“Səudiyyə Ərəbistanı beynəlxalq hüquq normalarına riayət edən bir dövlət olaraq, hər zaman Ermənistanın işğalçılıq siyasətinə qarşı obyektiv mövqe ortaya qoyub”
“Onlar bu günə qədər rəsmi İrəvan ilə münasibət qurmayan 3 ölkədən biridir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib. Qəbul zamanı Azərbaycan Səudiyyə Ərəbistanı arasındakı münasibətlər və regiondskı vəziyyət müzakirə edilib.
Qonağı salamlayan Prezident İlham Əliyev vurğulayıb:
“Sizi görməyə şadam, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz məhsuldar olacaq”.
Nazir Feysal bin Fərhan Al Səud deyib:
“Çox sağ olun, Zati-aliləri, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm. Azərbaycanda səfərdə olmaq böyük şərəfdir.İcazə verin, Kral Əlahəzrətin və Vəliəhdin Sizə və Azərbaycan xalqına səmimi salamlarını çatdırım”.
Prezident İlham Əliyev:
“Sağ olun. Xahiş edirəm, mənim də salamlarımı Kral Əlahəzrətə və Vəliəhdə çatdırasınız. Mənim qardaş ölkənizə səfərim, Kral Əlahəzrəti və Vəliəhdlə müzakirələr aparmağımla bağlı çox yaxşı xatirələrim var. Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq.
Nazir Feysal bin Fərhan Al Səud:
“Təşəkkür edirəm, Zati-aliləri. Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir. Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq”.
Görüşün əhəmiyyətini “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Nəsirov bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hər iki ölkənin münasibətləri sürətlə inkişaf etməkdədir:
“Səudiyyə Ərəbistanı beynəlxalq hüquq normalarına riayət edən bir dövlət olaraq, hər zaman Ermənistanın işğalçılıq siyasətinə qarşı obyektiv mövqe ortaya qoyub. Onlar bu günə qədər rəsmi İrəvan ilə münasibət qurmayan 3 ölkədən biridir. Prezident dəfələrlə islam dövlətlərinə müraciət edərək ermənilərin dini abidələrimizi və məscidləri dağıtdığını qeyd edib.
Ölkə başçısı bildirib ki, məscidlərdə donuz saxlanılması təkcə bizə yox, ümumi islam dininə qarşı olunan hörmətsizlikdir. Bu müraciəti dəyərləndirən və erməni xislətinə qarşı yanımızda olan Səudiyyə Ərəbistanı, nümunəvi dövlətlər sırasındadır.
Görüşdə postmüharibə dövrü ilə yanaşı iqtisadi, mədəni, hümanitar və digər sferalarda,əməkdaşlığın inkişa etdirilməsi diqqət mərkəzində saxlanılıb. Eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovla da görüşən ərəb nazir, iki dövlətin əlaqələrinin perspektivləri fonunda da müzakirələr aparıb.
Bu səfər bir daha sübut etdi ki, rəsmi Bakı Ər-Riyad münasibətləri dinamik inkişaf tempinə malikdir və geniş perspektivləri vardır”.