İllərdir, müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Azərbaycan regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün bütün imkanlardan yararlanır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev ölkəmizin sülh arzusunu dəfələrlə dünyaya mesaj kimi ötürüb. Lakin Ermənistan bu istiqamətdə hələki qətiyyətli addım atmayıb. Artıq dünya ölkələri də sülhə dair təşəbbüslər ortaya qoyurlar. ABŞ Bakı və İrəvanı münasibətləri normallaşdırmağa və hərtərəfli sülh sazişi bağlamağa çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib ki, ABŞ tərəflərə kömək etməyə hazırdır. Həll olunmamış məsələləri çözmək lazımdır.
ABŞ-ın çağırışını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, sözügedən addım diplomatik balans saxlamaq kimi görünür:
"Sülhə dair çağırışlar Ermənistana ünvanlanmalıdır. Çünki Azərbaycan sülh sazişinə hazırdır və İrəvanın da təsdiqlədiyi 5 baza prinsipini irəli sürüb. Vaşinqtonun balanslı çağırışı Ermənistanı sülh sazişi imzalamağa məcbur etmir. Münaqişənin mövcudluğu illərində də eyni yanaşma sərgilənirdi. İşğalçı ilə işğala məruz qalanın eyni səviyyədə tutulması məsələnin həllinə imkan vermirdi. İndi sülh sazişi məsələsində də eyni yanaşma var, halbuki prosesin sürətlənməsini istəyirlərsə, belə çağırışlar İrəvana söylənilməlidir".
A.Nərimanlı bildirib ki, hazırda sülh sazişi məsələsində ciddi irəlləyiş yoxdur, məsələ kağız üzərində razılaşdırılıb:
"Birgə komissiyaların yaradılması və danışıqları aparacaq qrupun tərkibinin müəyyənləşməsi kiçik irəliləyişlərdəndir. Sərhəd üzrə birgə komissiyanın ilk iclası da yaxın günlərdə Moskvada keçiriləcək. Belə görünür ki, indiyə qədərki addımlar Ermənistanı sülh sazişinə razı salmaq istiqamətində idi. İndi sazişin imzalanması üzərində müzakirələr başlayır. Yəni prosesin yeni başladığını deyə bilərik. Ermənistan tərəfi 5 prinsipi qəbul etsə də, Qarabağdakı ermənilərlə bağlı istəkləri var. Məncə, əsas müzakirə mövzusu da bunun üzərində gerçəkləşəcək. Digər tərəfdən, Qərb və Rusiyanın Bakı-İrəvan münasibətlərində vasitəçilik mübarizəsi prosesi çətinləşdirə biləcək amillərdəndir.
Hər iki masada Azərbaycanın maraqları böyük ölçüdə təmin edilir. Lakin iki cəbhənin mövcudluğu Ermənistanın istəklərini irəli sürməsinə və prosesi mümkün qədər uzatmasına imkan yaradacaq faktordur. Proses mürəkkəb mərhələyə qədəm qoyur. Hadisələrin inkişafında sərhəddə, eləcə də Qarabağda kiçikçaplı eskalasiyaların da olması istisna deyil. Belə hallar həm də sülh sazişi prosesinin sürətlənməsinə əsaslar yarada bilər".