də proseslə bağlı texniki və struktur işlərinin aparılmasına başlayacaq. 

Bu da təbii ki, ölkəmiz baxımından olduqca vacib, əhəmiyyətə malik məsələlərdən biri hesab olunur. Təbii ki, dəhlizin açılmasından sonra orada yol çəkilişi də, texniki işlərin aparılması kimi analoji proseslər var. 

Bu səbəblərdən bir müddət vaxt ala bilər. Məsələ ilə bağlı lazım olan bütün şərait artıq demək olar ki, yaradılıb. Qalan bəzi işlər isə əsasən Ermənistan ərazisi ilə əlaqəlidir.

Ümid edirik ki, yaxın zamanlarda artıq Ermənistan ərazisində də Zəngəzur dəhlizinin açılması məsələsi tam başlayacaq və texniki işlər aparıldıqdan sonra dəhliz istifadəyə veriləcək”.