ABŞ-da ilk dəfə Azərbaycan multikulturalizm fənni tədris olunacaq

Ölkəmizə maraq oyatmaq, tanıtmaq baxımından bu, uğurlu layihədir

Rafiq İsmayılov: "Biz Azərbaycan multikulturalizmini mütləq dünyada təbliğ etməliyik. Çünki həqiqətən də multikultural dəyərlər xalqımızın ən böyük sərvətlərindən biridir"

  İlk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcək. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib. Salt Lake City şəhərinin meri, xanım Erin Mendenhall və Yuta Ştatının Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında geniş məlumat verib.

Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı bilgi verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib. ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R.Həsənov Brinqam Younq Universitetinin Hüquq və Din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial Elmlər Fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşu baş tutub. Görüşdə 2023-cü ilin qış semestrindən etibarən, Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənninin tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcək. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır. Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilib.
  Fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında belə bir layihənin Azərbaycanın tanıdılmasında böyük əhəmiyyət kəsb edəcəyini bildirdi: 
- Azərbaycana maraq oyatmaq, tanıtmaq baxımından bu, uğurlu layihədir. Biz Azərbaycan multikulturalizmini mütləq dünyada təbliğ etməliyik. Çünki həqiqətən də multikultural dəyərlər xalqımızın ən böyük sərvətlərindən biridir. Dünyada bir neçə xalqın, etnik qrupların mehriban şəraitdə, bütöv bir xalq kimi yaşadığı Azərbaycan kimi ölkələr az tapılar. Biz Ermənistanın hələ də davam edən təcavüzkar, sülhə mane olan, avantürist siyasi gedişləri qarşılığında multikultural dəyərlərdən çıxış edərək ölkəmizin dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni haqlarını tanıdığını əyani sübut edə bilərik. Çünki həqiqətən də bu dəyərlərə malikik. Bir halda ki, ABŞ universitetlərindən birində Azərbaycan dili və multikulturalizmi tədris olunacaq, buna yalnız sevinmək olar. Amerika tələbələri, ümumiyyətlə, dünyanın hər yerində tələbələr hər şeylə maraqlanır. Yeniliklərə, yeni biliklər əldə etməyə, yeni fənlərə açıq olurlar. Azərbaycan dili və Azərbaycanın malik olduğu dəyərlər də Amerika tələbələri üçün maraqlı olacaq və onlar bunları öyrənməyə meyilli olacaqlar. Bu da ölkəmizin tanıdılması baxımından yaxşı fürsət olacaq. Bilirsiz, çox zaman bizə elə gəlir ki, ölkəmizi dünyada tanıda bilmişik, amma bəzən bunun yanlış təsəvvür olduğu ortaya çıxır. Azərbaycandan kənara çıxanda görürük ki, yox, bizi o qədər də yaxşı tanımırlar. Ona görə də hər fürsətdə ölkəmizi tanıtmağa, özümüzü təsdiq etməyə çalışmalıyıq. Məncə, bu layihə uğurludur. Amma yaxşı olar ki, müvəqqəti xarakter daşımasın, universitetin tədris proqramına salınsın. Belədə Amerika tələbələri üçün Azərbaycanı və onun dəyərlərini daha yaxından tanımaq, ölkəmizə daha yaxşı bələd olmaq imkanı yaranacaq.