Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı baş tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, müzakirə zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərindən bəhs olunub. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.
Bu gün isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Baş Qərargah rəisi Kərim Vəliyevlə telefonla danışıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Müzakirələri dəyərləndirən millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, bu danışıqlar maraqlı tərəflərə vəziyyətin izah edilməsi və təxribatçı tərəfin Ermənistan olduğunu çatdırmaq məqsədi daşıyır:
“Eyni zamanda Rusiyadan vasitəçi dövlət kimi onları başa salmağını istəyirik. Azərbaycan tərəfi öz ərazisini müdafiə edir və dünyaya yalnız həqiqətləri çatdırır.
Danışıqların səbəbi sentyabrın 12 -dən etibarən Ermənistanın ölkəmizə qarşı törətdiyi geniş təxribatıdır. Rəsmi İrəvan haray-həşir qaldırıb ki, guya Azərbaycan hücum edib onun ərazilərini işğal edib.
Biz də bunun şər-böhtan olduğunu və rəsmi Bakının heç bir dövlətin ərazisindı gözü olmadığını proseslə maraqlanan qüvvələrə izah edirik.
Bütün dünyaya ataşkəsi pozanın erməni tərəfi olduğunu və Azərbaycanın yalnız cavab tədbiri gördüyünü çatdırırq”.