İkinci Qarabağ müharibəsindən sonra dünya ölkələrinin Azərbaycana marağı və diqqəti artıb.
ABŞ lideri Cozef Bayden 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaması fikirlərimizin təsdiqi sayıla bilər.
Məktubda hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.
ABŞ prezidenti 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir. Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrini təqdir edir.
Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, humanitar yardımını yüksək qiymətləndirir.
Ümumiyyətlə, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır.
Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir.
ABŞ da öz növbəsində qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu diqqətə çatdırıb.
Amerika liderinin ünvanladığı məktuba əsasən, millət vəkili Asim Mollazadə “Sherg.az”a ABŞ- Azərbaycan münasibətlərindən danışıb:
"Amerika prezidenti C. Bayden Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünü, ölkəmizin inkişafı və bölgədə sabitliyin yaranması üçün dəstəyi əsirgəmədiyini vurğulayıb. Bu, Azərbaycanın dünyada nüfuzunun artdığının göstəricisidir. Amerika -Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Ölkəmizin bölgədə apardığı strateji, sistemli layihələr dünyanın diqqətini çəkir. Ölkəmizin istəyi sabitlik, sülh və əməkdaşlıqdır. Sözügedən əməkdaşlıqda Amerika, Avropa Birliyi ölkələri, dünya gücləri maraqlıdır. Azərbaycan siyasətini əməkdaşlıq əsasında qurur. ABŞ daxil bütün dövlətlər çalışmalıdır ki, bölgədə tezliklə sülh və sabitlik yaransın. Bu, Azərbaycanın maraqlarına uyğundur".