Praqa görüşü! – “Növbəti ildə sülh müqaviləsinin nüsxəsi hazır olacaq”

“Əsas məsələ isə sülhə qarşı olan İrəvandakı müxalif qüvvələrdir”

“Qarabağda qalan separatçıların qalıqları da bu müqaviləyə və keçirilən görüşlərə qarşı çıxış edirlər”

“Rusiya isə Aİ-nin bölgədə nəzarəti ələ götürməsinə və sülhyaratma missiyasına icazə verməməyə çalışacaq”


“Bu ilin sonu növbəti ilin əvvəlində  ilkin versiyada sülh müqaviləsinin nüsxəsi hazır olacaq. Bütün proseslər bu istiqammətdə irəliləyir. Əsas məsələ isə sülhə qarşı olan İrəvandakı müxalif qüvvələrdir. Onlar Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanımasını və Qarabağdan imtina etməsini sakit qarşılamayacaqlar. Digər tərəfdən də Qarabağda qalan separatçıların qalıqları da bu müqaviləyə və keçirilən görüşlərə qarşı çıxış edirlər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Danışıq zamanı, Praqada 6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri bölgədəki vəziyyət müzakirə edilib. 

Avropa İttifaqının ali nümayəndəsi Borel Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib. Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib. Nazir Ceyhun Bayramov isə öz növbəsində Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb. Bununla yanaşı, Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğulayıb.

 Telefon danışığını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, Praqa görüşündən sonra regionda Ermənistan-Azərbaycan arasında sülh prosesinin formalaşdırılması mümkün ola bilər:

“Avropa İttifaqının moderator olduğu bütün görüşlərdə delimitasiya, sülh komissiyalarının yaradılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən nəticələr əldə olunub. Praqa görüşü də Aİ-nin dəstəyi ilə olduğu üçün  müsbət nəticə əldə edilə bilər. İlkin olaraq ölkələrin biri-birinin sərhədlərini tanıması, buna gözəl bir nümunədir. Lakin tərəflər arasında müəyyən ziddiyətlərin olması da qaçılmazdır. 

Fransa və Türkiyənin birbaşa müdaxiləsi isə bu maraq toqquşmasını aradan qaldırmaq üçündür. Artıq Qafqazda formalaşmış Ermənistan-Azərbaycan, Türkiyə-Rusiya 4-lü masasasına yeni alternativ formalaşır. Bu Türkiyə-Azərbaycan, Ermənistan-Fransa dördlüsüdür.

Burada da sülhə yardımçı olacaq görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu ilin sonu növbəti ilin əvvəlində  ilkin versiyada sülh müqaviləsinin nüsxəsi hazır olacaq. Bütün proseslər bu istiqammətdə irəliləyir. Əsas məsələ isə sülhə qarşı olan İrəvandakı müxalif qüvvələrdir. 

Onlar Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanımasını və Qarabağdan imtina etməsini sakit qarşılamayacaqlar. Digər tərəfdən də Qarabağda qalan separatçıların qalıqları da bu müqaviləyə və keçirilən görüşlərə qarşı çıxış edirlər. 

Rusiya isə Aİ-nin bölgədə nəzarəti ələ götürməsinə və sülhyaratma missiyasına icazə verməməyə çalışacaq.Bütün bunlar da sülh prosesinə mane ola biləcək əsas tərəflərdir”.