Dünən Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Müzakirələr zamanı müəyyən nəticələr əldə olunub.
Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Eyni zamanda Kommunikasiya ilə əlaqədar iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq var. Bundan başqa Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində anlaşma ortadadır. Həmçinin Azərbaycan və Ermənistan xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olunub.
Görüşün əhəmiyyəti və yekun sülhə verəcəyi töhfə barədə "Sherg.az"a danışan millət vəkili, AŞPA - da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qənaətincə, üçtərəfli müzakirələrin baş tutması həddindən artıq əhəmiyyətlidir:
"Görüşün keçirilməsi artıq bir uğurdur. Axırıncı toplantıdan sonra Brüssel səviyyəsində heç bir görüş barəsində söhbət aparmaq istəmirdilər. Təzədən ATƏT-in Minsk qrupunun qayıtmasına səy göstərirdilər. Bizi Moskvaya çağırırdılar, Brüsseldən söhbət açılmırdı. Ancaq yenidən Brüssel sammitində görüş təşkil olundu. Nəticə olaraq Azərbaycan milli maraqlarına uyğun bəyanatı konkret gündəmə gətirdi. Həmin sənədin içərisində yol xəritəsi əksini tapmışdı. Əvvəlki ümumi bəyanatlar kimi yox, konkret tarixlərlə görüşün müəyyənləşməsi ilə Avropanın fikrinin cəmləşdiyini, formalaşdığını deyə bilərik. Yəni Azərbaycanın təklif irəli sürdüyü reallıq gələcək sülh müqaviləsinin kökünü təşkil etməlidir.
Müzakirələri "Görüşdən sonra Ermənistan destruktiv mövqe sərgilədi" fikriylə təhlil etmək olmaz. Əgər erməni tərəfi destruktiv fikirlər səsləndirəcəksə, bütün dünyanın gözü qarşısında özünü biabr vəziyyətə salacaq".