“Bolt Food” kuryerlərinin qara günləri başlayıb
Özbaşınalıq hökm sürür. Əmək Məcəlləsinin tələbləri pozulur. İqtisadiyyat Nazirliyi məsələyə əncam çəkməlidir
“Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri daşıma xidmətinin qiymətinə etiraz edirlər. Çatdırılma fəaliyyəti ilə məşğul olan işçilər hətta aksiya keçirməyi də planlaşdırıblar. Yürüşə çıxanlar çantalarına “Qiymətlər qalxmayana qədər işləməyəcəyik” şüarı yapışdırmalıdırlar. Eyni zamanda mobil applikasiyasını bağlayaraq, işə çıxmayacaqlar. Daha sonra daşıma xidmətinin qiymətinin aşağı olmasına etiraz edən kuryerlərin işdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, aprelin 21-də isə “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər. Bildirilib ki, şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb.
Nəzərə alsaq ki, kuryer kimi çalışanlar arasında ailə başçıları, tələbələr var, etirazlarını haqlı hesab etmək olar. Hazırda gündən-günə kuryer xidmətindən yararlananların sayı artır. Belə olduğu halda, daha çox işçiyə ehtiyac olur. Kuryer əməkdaşlar isə onlara edilən ödənişlərin qənaətbəxş olmadığını bildirirlər. Narazılıq edənləri də işdən çıxarırlar. Bəs, onlar ailələrini necə saxlasın?! Tələbələr sırf valideynlərinə yük olmasınlar deyə gündüzlər oxuyub, gecələr kuryer fəaliyyəti ilə məşğul olurlar. Amma o əziyyətlərinin qarşılığında qazandıqları məvaciblər ürəkaçan deyil.
Başqa bir problem isə bəzən kuryerlərin yemək çatdırılma zamanı motosiklet və velosipeddən istifadə edərkən yol hərəkəti qaydalarına riayət etməməsidir. Sonda isə bədbəxt hadisələrin yaşanmasına şahid oluruq.
Nəqliyyat məsələləri üzrə ekspert, "avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında bildirib ki, kuryer xidməti ilə bağlı problemlər demək olar ki, ya "Wolt"da, ya da "Bolt Food"da çıxır:
"Bəzi şirkətlər kuryerləri sifariş çatdırılması zamanı tələsdirirlər. Məcbur edirlər ki, qidanı, əşyanı müştəriyə yarım saat ərzində çatdırmasalar, əmək haqlarından 10 AZN tutulur. Ona görə də onlar naçar qalaraq, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar, qəzalar baş verir. Neçə əməkdaşı maşın vurub, öldürüb. İndi də qiymətlərlə bağlı şirkətlərin özlərinin açıqlamasına görə, Ramazan ayı olduğu üçün çox sifariş yoxdur. Bu səbəbdən qiymətləri aşağı salıblar".
Ekspert diqqətə çatdırıb ki, bütün hallarda bu sahədə ciddi boşluqlar var:
"Özbaşınalıq hökm sürür. Əmək Məcəlləsinin tələbləri pozulur. İqtisadiyyat Nazirliyi məsələyə əncam çəkməlidir. Orada işçilərin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər görülməlidir. Əmək qanunvericiliyinə uyğun, əməkdaşlarla müqavilə bağlanmalıdır. Rəsmi şəkildə işçi kimi tanınmalıdırlar. Onlara da konkret ödənişlər müəyyənləşdirilməlidir. Verilən maaşın necə və kimin istəyi əsasında hesablandığını da aydınlaşdırmaq lazımdır. Hazırda təəssüf ki, Bolt Taksi, Uber Taksi xidməti, "Wolt" və "Bolt Food" kuryer fəaliyyəti yalnız insanları istismar etməklə məşğuldur. Məsələyə birdəfəlik son qoyulması üçün dövlət qurumları mütləq müdaxilələr etməlidir. Kiminsə maraqları yox, dövlətin qanunu bərqərar olmalıdır".