Nazirliyin “Keçəl Həsən, Həsən keçəl oyunu”...

Nabatəli Qulamoğlu: “Yeni yaradılan “Məktəb-Ailə İcma Birliyi”ndə  şəffaflıq olacaqsa, buyursunlar, yaratsınlar”

“Bu yoxdursa, ianələr də korrupsiya və rüşvətə xidmət edəcək, valideynlər də yenə narazı qalacaq” 

  Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən valideynlərin məktəblərə könüllü ianə verməsi layihəsinin pilot şəkildə tətbiqinin planlaşdırıldığını bir müddət öncə “müjdələmişdi”. Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə qeyd edib ki, valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə "Məktəb-Ailə icma birliyi" adlanır. "Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub.

Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyinin təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun". 
  Nəhayət, “xoruzun quyruğu göründü” , “Keçəl Həsən, Həsən keçəl”, yazsaq, yenə bizdən inciyəcəklər ki, həmən tənqid edirsiniz, bir gözləyin, səbir edin, görün  nəticəsi necə olur, sonra tənqid edərsiniz, dünya praktikasında da icma forması var... Düzdür, dünya praktikası zəngindir. Azərbaycan təhsilinə kurikulum gətiriləndə də, çoxları onu alqışladı, təhsilimizin yüksək inkişaf mərhələsinə qədəm qoyur, deyib təriflər yağdırdılar. Nə oldu? Uşaqların da başı şişdi, müəllimlərin də. İndi etiraf edirlər ki, kurikulum bir bəla imiş, nə qədər çalışıb-çabalasalar da kələfin ucunu tapıb quyunun dibindən çıxa bilmirlər. Valideyn-Müəllim Assosiasiyaları da dünya praktikasından götürülmüşdü.  

Qeyd edirdilər ki, VMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır, ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir, assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir, VMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir... Bəs niyə ondan imtina edirlər? Özünü niyə doğrultmadı? Adı dəyişib “Məktəb-Ailə İcma Birliyi” qoymaqla nə dəyişəcək? 

  Bunu da qeyd etməliyik ki, müəllim-valideyn assosiasiyalarının ləğvi barədə hələ ötən il Bakı Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva xəbər vermişdi. Yəni yeni tip “birləşmənin” işartıları çoxdan görünürdü. Görünən həm də budur ki, ölkənin orta ümumtəhsil məktəbləri “ianəsiz” keçinə bilmir. 

Hər hansı formada olursa-olsun, pul yığımı, pul ödənməsi, pul peşkəş edilməsi olmalıdır mütləq. Əgər bu pul toplamaq qaydası özəl məktəblərə aid olsaydı, yenə də anlamaq mümkün idi. Amma pul yığımı dövlət orta məktəblərində də gen-bol tətbiq edilir. Axı dövlətimiz təhsilə vəsait ayırır. Az və ya çox, yetərli və ya yetərsiz. İctimaiyyət bu vəsaitin hara, necə xərcləndiyini bilmir. Təsəvvür edilir, lakin faktlar açıq şəkildə ortaya qoyulmadığından  xərcləri özlərinə sərf edən formada aktlaşdırır məktəb rəhbərliyi və onların rəhbərləri.  Baxın, 2022-ci ilin dövlət büdcəsində təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. 

Həmin xərclərin 2 milyard 90 milyon 153 min  867 manatı ümumi təhsil üçündür. Bura şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi, texniki vəsaitlərin alınması, təhsil sisteminin informasiyalaşdırılması və sair üçün nəzərdə tutulur. O cümlədən də 1 milyard manat köhnə məktəblərin yenidən tikilməsi üçün ayrılıb. Amma bütün tədris ili boyunca məktəb rəhbərləri təmir xərcləri, dərsdənkənar tədbirlər üçün pul yığılmasını tələb edir. Bəs dövlət vəsaiti hara xərclənir?! 
  Xatırladaq ki, VMA-ların dəyişdirilməsi söhbəti gedən günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da tədris müəssisələrinə valideynlərin ianələr etməsi praktikasının mövcud olduğunu demişdi: “Dünyada bu praktika var. İcma əsaslı məktəblər var ki, valideynlər ora ödəniş edir. Məsələn, bir neçə şagirdin təhsil xərclərinin ödənməsinə, məktəbə lazım olan hansısa avadanlığın alınmasına və sair bu kimi məsələlərin həllinə yardım edirlər. Hesab edirəm ki, valideynlərin məktəbə yardım etməsinə mənfi tərəfdən baxmaq lazım deyil. Tutalım, sinifdə şagirdlərin dərsləri daha yaxşı dinləməsi üçün nəsə bir avadanlıq lazımdırsa və onun alınmasına valideynlər öz istəkləri ilə yardım edirlərsə, burada mənfi hal yoxdur.  Əsas odur ki, bu yardımlar, ianələr rüşvət kateqoriyasına keçməsin. Valideynlərin maddi yardımlarını şagirdlərin tədris prosesini yüngülləşdirəcək, onların daha keyfiyyətli təhsil almasına kömək edəcək istiqamətə yönləndirməliyik. Valideynlərin yardımlarına rüşvət kimi deyil, təhsilə edilən dəstək kimi yanaşmalıyıq. Bu halda təhsildə keyfiyyətin yüksəlməsinə nail olacağıq”. 

  Elə məsələ də şəffaflıqda, valideynləri ianə verməyə məcbur etməməkdədir. Bu mümkün olacaqmı və bunun hansı mexanizmi olacaq. Kim düşünə bilər ki, məktəblərdə ianələrin xərclənməsində şəffaflıq təmin ediləcək, yaxud könüllü ianə toplanacaq? Dünənədək məktəblərdə Müəllim Günü, 8 Mart, hansısa başqa əlamətdar günlərdə (sinif müəlliminin və ya direktorun ad günlərində) şagird və valideynlərin “könüllü” pul topladığı, hədiyyə aldığı deyilirdi. Hədiyyə də nə hədiyyə! Qızıl üzük, bilərzik, boyunbağı!.. İcmalar yaranarkən vəziyyətin fərqli olacağına inanmaq həddindən artıq sadəlövhlükdür. 
  
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, icma əsaslı məktəblər praktikası, bəli, mövcuddur. Lakin əsas məsələ məhz şəffaflıqdır: 

- Təhsilə bu şəkildə yardımlar edilməsi praktikası, bəli, var. Məsələn, Avropa ölkələrində, Skandinaviya ölkəsi Finlandiyada. Lakin orada bu işlər çox şəffaf bir şəkildə aparılır. Məktəbə nə qədər ianə edildiyini və bu vəsaitin hara, hansı məqsədlə xərcləndiyini bütün valideynlər, şagirdlər, məktəb kollektivi bilir. Məktəblər dəqiq izahat, maliyyə sənədləri təqdim edirlər. Azərbaycanda yeni yaradılan “Məktəb-Ailə İcma Birliyi”ndə də bu cür şəffaflıq olacaqsa, buyursunlar, yaratsınlar. Şəffaflıq üçün ilk növbədə güclü vətəndaş cəmiyyətinin formalaşması və ictimai nəzarət lazımdır. Bunlar yoxdursa, ianələr də korrupsiya və rüşvətə xidmət edəcək, valideynlər də yenə narazı qalacaq.