Azərbaycan - Avropa İttifaqı (Aİ ) münasibətləri yüksələn xətlə inkişaf edir.
Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq qurur.
Aİ ilə Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı sərfəli əməkdaşlıq mühiti formalaşıb.
Azərbaycan Aİ-nin 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb ( Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa). Bu, Aİ-yə üzv dövlətlərin 1/3-i deməkdir.
Aİ ölkəmizin ən böyük ticarət , o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu birliyə üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub.
Avropada təbii qaza tələbatın artdığı bir vaxtda və Rusiyanın Ukrayna gərginliyinə görə , Azərbaycan yanacağını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixracın artırılması imkanlarına baxılır.
Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirir. Bu il Azərbaycan bir çox Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd edir.
Tərəflərin münasibətini "Sherg.az"a dəyərləndirən politoloq Tural İsmayılovun fikirlərinə görə, Aİ - nin enerji təhlükəsizliyində ən önəmli yerlərdən birini Azərbaycan tutur:
"Aİ iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Rusiya qazından və neftindən aslılığı azaltmaq üçün yeni imkanlar axtarır. Dövlətimiz Aİ - yə üzv ölkələrlə neft, qaz sahəsində və iqtisadi strategiyada bir çox əməkdaşlıqlar həyata keçirib. Aİ ilə Azərbaycanın iqtisadi - siyasi münasibətlərinin dərinləşməsi ilə bağlı ortada gözəl örnəklər mövcuddur . Gələcəkdə bu faktorlardan yararlanacağıq.
Son dövrlər Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkə rəhbəri İlham Əliyevlə tez - tez danışıqlar aparması, eyni zamanda ABŞ departamentinin sözçüsü Entoni Blinkenin telefon zəngləri, Litva Prezidentinin ölkəmizə səfəri , verilən açıqlamalar regionda Azərbaycanın nə qədər önəmli və Qərb üçün kritik situasiya daşıdığını göstərir.
Gələcəkdə tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq genişlənə bilər. Rusiya və Ukraynadan ixracı çətinləşən bir sıra məhsulları, Aİ-dən gələn məhsullarla əvəzləmək olar.
Qarabağın yenidən qurulmasında Avropa şirkətlərinin iştirakı, turizm və sənaye sektorunda fəal iştirakçılığının təmini mümkündür".