Əhməd Qəşəmoğlu:“İndiki halda mərsiyyə deyən iranpərəst qüvvələrə qarşı tədbir görmək təhlükəlidir və doğru deyil”
Elşad Miri:“İranın fitnəsinə uyaraq təbliğat aparanlar dərk etməlidir ki bu provokasiyalar məzhəb ayrı- seçkiliyi gündəmə gətirir”
“Şəhidlərimizin dəfni zamanı konkret modelə əməl olunmalıdı. Cənazədə iştirak edənlərə bizim şəhidləri dəfn etməyimizin öz üsulu var deməliyik. Belə olduqda provokasiyaların qarşısını alacağıq”
Bunu “Sherg.az”a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu şəhidlərimizin dəfn mərasimində iranpərəst qüvvələrin mərsiyyə deyərək təbliğat aparmasına münasibət bildirərkən deyib.
Sosioloq bildirib ki, indiki zamanda onlara qarşı tədbir görmək təhlükəlidir və doğru deyil:
“Biz o insanlara mehriban şəkildə yaxınlaşmalıyıq. Çünki onların hamısına İranın əlaltısı kimi baxmaq olmaz. Bu insanların arasında İmam Hüseyni həqiqətən sevənlər də var. Ümumilikdə isə bu proses indi baş verməyib. Biz gənclərimizi təsir altına düşməkdən qorumalıyıq. İslamın təbliğatı ilə sağlam şəkildə məşğul olmaq lazımdır.
Dinin müsbət tərəfindən istifadə etmək üçün, cəmiyyətdə işlər getməlidir. Hər şeyi başlı-başına buraxıb, sonra da bunlar hardan gəldi deyirik.Dediyim kimi bizim mərasimlərin forması olmalıdı və hər kəsdən dəfn qaydalarına əməl etməyi tələb etməliyik”.
Məsələyə fikir bildirən ilahiyyatçı- alim Elşad Miri isə yerindən duran hər kəs şəhid dəfnində çıxış etməməlidir deyib.
O qeyd edib ki,insanların duyğulu anından istifadə edərək başqa şüarları dilə gətirmək doğru deyil:
“İranın fitnəsinə uyaraq təbliğat aparanlar etdiklərinin fərqinə varmalıdırlar. Onlar dərk etməlidir ki bu provokasiyalar məzhəb ayrı- seçkiliyi gündəmə gətirir. İndiki zamanda bu lazımsız hərəkətdir”.