"Əmininin ölümü xalq üçün bəhanə oldu"

Əhməd Obalı: "İnsanlar indiki rejimin getməsini istəyirlər, azadlıq istəyir, hüquqlarını tələb edirlər"

"Millət ölkənin gələcəyini yaxşı görmür. İqtisadi durum çökmüş vəziyyətdədir. Xalq ancaq quru çörək alıb yeyə bilir, bəziləri heç onu da tapmır"

"Bu miqyasda etirazını xarici qüvvələrə bağlamaq ədalətsizlikdir. Heç bir kənar güc ölkənin 80-dən çox şəhərində etirazlar başlada bilməz"

  İranda Məhsə Əmininin həbsi və daha sonra ölümündən sonra başlayan etirazlar davam edir. Bəzi beynəlxalq təşkilatlar aksiyalarda 31 adamın həyatını itirdiyini deyirlər. Ötən gün Kermanşah bölgəsində polislə qarşıdurmada da iki nəfər ölüb. Aksiyalarda əsasən qadınlar iştirak edirlər. Onlar etiraz olaraq yaylıqlarını çıxarır və saçlarını kəsirlər. İran İnqilab Keçikçiləri Qvardiyası açıqlama yayaraq iddia edib ki, prosesin arxasında həm ölkədə, həm də ölkə xaricindəki ünsürlər dayanır. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər. 

  Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı deyib ki, İranda baş verən son etirazlar əvvəlkilərdən bir neçə istiqamətdə fərqlənir. Hazırda ABŞ-da yaşayan soydaşımız vurğulayıb ki, gənc xanımın əxlaq polisinin zorakılığına məruz qalaraq ölməsi etirazlar üçün bəhanə olub: "Bu, fürsət oldu ki, xalq etirazlara başlasın. İndiki etiraz aksiyalarının digərlərindən əsas fərqi genişmiqyaslı və uzunmüddətli olmasıdır. Ötən illərdə "yaşılların" bir hərəkatı olmuşdu. O zaman da böyük kütlə etiraza qalxmışdı, amma çox məhdud bölgədə baş vermişdi. Həm də həmin etirazlar hökumət arasında islahatçılar mühafizəkarlar arasında mübarizənin nəticəsi idi. 

Ona görə də xalqın əhəmiyyətli hissəsi aksiyalara qoşulmurdu, millət bunu öz məsələsi kimi görmürdü. Ancaq indiki etirazları xalq öz məsələsi sayır. Yəni gənc xanımın öldürülməsi bəhanədir. Artıq aksiyalarda səsləndirilən şüarlar tamam başqadır. Şüarlar rejimin əleyhinədir, insanlar indiki rejimin getməsini istəyirlər, azadlıq istəyir, hüquqlarını tələb edirlər. Azərbaycanlılar əsasən "Azadlıq, ədalət, milli hökumət" şüarını səsləndirirlər. Həmçinin, "Azərbaycan milləti, çəkə bilməz bu zilləti", "Azərbaycan oyaqdı, qadınlara dayaqdı". Bu tipli milli şüarlar səsləndirilir. Ərəblər və kürdlər də öz hüquqlarını tələb edirlər. Eyni zamanda farslarla birlikdə İranda ümumi bir şüar səsləndirilir və tələb olunur ki, rejim getsin. Hətta açıq-aydın "Xameneiyə ölüm" şüarları da dilə gətirilir". 

  Ə.Obalı bildirib ki, İranın fars bölgələrindən tutmuş şimalda Rəştə qədər, o cümlədən Məşhəddə, Qumda, Bəlucustanda yaşayan xalqlar etiraza qalxıblar: 

"Giləklər, ərəblər, kürdlər, 30 milyondan çox azərbaycanlılar etiraz edirlər. İndiyə kimi belə genişmiqyaslı aksiyalar olmayıb, əvvəlki etirazlar ən çox iki gün davam edib. Budəfəki aksiyalar 6-cı gündür ki, davam edir. Sosial şəbəkələrdə də ciddi aktivlik var. Dünyanın diqqəti, nəzəri İranın üzərindədir. Proseslərin necə olacağı, nə ilə nəticələnəcəyi qarşıdan gələn üç-dörd gün ərzində bəlli olacaq. Ya rejim dağılmalıdır, yaxud da hökumət bütün imkanlarını səfərbər edərək silah gücündən istifadə etməklə milləti qıra, hərəkatı yatıra bilər. Lakin silah gücünə etirazı zorla basdırmaq rejimin öz sonunu da gətirər. Xameneyinin yaşı 80-i keçib, prostat vəzi xərçəngindən əziyyət çəkir. Ölüm ayağındadır və hər an ölə bilər. Onun yerinə kim keçəcək, gərgin rəqabətdən kim qalib çıxacaq, bunlar bilinmir. Üstəlik, rejimin daxilində islahatçılarla mühafizəkarlar arasında da mübarizənin başladığı deyilir.   Mühafizəkarların öz aralarında ixtilaflar var. SEPAH-la normal ordunun arasında, SEPAH-ın öz içində gərginlik var. Bütün bunları nəzərə alsaq, rejimin dağıla biləcəyini söyləyə bilərik. Amma rejim milləti qana çəksə, ömrü o qədər də uzun olmayacaq".

  Həmsöhbətimiz budəfəki etirazların baş verdiyi zamana da diqqət çəkib: 

"İranda işsizlik son dönəmlər çoxalıb. Əvvəllər rejim bundan öz xeyrinə istifadə edirdi, indi isə işsizlik hökumətin ziyanınadır. Çünki etiraza çıxanların böyük qismi "işimdən olaram" qorxusu yaşamayan işsiz şəxslərdir. Millət ölkənin gələcəyini yaxşı görmür. İqtisadi durum çökmüş vəziyyətdədir. Xalq ancaq quru çörək alıb yeyə bilir, bəziləri heç onu da tapmır. Hətta Qərblə nüvə anlaşması imzalansa, sanksiyalar ləğv olunsa, embarqo aradan qalxsa belə yenə də İranın iqtisadi problemləri həllini tapmayacaq. Xarici şirkətlər, investorlar risk alaraq İrana sərmayə qoymayacaqlar. Çünki bu hal bir neçə dəfə təkrarlanıb və hər dəfə ziyan görüblər. Üstəlik, Ukrayna ilə müharibədən sonra Rusiyaya qarşı tətbiq edilmiş ağır sanksiyalar da İrana təsirsiz ötüşməyib. İran qanunsuz yollarla neft satdığı müştərilərinin çoxunu itirib, Rusiya əlindən alıb. İki ölkə arasında ixtilaflar da çoxalmaqdadır. Ermənistan məsələsində, o cümlədən Suriyada Rusiya ilə İranın yanaşması fərqlidir. İran ən yaxın müttəfiqi Rusiyanı da itirir, siyasi və iqtisadi cəhətdən təklənib. Məmləkətin öz içində dövlət millətdən ayrılıb. Yəni bu rejimin getməsi üçün şərait hərtərəfli hazırdır. O baxımdan biz də hər hadisəyə hazır olmalıyıq. Güney Azərbaycanda şüarlar milli xarakterlidir, istəyimiz milli dövlətçilikdir.

 Bunun tam müstəqillik, yoxsa ən yüksək səviyyədə federal sistem olacağını indidən demək çətindir. Təbii ki, bizim istəyimiz Güney Azərbaycanın müstəqil dövlət olmasıdır. Bunu gedişat təyin edəcək". 

  Ekspert əlavə edib ki, rejim artıq milli fəalların "ovuna" çıxıb: "Gecələr evlərə basqın edirlər, fəalları tuturlar. Amma bu da faydasızdır. Çünki piketlərdə polisin qarşısında duran, polisin zorakarlığına daşla cavab verən insanlar əsasən gənclərdən ibarətdir. Gənclər iş və azadlıq istəyirlər. Təbrizdə aksiyaları başladanlar gənc xanımlar olub. Bunlar fəallar deyil, millətdir. Vəziyyət çox gərgindir. İndiyə kimi 12 nəfərin rejim tərəfindən öldürüldüyü deyilir. Rejim gözləyir ki, bəlkə etirazçılar qorxar, evlərinə qayıdar". 

  Ə.Obalının fikrincə, İrandakı etirazların xarici qüvvələrlə, hakimiyyət daxili qruplarla heç bir əlaqəsi yoxdur:

 "Xalqın hakimiyyətə qarşı etirazı hamıya bəllidir. Bu miqyasda etirazını xarici qüvvələrə bağlamaq ədalətsizlikdir. Heç bir kənar güc ölkənin 80-dən çox şəhərində etirazlar başlada bilməz. İstənilən aksiyalarda belə iddialar gündəmə gətirilir. Reallıq odur ki, rejimin ömrü azalır və atdığı addımlarla öz ömrünü daha da qısaldır".