Tural İsmayılov: “Ermənistan hakimiyyəti tək başına qərar verəcək vəziyyətdə, gücdə deyil”
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidi. Uzun müddətdir, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır. Bu dövlət sülh danışıqlarını, kommunikasiyaların açılmasını və regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və addımları sabotaj edir. Onlar 2020-ci il Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırmaq üçün ordunu bərpa etmək istiqamətində iş aparırdı.
Ermənistan Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələsi ilə paralel olaraq Qarabağa hərbçilər və silah göndərirdi. Orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.
Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır. Rəsmi İrəvan bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradırdı. Laçının təhvil verilməsi isə Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib. Rəsmi Bakı hər zaman həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib.
Vəziyyəti dəyərləndirən siyasi şərhçi Tural İsmayılov “Sherg.az”a bildirib ki, Azərbaycan provokasiyaları dayandırmaq üçün Ermənistana və beynəlxalq birliyə dəfələrlə müraciət edib. Analitikin sözlərinə rəsmi İrəvanın bu təxribatları dayandırmaq yerinə, daha da şiddətləndirməsi son hadisələrə gətirib çıxardı:
“Rəsmi Bakının hərbi, diplomatik və digər sahələrdə Ermənistan üzərində əzici üstünlük qurması onları ciddi şəkildə narahat edir. Sonuncu olaraq Laçın şəhərinin Zabux və Sus ərazisinin nəzarətinin bizə qaytarılması erməni revanşist qüvvələrinin gərginliyinə səbəb olub.
Həm müxalifətdə, həm də hakimiyyətdə olanlar qələbəmizi həzm etmirlər. Bunun üçün də belə məkrli oyunlara əl atırlar. Gedən proseslərdə xarici qüvvələrin “əli” olduğunu düşünürəm.
Çünki Ermənistan hakimiyyəti tək başına qərar verəcək vəziyyətdə deyil. Təxribatlarda erməni lobbisinin və onlara dəstək verən havadarlarının “əli” olduğunu proqnozlaşdırıram. Digər tərəfdən Zabux, Sus və Laçın itkisindən sonra erməni cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı çox ciddi etirazlar var.
O belə addımlar ataraq daxili auditoriyaya hesablanmış saxta piar qurmağa çalışırdı. Lakin Azərbaycan hər zaman olduğu kimi ermən təxribatının qarşısını alaraq “Dəmir yumruğunu” ona göstərdi”.