Hər kəs korrupsiyanın oğurluq olduğunu dərk etməlidir


Əliməmməd Nuriyev: "İnandırım sizi ki, həbs olunan şəxslər ölkəmizdə vəzifə səlahiyyətlərini aşan və rüşvət alan, vətəndaşların haqqını yeyən insanların yüzdən biridir"

  Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə yol verən vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Azərbaycan Prezidentinin korrupsiya və rüşvət hallarına qarşı barışmaz mövqeyi son günlər bir neçə bölgədə həyata keçirilən xüsusi əməliyyat tədbirləri ilə bir daha özünü göstərmiş oldu. Bəzi rayonların icra başçıları, icra hakimiyyəti nümayəndələrinin həbsi, barələrində istintaq hərəkətlərinə başlanması deyilənlərə sübutdur.  Həyata keçirilən anti-korrupsiya tədbirləri ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir.
  Bu dəfə də Sabirabadda tikinti işlərinin aparılmasına icazə verilməsi məqsədi ilə rüşvət almış vəzifəli şəxslər həbs edilib.
  Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Müşviq Qasımovun  FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyev və digər şəxslərlə əlbir olaraq qanunsuz əməllər törətməsi məlum olub. 

  Sözügedən şəxslər  Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verib. Bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

  "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında vəzifəsindən  sui-istifadə edənlərə qarşı sərt tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyib:

 “Cənab Prezident istər hökumət nümayəndələri ilə keçirilən müşavirələrdə, istərsə də vətəndaşlarla görüşləri zamanı həmişə vurğulayır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə heç bir güzəşt olmayacaq və onlar qanunla cəzalanacaqlar. Həbslər, vəzifədən kənarlaşdırmalar bir daha onu göstərdi ki, ölkədə siyasi iradə var.

  Təəssüf ki,  korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində əldə olunan nəticələr, xüsusilə ölkənin müxtəlif bölgələrində neqativ hallarda və qanunazidd əməllərdə, o cümlədən özbaşınalıq və mənimsəmədə şübhəli bilinən yerli icra hakimiyyəti orqanları nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılması bir daha göstərdi ki, ölkə başçısının dəfələrlə məmurlara ünvanlanmış çağırışlarına əhəmiyyət verməyənlər var. Özünü xalqın xidmətçisi hesab etməyən məmurlar yaranmış imkandan hər vəchlə faydalanmağı, xalqın malını mənimsəməyi bütün ülvi prinsiplərdən və qanunçuluqdan üstün tuturlar. Bu şəxslər nəinki kiminsə haqqını mənimsəyir, onların bu kimi əməlləri həm də dövlətçiliyi təhdid altına alan ciddi təhlükədir”. 
  Ə.Nuriyevin sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Biz hər dəfə ayrı-ayrı yüksək və ya aşağı vəzifəli məmurların həbsini görürük. Lakin dünya təcrübəsi də göstərir ki, korrupsiyaya qarşı mübarizə sistemli və institutlaşmış formada aparıldıqda yüksək nəticələr əldə etmək mümkün olur.
  Sadəcə, inzibati tədbirlərlə kifayətlənmək olmaz. Ölkədə anti korrupsiya mədəniyyətini təkmilləşdirmək lazımdır. Nə qədər ki, insanlarımız korrupsiyanın oğurluq olduğunu dərk etməyiblər, biz bu kimi faktlarla çox qarşılaşacağıq. Yəni biz bu cür həbslərə ayrı-ayrı fərdlər yox, hadisələr və əməllər baxımından yanaşmalıyıq”. 
  Fond prezidenti hesab edir ki, bir çox məmurlar yerli icra hakimiyyətləri haqqında əsasnamədə müəyyənləşdirilən hüquq və vəzifələrinin öhdəsindən gələ bilmirlər, məsuliyyətlərini itiriblər:
“İnandırım sizi ki, həbs olunan şəxslər ölkəmizdə vəzifə səlahiyyətlərini aşan və rüşvət alan, vətəndaşların haqqını yeyən insanların yüzdən biridir. Son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin geniş vüsət aldığını vurğulayan Ə.Nuriyev bu məsələnin hökumətin əsas prioritetlərindən biri olduğunu deyib: “Korrupsiya cinayətində təkcə icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır. İcra nümayəndəsi korrupsiyaya görə həbs olunursa, deməli, nəzarət mexanizmi yaxşı həyata keçirilə bilmir. Ona görə ictimai şuraların yaradılması, ictimai iştirakçılığın bərpa edilməsi, qərar qəbul etmə prosesində vətəndaşların iştirakı çox vacib məsələdir. Bu həm qərarların keyfiyyətinin artmasına, həm də effektiv icra edilməsinə gətirib çıxara bilər. Bu gün bizim bir çox məmurlar hesab edir ki, qərarları yalnız özləri verməlidirlər, özləri nəticə çıxarıb həll etməlidirlər. Kabinetdə qəbul edilən qərarların ömrü kabinetdən çıxana qədərdir, ondan sonra bitir. Sovet dövründə ölkədə bir rüşvət-korrupsiya vərdişi formalaşmışdı. İndi ən vacib məsələ anti-korrupsiya vərdişlərinin yaradılmasıdır. Bu proseslərin gücləndirilməsinə, ictimaiyyətdə anti-korrupsiya dünyagörüşünün yaradılmasına ehtiyac var”.