İnsanlar layk yığmaq, ana səhifəyə düşmək üçün daha bilmirlər fərqli nə etsinlər
"Bu hələ inkişafın pik nöqtəsi deyil. Bundan sonrakı illərdə sosial şəbəkələrin hansı səviyyədə inkişaf edəcəyini, hansı həddə gəlib çatacağını bilmirik"
Metronun "20 yanvar" stansiyasında platformadan relslərin üzərinə tullanaraq, tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb. Müəyyən edilib ki, yetkinlik yaşına çatmayan qızlar iki bacıdır. İlkin araşdırmalar zamanı məlum olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində video çəkib, paylaşmağı planlaşdırıblar. Onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək, həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan zaman dərhal saxlanılıblar. Bakı Metropoliteninin Polis İdarəsinə aparılıblar. İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə çağırılıb, daha sonra onların izahatları alınaraq, sərbəst buraxılıblar.
Xatırladaq ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb. Təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
Son zamanlar "TikTok" istifadəçilərinin sayı xeyli artıb. Böyükdən kiçiyə vaxtlarının çox hissəsini orada keçirirlər. Oraya daxil olanları, videolar çəkənləri tənqid edənlər də olur. Cəmiyyətin digər hissəsi isə əyləncə, bilgilənmə məqsədli də bura baş vururlar. Hətta informasiyaları, xəbərləri oradan aldığını deyənlərə də rast gələ bilərik. "TikTok" platformasına keçid o qədər artıb ki, insanlar layk yığmaq, ana səhifəyə düşmək üçün daha bilmirlər fərqli nə etsinlər. Qeyri-adi yollara əl ataraq, "TikTok" fenomeni olmağı arzulayırlar. Hələ orada canlı bağlantılar açaraq, pul qazanmaq sevdası da var. Qızların belə addım atması isə təbii ki, ağlasığmazdır. Həyatlarını təhlükəyə atıblar. Öz canlarını uçuruma yuvarlamaqla yanaşı, ətrafdakı insanların da rifahına maneə törədirlər. Hər kəs ictimaiyyət arasında davranış qaydalarını bilməli, onlara əməl etməlidir ki, faciəvi sonlqulara şahidlik etməyək.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, texnologiyaların inkişafı, onlayn platformaların geniş vüsət alması, sosial şəbəkələrdən aktiv istifadəsinin müsbət olduğu kimi, mənfi tərəfləri də artıq özünü göstərir:
"Belə hərəkətlərin təhlükələri barədə yaxşı olardı ki, insanlar kiçik yaşlarından orta məktəblərdə, ibtidai siniflərdən məlumatlandırılsınlar. Artıq təhsilin ilk pilləsində oxuyan şagirdlərin əksəriyyətinin mobil telefonları var, sosial şəbəkələrə çıxışları mövcuddur. Ona görə də uşaqlara bununla bağlı müəyyən təlimatlar, təhlükəsizlik öyrədilməlidir. Azyaşlıların cəmiyyətdə faydalı vətəndaş kimi yetişməsində bilgiləndirici məşğələlərə cəlb olunma ehtiyacı duyulur.
Təbii ki, valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqların maraq dairələrini müəyyənləşdirməli, rəsm, idman, musiqi kimi sahələrə yönəltməlidirlər. Sosial şəbəkələrin bəzən təhlükəli olduğunu da izah etsinlər. Əks təqdirdə nə qədər maarifləndirmə aparılsa da, televiziyalarda, qəzetlərdə, saytlarda məlumatlandırıcı xəbərlər, məqalələr dərc olunsa da, xeyri olmaz. Bunu ancaq valideynlər sayəsində və orta məktəblərdə profilaktik tədbirlər, təlimlərin təşkili ilə aşılamaq mümkündür. Nəzərə almaq lazımdır ki, bu hələ inkişafın pik nöqtəsi deyil.
Bundan sonrakı illərdə sosial şəbəkələrin hansı səviyyədə inkişaf edəcəyini, hansı həddə gəlib çatacağını bilmirik. Əgər proqramlaşdırılmış bir sistem olmasa, təbii ki, təhlükələr daha da genişlənmiş olar".