“Cinayəti törədənlər hüquqi sferada cəzalandırılmalıdırlar”
“Bunun üçün də daha geniş araşdırmalar aparmaq lazımdır”
Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlıq aşkar edilib.
Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplər pozulub. O cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə tapdanıb. 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb. Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Bunun ermənilərin indiyə qədər törətdiyi cinayətlərin yalnız bir hissəsi olduğunu deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, ermənilər minlərlə Azərbaycanlını qətlə yetirərək gizlicə dəfn ediblər:
"Bu şəxslərin əksəriyyətindən hələ də məlumat yoxdur. Bu cinayətlər mütləq beynalxalq arenaya daşınmalıdır. Cinayəti törədənlər hüquqi sferada cəzalandırılmalıdırlar.
Bunun üçün də daha geniş araşdırmalar aparmaq lazımdır. Çünki onların bu əməlləri mülki əhaliyə qarşı tədbiq edilir. Biz daha dərindən araşdırsaq, yüzlərlə belə məzarlığın şahidi olacağıq".