Ankaranın Türk Tarix Muzeyi Parkında Rəsulzadənin heykəli ucaldıldı
Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılıb.
Bu barədə qərar Ankaranın Egimesgut Bələdiyyəsinin təşəbbüsü ilə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisində verilib.
Rəsulzadənin heykəli Ankaradakı türk dünyasının tarixi şəxsiyyətlərinin heykəllərinin qoyulduğu Türk Tarix Muzeyi Parkında ucaldılıb.
Qeyd edək ki, adıçəkilən parkda bir neçə ay əvvəl Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın da heykəli ucaldılıb.
Türkoloq-alim, fəlsəfə üzrə elmlər doktoru Faiq Ələkbərlinin fikrincə, Ankaranın Türk Tarix Muzeyində Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması çox gözəl və təqdirəlayiq təşəbbüsdür:
“Bu, qardaş ölkədə M.Ə.Rəsulzadəyə layiq olduğu dəyərin verilməsinin göstəricisidir. Cümhuriyyətimizin qurucusunun Türkiyə dövləti tərəfindən yüksək dəyərləndirilməsi iki qardaş ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasına zəmin yaradacaq bir hadisədir. Bir növ Türkiyədən Azərbaycana qardaşlıq ərməğanıdır.
Ümid edirəm ki, Rəsulzadənin heykəli yalnız Ankarada deyil, doğma Bakımızda da ucaldılacaq. Nəzərdə tutulan bir çox yerlər vardı ki, orada AXC qurucusunun abidəsinin qoyulması gözlənilirdi. Xüsusən də Bakı Dövlət Universitetinin qarşısında, Fəvvarələr meydanında. Amma hansısa səbəblərdən onun adının əbədiləşdirilməsi istiqamətində real addımlar atılmır. Əksinə, mövcud olan abidələrin də götürülməsinin şahidi olduq. Halbuki, Rəsulzadənin adı ən böyük yerə, ən böyük küçəyə verilməlidir. Rəsulzadə böyük dəyərimizdir. Ümid edirəm ki, Azərbaycanda da Rəsulzadə layiq olduğu dəyəri görəcək və şəhərin mərkəzində, ən gözəgəlimli yerində onun möhtəşəm abidəsi ucaldılacaq".
Məhəmməd Əmin Rəsulzadənin təkcə Azərbaycan yox, həmçinin türk və islam dünyası üçün önəmli tarixi şəxsiyyət olduğunu xatırladan F.Ələkbərli hesab edir ki, zamanla Azərbaycanın Quzeyində də, Güneyində də onun çoxsaylı abidələri ucaldılacaq.