“Bütün günahkar şəxslər ən ağır şəkildə cəzalanmalıdır”
Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib.
Proses zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması üzə çıxıb.
Həmçinin bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.
Maliyyə Nazirliyinin məlumata görə, aşkar edilmiş pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Qeyri Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni heç bir məmurun dövlət vəsaitini özününkiləşdirmək hüququnun olmadığını deyib:
“Səfirliklər və konsulluqlar dövlət vəsaitlərini yalnız təyinatı üzrə xərcləməlidir. Heç bir vəzifəli şəxsin bu vəsaiti mənimsəməyə haqqı yoxdur. Dövlətin ayırdığı maliyyəni özününkiləşdirmək böyük bir cinayətdir. Azərbaycanın Almaniyadakı səfirliyindəki həmin hadisələr daha dərindən araşdırılmalı və bütün günahkar şəxslər ən ağır şəkildə cəzalanmalıdır. Günahkarlara qarşı sərt cəza tədbirləri görüldüyü təqdirdə digər məmurlar dövlət əmlakını mənimsəməkdən çəkinəcəklər”.