Bu gün Tərtər rayonunun Suqovuşan Talış kəndləri Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin azad edilməsindən iki il ötür. 3 oktyabr 2020-ci il Azərbaycan silahlı qüvvələrinin 44 günlük müharibədə göstərdiyi rəşadət nəticəsində düşmən tapdağında olan bu ərazilər azad edilərək öz hüriyyətinə qovuşdu. Sözügüdən ərazilər həm strateji, həm də iqtisadi baxımdan bizim üçün önəmli idi.
Bu kəndlərin geri qaytarılması ilə ordumuz əlverişli mövqe və düşmən üzərində üstünlük əldə etdi.
Bu günün əhəmiyyətini “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib ki, həmin ərazilərin azad edilməsi ordumuzun 44 günlük savaşında dönüş nöqtəsi yaratdı:
“Talış kəndi və Suqovuşan yaşayış məntəqəsi, Ermənistan ordusunun həmin istiqamətdəki qüvvələrinin, əsas dayaq məntəqəsi idi. Bu ərazilər Ağdərə və Sərsəng su anbarına çıxış üçün də vacib hesab edilirdi. Döyüşlərin başladığı ilk günlərdə Murovun azad edilməsi, ardınca Talış və Suqovuşan istiqamətində çıxışın yaradılması, ordumuzun Tonaşen və Ağdərəyə keçidini formalaşdırdı. Çünki şimal cəbhəsindəki qüvvələrimizin əsas problemi yüksəkliklərlə bağlı idi. Yəni Azərbaycan silahlı qüvvələri uzun illərdir ki, aşağı mövqelərdəki bölmələrimizin müdafiəsinin təşkili zamanı müəyyən problemlərlə üzləşirdi. Həmçinin azərbaycanlıların kompakt yaşadığı Qaşaltı, Tapqaraqoyunlu və Naftalan yaşayış zonaları, Talış və Suqovuşanda yerləşən erməni silahlıları tərəfindən atəşə məruz qalırdılar. Talışın azad edilməsi ordumuzun faktiki gedişi oldu. Bundan sonra isə Suqovuşana çıxış əldə edildi. Suqovuşanın geri qaytarılması isə strateji və iqtisadi əhəmiyyət daşıyır. Çün ki bu ərazidəki su anbarı Tərtər rayonundakı əkin sahələri üçün önəm kəsb edir”.
Ekspert qeyd edib ki, Cəbrayıl və Füzuli rayonlarındakı kəndlərin azad edilməsi isə ordumuzun Arazboyu istiqamətindəki mövqelərini gücləndirdi:
“Сənub istiqamətindəki savaşda üstünlüyün əldə edilməsi vacib idi.Bunun üçünsə Füzuli və Cəbrayıldakı bəzi kəndlər nəzarətə götürülməli idi. Bu kəndlərin geri qaytarılması ilə artıq düşmən müdafiə və əks-hücüm xəttini genişləndirməyə məcbur oldu. Ermənistan ordusu əvvəl bir neçə istiqamətdə döyüşürdü. Lakin sözügedən kəndlərin alınmasından sonra cəbhənin məsafəsi böyüdü. Bununla da Azərbaycan ordusu üstün duruma keçid edə bildi”.