Pelosinin İrəvan səfəri! – “Rusiyanın Paşinyanı devirməsinə imkan verməyəcəyik mesajı...”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşüb. Spiker İrəvanda keçirdiyi mətbuat konfransında qeyd edib ki, ABŞ nümayəndələrinin Ermənistana səfərdə məqsədi hərbi planda hansı əməkdaşlığın mümkünlüyünü anlamaqdır.

 Pelosinin səfərinin Nikol Paşinyana dəstək üçün olduğunu deyən siyasi şərhçi Turab Rzayeb “Sherg.az”a  bildirib ki, bununla Qərb Rusiyanın Paşinyanı devirməsinə  və çevriliş etməsinə imkan verməyəcəyini açıq şəkildə bəyan etmiş oldu:

“Mən bu açıqlamaların birbaşa Azərbaycanla əlaqəli olduğunu düşünmürəm. Düzdür, arasında bizə aid olan məqamlar da var. Lakin Pelosinin səfərinin bizimli bağlı olmasından daha əhəmiyyətli məqamları var. Məlum səfərlə Qərb Paşinyanı qoruyacağını bildirdi. 

Bu ABŞ-ın Ermənistan baş nazirinə göstərdiyi diqqətin aşkar nümunəsidir. Məğlubiyyətə baxmayaraq Paşinyan hakimyyətini dəstəkləyən  xalqa da açıq şəkildə rəsmi Vaşinqtonun bu kursu dəstəklədiyi mesajı ötürülümüş oldu. Rusiyanın qaz puluna möhlət vermək və digər məsələlərlə bağlı verdiyi açıqlama onun bu prosesdən qıcıqlandığını göstərir.  Amerikalı spikerin gəlməsindəki digər məsələ isə Paşinyanın ətrafındakı qüvvələrin lobbiçilik fəaliyyətinə pullar xərcləməsidir. Ancaq istənilən halda Ermənistan baş naziri ilə erməni lobbisi arasında  ciddi münasibət fərqi var. Burada ABŞ erməni lobbisinə yox birbaşa Paşinyana dəstək verir. Digər tərəfdən Pelosinin bizə qarşı işlətdiyi  “Azərbaycan Ermənistana təcavüz edir. Buna görə də qətnamələr qəbul edilməlidir” kimi sözlər xoş deyil.

  Bu məsələdə biz mövqeyimizi açıq şəkildə  ifadə etməliyik. Azərbaycan Respublikasının maraqları aydın şəkildə müəyyənləşdirilməli və ABŞ -la münasibətlər bu prizmadan qurulmalıdır. Rəsmi Bakını Rusiyanın və ya Avrasiya İttifaqının bir hissəsi kimi göstərərək Amerikaya qarşı mövqeyləndirmək isə doğru seçim olmayacaq”.