“Azərbaycan “İskəndər-M” söhbətini qabartmaqla Qərbə top atdı, amma Qərb bu topu “qapıya” vurmaq əvəzinə ayağından çıxardı. Qərb hazırda Rusiyanın təşəbbüslərinə alternativ ortaya qoya bilmir. Buna görə də, Azərbaycan-Türkiyə tandemi Rusiya ilə strateji əlaqələrin inkişafını ön plana çıxarır”.
Bu barədə “Sherg.az”a siyasi analitik Aqşin Kərimov bildirib. Onun sözlərinə görə, genişmiqyaslı toqquşmalar Rusiyaya sərf etmir, amma kiçikçaplı da olsa münaqişə və ya ən azından mübahisə ocaqları yaratmaq, bununla proseslərə təsir imkanları saxlamaq Kremlin strategiyasında qırmızı xətlə keçir:
“Digər tərəfdən, Rusiya girdiyi ərazilərdən çıxmağı qarşıya hədəf qoymayıb, bunu aşağı-yuxarı hamı bilir. Ancaq Rusiyanın bölgədəki rolu, sülhyaratma prosesindəki təşəbbüsləri Qərbin passivliyi fonunda aktuallıq qazanır.
Təbii ki, Kremlin sülhündə mübahisə üçün barmaq yerləri də çox olur. Ona görə də Vladimir Putin postmüharibə dövründəki vəziyyəti “yaxşı müharibədənsə pis sülh” adı altında təsvir etmişdi.
Qərb bu zamana qədər donmuş münaqişələrin buzunu aça bilməyib, yalnız Azərbaycan-Türkiyə ikilisinin Kremllə maraqları uyğunlaşdırıldıqdan sonra postsovet məkanında presedent yarandı. Söhbət təbii ki, Qarabağın işğaldan azad edilməsindən gedir.
Azərbaycana gəlincə, təbii ki, dövlətin strateji xəttində Rusiya sülhməramlılarının məlum ərazilərdən çıxarılması məsələsi yer alır. Amma bu, zaman məsələsidir, düzgün və risk gətirməyəcək kombinasiyanın qurulması vaxt alır.
Ankara ilə bu işdə təmaslar güclənsə də, Kremlin təsir imkanları bölgədə daha çoxdur. Bakı-Ankara “körpüsü”ndə çox işlər görülür, burada Kremllə uyuşan məqamlar olsa da, toqquşan maraqlar da mövcuddur.
İstənilən halda, Soçi bəyanatı Bakının da, Ankaranın da maraqları ilə uzlaşır. Hansı məqamların uzlaşmadığı isə gedişatlar zamanı üzə çıxacaq. Moskvanın maraqlarındakı digər aspektlərlə bağlı ayrıca yazımız da olacaq”.