Ermənistan tərəfi Azərbaycan Ordusunun oktyabrın 5-də minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə saxta məlumat yayıb. Müdafiə Nazirliyi bunu təkzib edərək, məlumatın qarşı tərəfin növbəti dezinformasiyası olduğunu vurğulayıb.
Nazirliyin məlumatında qeyd olunur:
-Dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən, Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.Ordumuzun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görüb. Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, bu təxribatlar artıq ənənə halını alıb.
“Sülh müqaviləsi və ya sərhədlərin delimitasiyası ilə bağlı irəliyə bir addım atılan kimi, belə halların sayı da çoxalır. Çünki bu təxribatlar Ermənistan hərbi rəhbərliyinin “xeyir-duası” ilə törədilir.
Onlar istəyirlər ki, sülh müqaviləsinin imzalanması üçün yaranan real şərait aradan qalxsın. Hesab edirəm ki, Müdafiə Nazirliyi bu pozuculuq işlərinə adekvat cavab verməyə davam etməli, siyasətçilər və diplomatlar isə danışıqları dayandırmamalıdırlar. Yəni prosesləri biri-birindən ayırmağa çalışmalıyıq. Görünür, sentyabr hadisələrinin və ondan əvvəlki təxribatların nəticələri Ermənistan Baş Qərargahı üçün dərs olmayıb. Əgər bu belədirsə, biz əvvəlki kimi hücum edilən düşmən mövqelərini darmadağın etməli və Azərbaycan əsgərini orada yerləşdirməliyik. Bu, yəqin, daha təsirlidir və alternativi olmayan çıxış yoludur”.