"Görünən odur ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün daha təkmilləşdirilmiş mexanizmlərə ehtiyac var”
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində gənc nəslin sağlamlığı, fərdi inkişafı və sosial müdafiəsinin təşkili ön planda saxlanılmalıdır. Onlar erkən yaşlarından yetkinlik dövrünədək müstəqil şəxsiyyət kimi formalaşmalı, cəmiyyətdə öz fərdi yerini tapmağı bacarmalıdır. Elə insanlar var ki, 50 yaşa çatsalar da, şəxsiyyət kimi formalaşma səviyyələri bioloji yaşları ilə üst-üstə düşmür. Bu gedişat ailədaxili tərbiyədən və təhsilin keyfiyyət dərəcəsindən asılı olaraq formalaşır”.
Bu sözləri sosioloq Naib Niftəliyev Sherg.az-a 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz fikirlərini bölüşərkən bildirib.
Sosioloqun fikrincə, fərdin sağlam mühitdə böyüməsi üçün ailədaxili harmoniya ilə dövlətin sosial-hüquqi təminat mexanizmləri paralel şəkildə fəaliyyət göstərməlidir:
“Dünyanın bir sıra ölkələrində uşaqların müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bunlar arasında ən vacibi sosial təminatdır. Ailə planlaması proqramlarının icra edildiyi ölkələrdə çoxuşaqlı ailə modeli ictimai qınağla üzləşir. Bu yanaşmanın arxasında müəyyən obyektiv səbəblər dayansa da, insanları uşaq dünyaya gətirdiklərinə görə mühakimə etmək doğru deyil. Unutmayaq ki, sabahın memarları bu günün uşaqlarıdır. Uşaqlar dünya əhalisinin 12 faizini təşkil edir. Onların təxminən yarım milyardının xəstəlik, yoxsulluq və aclıq içində yaşaması, bəşəriyyətin böyük humanitar fəlakətlə üz-üzə qaldığını göstərir”.
N.Niftəliyev qeyd edib ki, hüquq-mühafizə strukturları, müharibələr, epidemiyalar və digər dağıdıcı proseslərin qurbanına çevrilən uşaqların hüquqlarının müdafiəsində yetərsiz qalıb:
“Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Uşaq hüquqları ilə bağlı qəbul edilən çoxsaylı qərarlara rəğmən, bu gün xalqı ən çox düşündürən məsələ uşaq pulunun verilməsi üzərində dayanıb. Məsələnin hər zaman gündəmdə qalması, uşaqların sosial vəiyyəti ilə bağlı köklü problemlərin olduğunu aşkara çıxarır. 2025-ci ilin statistik məlumatlarına görə, doğulan uşaqlarla abortların sayı bərabər olub. Görünən odur ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün daha təkmilləşdirilmiş mexanizmlərə ehtiyac var”. 
Sosioloq onu da bildirib ki, dayanıqlı gələcək üçün sosial dövlət modeli gücləndirilməli, uşaq müavinətləri isə artırılmalıdır:
“Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə və ardıcıl fəaliyyəti əsasında uşaqların qarşılaşdıqları sosial-demoqrafik böhranlar aradan qaldırılmalıdır. Uşaqların gələcəyini təhdid altına salan aktual problemlərdən biri də onların hüquq və maraqlarının müdafiədən kənarda qalmasıdır. Azərbaycanda bu istiqamətdə müxtəlif çağırışlar səslənsə də, heç bir rəsmi qurum və qeyri-hökumət təşkilatı davamlı addımlar atmaq istəmir. Əgər biz bu gün uşaqları sağlam böyüdə bilmiriksə, gələcəyimizi də eyni dərəcədə sosial, mənəvi və demoqrafik böhrana məhkum edirik".